Satirik şair Mirzə Əli Hacı Ağa oğlu Möcüz 1873-cü il martın 29-da Güney Azərbaycanın Şəbüstər qəsəbəsində tacir ailəsində doğulmuşdur. Şeirlərində soydaşlarının cəhalətdən qurtulmasını və mədəni həyata çıxmasını təbliğ edib. Şəbüstərdə mövhumatçı ünsürlərin müqavimətini qıraraq 1932-ci ildə ilk dəfə qız məktəbi açan, qadın azadlığını müdafiə və təbliğ edən Mirzə Əli Möcüz olub. “Molla Nəsrəddin”dən və Mirzə Ələkbər Sabirin yaradıcılığından ilhamlanaraq dəyərli şeirlər yazıb.
Möcüz Cənubi Azərbaycanda Sabir ədəbi üslubunu davam etdirən, ana dilində yazan demokratik ruhlu, qüvvətli bir xalq şairi olub. 1934-cü ildə ağır xəstəlikdən vəfat edib.
***
“Şərqi-rus” 1903-cü il martın 30-dan başlayaraq, Tiflisdə Azərbaycan dilində, həftədə üç dəfə çıxmış ictmai-siyasi, iqtisadi, elmi, ədəbi qəzet olub. Təsisçisinin Məhəmməd ağa Şahtaxtinski, redaktorunun Cəlil Məmmədquluzadə olduğu bu dövri nəşrin səhifələrində Ömər Faiq Nemanzadə, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Məmməd Səid Ordubadi, Rəşid bəy Əfəndiyevin maariflənditrici ruhlu yazıları yer alıb. Qəzet iki il fəaliyyət göstərib, son yarım ilində gündəlik həşr edilib.
“Şərqi-rus”un ilk saylarında dərc olunan məqalələri Ömər Faiq “camaatın məlumatını artırmağa, fikirlərini işıqlandırmağa xidmət edən” publisist nümunələr adlandırıb.
***
Qərb incəsənət tarixinin ən görkəmli simalarından sayılan dünya şöhrətli Niderland postimpressionist rəssam Van Qoq 1853-cü il martın 30-da dünyaya gəlib.
Van Qoqun 10 il ərzində yaratdığı, təxminən, 2 min 100 əsərlik qalereyasına peyzaj, natürmort, portret və avtoportretlər daxildir. O, 860 yağlı boya rəsminin əksəriyyətini ömrünün son iki ilində çəkib. Aydın rəng çalarları ilə səciyyələnən bu əsərlər müasir incəsənətin təməl daşları hesab olunur. İztirablar içində yaşayan böyük rəssam 1890-cı ildə 37 yaşında vəfat edib.
Hazırladı: Əli NƏCƏFXANLI, “Xalq qəzeti”