Bir neçə gün əvvəl paytaxtın Heydər Əliyev Mərkəzindəki bayram tədbirində milli operamıza həsr olunan sərgi Şərqdə ilk dəfə səhnəyə çıxmış qadın ifaçılar haqqında ətraflı məlumatları ilə yadda qaldı. Ekspozisiyada ön yeri o, tuturdu: Fatma Muxtarova. Ünlü sənətkarın çeşidli rollardakı kostyumlarının sərgidə nümayiş etdirilməsi də maraqla qarşılandı.
Bu il 115 yaşı qeyd edilən Azərbaycan peşəkar operasının ilk qadın təmsilçisi Fatma Muxtarovanın gözəl və güclü səsi (mezzo-soprano) olub. 1893-cü il martın 26-da Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuş Fatmanın ailəsi az sonra Rusiyaya köçüb. Operamız Bakıda ilk addımlarını atan zaman o, Saratov şəhərinin küçələrində şarmanka və qarmonla mahnılar oxuyub, kasıb ailəsi üçün pul qazanıb.
...Qəddar atalığı onu küçəyə dilənməyə göndərmişdi. Qərib, soyuq şəhərdə uzun-uzadı veyilləndi. Lakin kimsəyə əl aça bilmədi. Küləkdən daldalanmaq üçün həyətlərdən birinə girdi. Vaxtsız ölmüş doğma atasını, onun özü ilə apardığı yaxşı günləri xatırladı və yana-yana oxumağa başladı. Pəncərələr açıldı. Adamlar ona – nimdaş geyimli qıza maraqla baxır, gümüş pullar atırdılar. İlk “konsert”indən sonra səsi bərk xırıldadı, amma evə şən və qürurla qayıtdı.
Təsəvvür edirsinizmi, illər sonra dünyaya səs salacaq, Azərbaycanın Xalq artisti olacaq cənublu gözəl Saratovda küçə müğənnisi “Katya Muxtarova” kimi tanınıb. 1913-cü ildə – 20 yaşında ikən təsadüfən Bakıda qastrolda da olub. O zaman “Kaspi” qəzeti yazırdı ki, Pavoljyedə məşhur olan xalq müğənniləri Muxtarova, Anikina və Kamil Mutıqi Tuxvatullin Azərbaycana gəlib və konsert veriblər.
Fatma xanımın Bakı operasına biryolluq gəlişi düz 95 il əvvələ təsadüf edib. Buna qədər isə Saratov Konservatoriyasını bitirib, Moskva, Sankt-Peterburq, Saratov, Kiyev, Xarkov, Odessa, Tbilisi şəhərlərinin opera teatrlarında oxuyub. “Yudif”də Oloferninin, “Qaratoxmaq qadın”da Polinanın, “Mazepa”da Lyubovun, “Çereviçki”də Saloxanın, “Qar qızı”nda Baharın, “Çar gəlini”ndə Lyubaşanın, “Xovanşina”da Marfanın, “Faust”da Zibelin,”Trubadur”da Azuçenanın partiyalarını məharətlə ifa edib.
Lakin o, lap gənclik illərindən Azərbaycan səhnəsində çıxış etməyi arzulayıb. 1923-cü ildə milli peşəkar teatrımızın 50 illiyi ilə bağlı göndərdiyi təbrik məktubunda belə yazırdı: “Gənc Azərbaycan teatrına rus opera səhnəsindəki ilk müsəlman qadından salam! Azərbaycan opera səhnəsində də ilk müsəlman qadın olmaq arzusu ilə yaşayıram...”.
Fatma Muxtarova Bakıya köçdükdən sonra burada Jorj Bizenin “Karmen” operasında səhnəyə çıxıb. İri qara gözlü bu xanımın özünəməxsus ifası tamaşa boyu elə hey alqışlanıb. Həmin vaxt seyrçilər arasında olan tanınmış rus rəssamı İsaak Brodski bənzərsiz sənətçini dünyanın ən gözəl Karmeni kimi dəyərləndirib. Dünya şöhrətli bəstəkar Qara Qarayev, görkəmli gürcü opera rejissoru Mixail Kvaliaşvili, Ağababa Bünyadzadə və başqaları da onun haqqında ən yüksək fikirlər söyləyiblər.
Sonra daimi yaşamaq üçün Bakıya köçən Fatma Muxtarova 1928–1953-cü illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub və Xalq artisti (1940) fəxri adına layiq görülüb. Müxtəlif opera teatrlarının səhnəsində Fyodor Şalyapin, Bülbül, Sergey Lemeşev və digər klassik ifaçılarla birgə çıxışlar edib. Solist kimi dünyanın bir sıra konsert salonlarında möhtəşəm ifaları sənətsevərlərin könlünü oxşayıb.
Təəssüf ki, 60 yaşının tamamında o, təqaüdə göndərilərək, operadan ömürlük incik salınıb. Fatma xanım 1972-ci ildə Bakıda vəfat edib.
Parlaq obrazlar yaradan Fatma Muxtarova, bax, beləcə, tamaşaçıların yaddaşında əbədi iz salıb. Ruhu şad olsun!
Hazırladı: Ə.ƏLİYEV, “Xalq qəzeti”