Otuza qədər dərslik, dərs vəsaiti, elmi monoqrafiya, elmi-metodik vəsaitin və 250-dən artıq elmi-metodiki məqalənin müəllifi olan professor Maarifə Hacıyeva oxucularla növbəti görüşünə “Azərbaycan–Türkiyə” kitabı ilə gəlib. Kitabda Maarifə xanımın müxtəlif illərdə yazdığı, Azərbaycanda və xaricdə nəşr edilən qəzet və jurnallarda dərc olunmuş məqalələri yer alır.
Topludakı 20-dən çox müxtəlif səpkili məqalə elmi-publisistik üslubu, hadisələrə tədqiqatçı yanaşması ilə diqqəti cəlb edir. Bir çox məqalələrin xatirə üslubunda təqdimatına üstünlük verilib. Müəllif tarixin müxtəlif mərhələlərində yaşananlara münasibətini oxucu ilə səmimi bir tərzdə bölüşür, eyni zamanda həm özünə, həm də yazdıqlarına dərin bir hörmət hissi aşılayır. Azərbaycan–Türkiyə əlaqələrininin inkişafında önəmi olan hadisələrin və çoxsaylı şəxsiyyətlərin fəaliyyəti və mübarizəsi bütün uğurları, bəzən də umacaqlı bir şəkildə qələmə alınıb.
Kitab filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Oxucu–müəllif–əsər” (Ön söz əvəzi) təqdimatı ilə açılır. Professor haqlı olaraq qeyd edir ki, “Mahirə xanımın (müəllifin) yazdıqları ilə bütünləşməsi, yazdıqlarını qəlbən yaşaması, tədqiq etdiyi, həyatının mənasına çevirdiklərini məqalələrinə eyni dərəcədə yansıda bilməsi önəmlidir. Belə olmasaydı, ortaya canlı, səmimi duyğularla dolu, oxucunu inandıra bilən yazılar çıxmazdı. Maarifə xanım yazdığı mövzunu sanki yaşayırmış kimi hal və duyğularına yansıtdığından kitabdakı məqalələr canlıdır, səmimidir”.
Əminik ki, “Azərbaycan–Türkiyə” kitabı oxucuların diqqətindən yayınmadığı kimi, xalqlarımızın, eləcə də böyük Türk dünyasının birliyi yolunda yeni addım kimi də dəyərləndiriləcək.
Hazırladı: N.QƏDİMOĞLU, “Xalq qəzeti”