“NUR Art House” qalereyasında xalqımızın zəngin milli sərvəti olan Azərbaycan xalçasının ən gözəl nümunələrindən ibarət sərgi fəaliyyətə başlayıb. Sərgi xalqımızın xalçaçılıq tarixinin minillərdən süzülüb gələn qədimliyini, özünəməxsusluğunu, milli xüsusiyyətlərini qoruyub saxlamaqla yeni ekspozisiya ilə təqdim edilir. Azərbaycanın çoxşaxəli mədəni irsi, məişəti və qədim ənənələrinin incisi olan xalça sənətimizin zənginliyi qalereyaya daxil olan hər kəsi sanki ovsunlayır.
“Xalq qəzeti”nə müsahibəsində Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva Azərbaycanın ilk dəfə “Avropa bədii sənətkarlıq günləri”nə qoşulduğunu bildirdi. Qeyd etdi ki, bu çərçivədə gözəl nümunələrin təqdimində əsas məqsəd xalça mərkəzlərimizdə yaradılan, qədim və müasir ənənəni özündə birləşdirən müasir əsərləri sənətsevərlərin diqqətinə gətirmək, eyni zamanda onu Avropa ictimaiyyətinə tanıtmaqdır. R.Tağıyeva sərgidə özünün şəxsi kolleksiyası ilə yanaşı, bir sıra tanınmış fırça ustalarının əsərlərinin nümayiş olunduğunu da bildirdi: “Qalereyada, təxminən, 300-ə yaxın xalça nümunəsi var. Sərgidə dünyaşöhrətli fırça ustası, Xalq rəssamı Tahir Salahovun xalça eskizləri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Hacıyevin müasir xalçaları, bu sənətiə modernizm üslubunu gətirən Faiq Əhmədin, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvləri Səltənət Tağıyevanın, Umay Məmmədzadənin, Natiq Nəcəfzadənin klassik ənənələrin müasir tərzdə təcəssüm etdirən əsərləri nümayiş olunur.
Sərgiyə baxan Səlimə Məmmədova Azərbaycan xalçasının qeyri-adiliyinin onu heyran etdiyini dedi: “Özünəməxsus bədii dili və kompozisiya quruluşu olan xalçalarımızın hər naxışında böyük bir tarix var. Onlar rəng çalarları və üzərində işlənmiş müxtəlif ornamentləri ilə xüsusilə seçilir”.
Qeyd edək ki, sərgi aprelin 2-dək davam edəcək. Sənətsevərlər eyni zamanda xalçaçı-rəssamların “Ustad dərsləri”ndə iştirak edirlər.
Xatırladaq ki, “Avropa bədii sənətkarlıq günləri” 2002-ci ildən, Fransa hökumətinin təklifi ilə Milli Sənətkarlıq İnstitutu tərəfindən təşkil olunur. Baharın erkən çağına təsadüf edən bu günlərdə dünyanın 20 ölkəsində sənətkarlar emalatxanalarının qapılarını tamaşaçıların və sənəti öyrənmək istəyənlərin üzünə açır.
Sərgi “World Craft Council Europe”, “NUR Art House” qalereyası, “Arts Council Azerbaijan”ın birgə təşkilatçılığı ilə keçirilir.
L.QURBANOVA,
Elçin ABBASOV,
“Xalq qəzeti”