Ölkəmizdə Elm Gününün geniş qeyd olunduğu bir zamanda ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dillər Universitetinin (ADU) adının dünyanın ən yaxşıları sırasında yer alması xəbəri xüsusilə təqdirəlayiq bir hal oldu. Universitet müasir dillər kateqoriyasında QS sahələr üzrə dünya universitetlərinin reytinqində (QS World University Rankings by Subject 2023) 301 – 340 universitetlər qrupuna daxil olub. 161 ölkədən 1594 ali təhsil müəssisəsinin iştirak etdiyi dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılaraq 54 sahəni əhatə edib. Reytinqin qiymətləndirilməsi metodologiyasında akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq olmaqla 5 əsas indikator nəzərə alınıb.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ilə görüşüb ADU-nun son illər elm və təhsildə əldə etdiyi nailiyyətləri, beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı söhbət etdik.
Jalə Qəribova QS reytinqin dünyada universitetlərin nüfuzunu ölçən sistemlərdən biri olduğunu qeyd etdi. Bildirdi ki, əvvəllər də təhsil müəssisəsi nüfuzlu universitetlərin reytinqində ön sıralarda yer alıb. Amma bu, Avrasiya regionu üzrə olub. QS reytinqində ilk dəfədir ki, belə bir göstəriciyə nail olublar: “Universitetdə müxtəlif fakültələr və ixtisaslar üzrə 22-dən çox dil tədris olunur. Bu dillər xarici dillərin tədrisi, filologiya, tərcümə və regionşunaslıq ixtisasları çərçivəsində tədris olunur. Tədris olunan dillərin coğrafiyası Skandinaviyadan Cənub-Şərqi Asiya regionunadək geniş bir coğrafiyanı əhatə edir.
Sovet dövründə və müstəqilliyimizin ilk illərində əsasən Avropa dillərinin tədrisi üstünlük təşkil edirdi. Sonrakı dönəmlərdə isə dünyanın bir çox digər regionlarının dilləri də tədrisə daxil edildi. Uzun müddətdir ki, Norveç, İbrani, İndoneziya, hindi ərəb, Koreya, Yapon və Çin dilləri də universitetimizdə tədris edilir. Bu ildən İsveç dili də seçmə fənn kimi tədris prosesinə daxil edilib. Universitetimizdə qədim dillər də öyrədilir. Bunların sırasında sanskrit və latın dillərini də göstərə bilərik. Qədim dillərin öyrənilməsi gələcəkdə filoloq və dilşünas kimi yetişəcək tələbələr üçün çox vacibdir. Məsələn, həm Avropa dillərinin, həm də sanskritin mənşəyi eyni kökdən – Proto-Hind-Avropa dilindən intişar tapıb. Avropa dillərinin latın dili ilə bağlılığı da yaxşı məlumdur.
Buna görə də, Avropa dillərinin inkişaf tarixinin araşdırılması baxımından qədim dillərin öyrənilməsinin xüsusi əhəmiyyəti vardır”.
Prorektor, həmçinin qeyd etdi ki, hazırda ADU-da Azərbaycan və ölkəmizin yerləşdiyi region dillərinin öyrənilməsinə də başlanılıb. Onların arasında, məsələn, erməni dilini göstərmək olar. Bu dil linqvistik baxımdan Qafqaz dilləri ailəsinə daxil olmasa da, qafqazşünaslığı öyrənən tələbələr üçün vacibdir.
“Kurs çərçivəsində udi, xınalıq, ləzgi, tabasaran dilləri ilə bağlı tələbələrə ümumi məlumatlar verilir. Gələcəkdə bu dillərin sayını artırmağı da düşünürük. Bundan başqa, gələcək illərdə bu dilləri tədris edən mütəxəssislərin hazırlanması üzərində də düşünmək niyyətindəyik”, – deyə o, əlavə etdi.
Jalə Qəribova ADU-nun xarici universitetlərlə elmi əməkdaşlığından da danışaraq dedi ki, mövcud ənənələri gücləndirmək üçün tədbirlər həyata keçirilir. Bunların sırasına təcrübə mübadiləsi proqramları, birgə elmi məqalələrin, jurnalların, kitabların buraxılması, doktorantlara birgə elmi rəhbərlik daxildir.
ADU-nun prorektoru hazırda təhsil müəssisəsində 100-dən çox xarici tələbənin təhsil aldığını bildirdi: “Son zamanlar xarici tələbələr arasında qafqazşünaslıq və Azərbaycanşünaslıq ixtisaslarına meylin artdığını görürük. 2009-cu ildən başlayaraq, ABŞ-dan hər il bir çox tələbə həm Azərbaycan dili və mədəniyyətini, həm də Trükiyə türkcəsini öyrənmək üçün Azərbaycan Dillər Universitetinin yay məktəbinə gəlir. Bundan başqa, universitetin təşəbbüsü ilə bir sıra xarici ali təhsil müəssisəsində Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılmış və dilimizin tədrisinin əsası qoyulmuşdur.
Azərbaycan dilinin tədrisinə gəlincə isə hazırda Macarıstanın ELTE, Serbiyanın Belqrad və Litvanın Vilnüs Universitetində bizim təşəbbüsümüzlə Azərbaycan dilini tədrisi təşkil edilmişdir. Xorvatiyada və Mərakeşdə də həm Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı, həm də Azərbaycan dilinin tədrisinin başlanması üzrə danışıqlar gedir.”
J.Qəribova onu da qeyd etdi ki, Azərbaycan Dillər Universietində gələcəkdə müasir dillərin tədrisi ilə məşğul olan orta məktəb təsis etmək haqqında da düşünülür.
Leyla AZAD, “Xalq qəzeti”