Azərbaycan həmişə haqqın və ədalətin tərəfdarıdır

post-img

Biz daxili işlərimizə kənar qüvvələrin qarışma­sına heç vaxt imkan verməmişik və imkan ver­məyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir, həm də görür.

Azərbaycan Prezidenti İlham Əliyevin Münxendə ölkəmizin televiziya kanallarına verdiyi müsahibədən

Bu, Heydər Əliyev siyasətidir. Ulu öndər dövlət başçısı kimi BMT tribunasından ilk çıxışında demişdi ki, bugünkü Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməkdən başqa heç bir problemi yoxdur. Çünki biz sivil, demokratik və dünyəvi dövlət quruculuğu yolunu tutmuşuq və bu yolu tutan dövlətin kiməsə ərazi iddiası ola bilməz. Yəni heç bir qonşumuza ərazi iddiamız yoxdur. Öz ərazi bütövlüyümüzün bərpa edilməsi isə ümdə vəzifəmizdir. 

Sayı əlli milyondan çox olan xalqımızın hər bir fərdi Prezident, Silahlı Qüvvələrimi­zin Ali Baş Komandanı İlham Əliyevin bey­nəlxalq hüququn təməl prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyümüzün bərpası istiqamətində möhtəşəm uğurlara imza atmasından məmnundur. Eyni zamanda cənab Prezident ulu öndərin “Biz kiminsə ölkəmizin daxili işlərinə qarışmasına im­kan verməyəcəyik”– qətiyyətini də ardıcıl və prinsipiallıqla davam etdirir. 

Şəxsən mən cənab Prezidentin həmin ifadəsini on dəfələrlə eşitmişəm. Fevralın 18-də isə məmnun oldum ki, dövlət başçı­mız həmin ifadəni Avropanın mərkəzində səsləndirdi. Üstəlik, ABŞ kimi güclü ölkə­nin ən məsul dövlət rəsmilərindən birinin iştirakı ilə keçirilən tədbirdə: “Bu gün Döv­lət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kə­nar qüvvələrin qarışmasına heç vaxt im­kan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır!”

Ancaq dövlət başçımızın Münxen səfə­ri təkcə bu qətiyyətlə əlamətdar olmadı. Cənab Prezident Almaniyada səsləndirdi ki, bəzi qüvvələr ölkəmizin yaratdığı yeni reallıqları qəbul etməməklə özlərini alda­dırlar. Çünki torpaqlarımız 30 il düşmən tapdağında olarkən ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri elə təəssürat yara­dırdılar ki, sanki, Azərbaycan mövcud re­allıqla, yəni Ermənistanın “qələbəsi” ilə ra­zılaşmalıdır. Yəni o zamankı status-kvonu bizə diktə edirdilər.

Nə xoşdur ki, bu gün Azərbaycan Prezidenti Avropanın bəzi üzdəniraq “sülh tərəfdarlarına”, eləcə də, anti-türk, anti-Azərbaycan siyasi dairələrinə ən yeni reallıqları diktə edir: “İkinci Qara­bağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmişdir. Yeni re­allıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqe­yimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istə­mirlər, amma məcbur olub barışacaq­lar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir”.

Azərbaycan həmişə haqqın və ədalətin tərəfdarıdır

Münxendə Azərbaycan Prezidenti­nin mövqeyinin daha çox dəstəklənmə­sinin əsas səbəblərindən biri də bu gün Avropada davam edən ictimai-siyasi proseslərin yaratdığı beynəlxalq fon idi. Belə ki, köhnə qitədə yaranmış yeni problemlərin – yəni enerji təhlükəsizliyi­nin təmin olunmasında Azərbaycan da iştirak edir. Həm də heç bir ilkin şərt və ya tələb irəli sürmədən. Təkcə region­da deyil, ümumiyyətlə, bütün dünyada (təbii ki, Fransa və İran istisna olmaqla) hamıya yük olan Ermənistan isə həm mövqesizliyi və səbatsızlığı ilə, həm də iqtisadi vəziyyətinə görə kiminsə mara­ğını cəlb etmir. Üstəlik, bütün qonşu­larına ərazi iddiaları irəli sürən İrəvan yeni dünya nizamının qarşısında ən­gələ çevrilməkdədir. 

Ona görə də Prezident İlham Əliyev Münxendə Ermənistanla münasibət­lərimizin normallaşdırılması məsələsi barədə danışarkən öz fikirlərini həmişə­ki kimi aydın və səlis şəkildə dilə gətir­di: “Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqla­malar, əlbəttə ki, ciddi qəbul edilmir. Bi­zim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanı­rıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik”. Ermənistanın nə istədiyini heç onun özü də bilmir. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”



Siyasət