Türkiyənin tarixində yeni era başlayır

post-img

Bu il oktyabrın 29-da yüz yaşı tamam olacaq Türkiyə Cümhuriyyətinin tarixində yeni eranın başlandığını görüb-müşahidə etməmək və bundan sonsuz qürur duymamaq qeyri-mümkündür. Dünən çağdaş zəmanəmizin ən xarizmatik və müdrik siyasətçilərindən olan Rəcəb Tayyib Ərdoğan yeni seçilən prezident kimi təntənəli surətdə dövlətə və millətə sədaqət andı içdi. 

Bu gün hər birimiz son dərəcə məmnunuq. Fakt budur ki, R.T.Ərdoğa­nın liderliyi ilə qardaş ölkə möhtəşəm “Türkiyə əsri” layihəsinin icrasına start verir. Ankara dünyanın ən böyük güc mərkəzlərindən birinə çevriləcək. Bu, hər bir Türkiyə vətəndaşı kimi, bütün türk dünyasını, eləcə də biz azərbay­canlıları son dərəcə sevindirir. 

İndi isə son iki gündə Türkiyənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələri xronoloji qaydada xatırlatmaq yerinə düşər. Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası qanunverici orqanda 268 deputatla təmsil oluna­caq. Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ Partiya 43 deputat yeri qazanıb.

Artıq ölkə parlamenti öz fəaliyyətinə başlayıb. Belə ki, iyunun 2-də iyirmi səkkizinci çağırış Türkiyə Böyük Mil­lət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclası keçirilib. Toplantıya ən yaşlı de­putat olan Milliyyətçi Hərəkat Partiyası­nın (MHP) sədri Dövlət Baxçalı sədrlik edib.

TBMM-in keçmiş sədri Mustafa Şəntop artıq səlahiyyətlərini D.Baxçalı­ya təhvil verib. Yeni spiker seçilənədək qanunverici orqana MHP sədri rəhbər­lik edəcək. Türkiyə Prezidenti R.T.Ər­doğan iclasda iştirak edib. Toplantıda yeni seçilən deputatlar təntənəli surət­də and içiblər. TBMM-in ilk iclası yerli telekanallar vasitəsilə bütün dünyaya yayımlanıb. 

Dünən TBMM-də Prezident R.T.Ər­doğanın andiçmə mərasimi olub. An­karadakı Prezident sarayında əcnəbi qonaqlar qarşısında çıxış edən dövlət başçısı bildirib ki, bu il mayın 14-də ölkədə keçirilən ümumi seçkilər, mayın 28-də isə prezident seçkilərinin ikinci turu səsvermə hüququ olan vətəndaş­ların böyük əksəriyyətinin fəal iştirakı ilə baş tutub. Bununla da Türkiyə xalqı dünyaya bir daha sivil, demokratik inki­şaf yoluna sədaqətini nümayiş etdirib. 

Prezident R.T.Ərdoğan andiçmə mərasimindəki parlaq nitqində bildirib ki, ölkədə tam sərbəst, şəffaf şəraitdə keçirilən seçkilərin qalibi 85 milyonluq türk xalqıdır. Ölkə vətəndaşları hazırkı iqtidarın Türkiyənin sürətli inkişafı və milli intibahı naminə həyata keçirdiyi siyasi xətti birmənalı olaraq dəstəklə­yir. Bu, əlbəttə, çox yüksək etimaddır və hakimiyyət öz üzərinə düşən məsu­liyyəti yaxşı dərk edir. 

R.T.Ərdoğan vurğulayıb ki, hazırda Türkiyə dövlətinin və xalqının qarşısın­da son dərəcə böyük hədəflər dayanır. Lakin heç kəs şübhə etmir ki, Türkiyə xalqı və iqtidarı əl-ələ verib bu vəzifələrin öhdəsindən uğurla gələcək. Türk xalqı ruhən güclü və yenilməz xalqdır. Heç bir daxili və xarici pozucu qüvvə Türkiyənin tərəqqisinin qarşısını ala bilməz. 

Mübariz MƏMMƏDLİ,

filologiya üzrə fəlsəfə doktoru, siyasi icmalçı

Türkiyə Respublikasında mayın 28-də keçirilən prezident seçkilərinin ikinci tu­runda inamlı qələbəsi ilə möhtərəm Rəcəb Tayyib Ərdoğan yalnız Türkiyə türklərinə deyil, eləcə də bütün dünyanın türk və tür­kiyəsevərlərinə yaddaşlardan silinməyə­cək, şərəf və iftixar dolu bir coşqu yaşat­dı. Təqvimin 28 may tarixi Azərbaycan xalqı üçün son 105 il ərzində önəmli idi. İndi isə Türkiyənin seçki təntənəsi və bu seçkilərdə demokratiyanın qələbəsi 2023-cü ilin 28 may tarixini yeni dövrün - yeni türk əsrinin başlanğıcı kimi də təsdiq etdi. İstər Türkiyə Böyük Millət Məclisinin yeni tərkibi, istərsə də Cümhurbaşranı xalqın iradəsi əsasında seçildi. Türk xalqı və bütünlükdə Türkiyə bu dəfə də doğru, müdrik qərar verərək xarici imperialist mərkəzlərdə hazırlanan qara planların hə­yata keçməsinə imkan verməyəcəyini bir daha nümayiş etdirdi. 

Heç şübhə yoxdur ki, bugünkü Tür­kiyə son 20 il ərzində öz inkişafında key­fiyyətcə yeni - daha üstün bir mərhələyə keçib. Qardaş ölkə Azərbaycanı çox sevən və Azərbaycanda da çox sevilən Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dün­ya miqyasında söz sahibinə çevrilib.

Əslində 20 il dünya tarixi üçün qısa bir zaman məsafəsidir. Amma həmin il­lərə ötəri bir baxış kifayətdir ki, Türkiyə­nin hansı uğurları əldə etməsini görmək mümkün olsun. 2002-ci ildə keçirilən par­lament seçkilərində R.T.Ərdoğanın başçı­lıq etdiyi Ədalət və İnkişaf Partiyası qələ­bə qazandıqdan sonra hər şeydən qabaq Türkiyənin istər siyasi, istər sosial, istər də iqtisadi həyatında hökm sürən böhra­nın qarşısını almağa başladı. 

Ərdoğan qalib bir lider kimi, ağıl və zəkasını, bütün güc və qüdrətini ölkə­nin həm siyasi, həm də iqtisadi həyatın­da islahatlara, bütün sahələrdə inkişafa sərf etməyə başladı. Bu asan olmasa da, bütün gizli və aşkar çətinliklərdən sonra Türkiyəni hazırda dinamik inkişaf edən, vurduğu yerdən səs gətirən bir söz sahi­binə çevirdi. Türkiyə Ərdoğanın rəhbərli­yi ilə xarici borc bataqlığından qurtuldu, ölkənin iqtisadi, sosial, mədəni, təhsil və s. sahələrində aparılan ciddi islahatlar öz bəhrəsini verməyə başladı. Qazanılan uğurlar imperialist dairələri türk lideri ilə hesablaşmağa məcbur etdi. 

Beləliklə, Ərdoğan bölgənin siyasi xəritəsini dəyişdirmək istəyənlərə heç bir imkan vermədi, Türkiyənin regional güc olduğunu dünya birliyinə sübut etdi. Ha­zırda Türkiyə regionda sülhün, sabitliyin, təhlükəsizliyin əsas qarantı qismində çıxış edir.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzidir. Dünya liderləri Ərdoğanın mövqeyi ilə razılaşır və ona böyük hörmət bəsləyirlər. Təkcə son vaxtlarda Türkiyənin və şəxsən Ərdoğanın iştirakı və dəstəyi ilə bir sıra regional və qlobal məsələlərin həllində ortaq məxrəcə gəlinərək razılaşmalar əldə olunmuşdur. 

Azərbaycanla Türkiyə arasında bir qardaşlıq tarixinin olması hamıya bəlli­dir. Bu qardaşlıq tarixinin bünövrəsi Ça­naqqalada qoyulub, Azərbaycan türkləri Osmanlı türklərinin haqq işində dil və din qardaşlarının yanında olub, onların istiq­lalı uğrunda şəhid verərək vuruşub. Azər­baycanda Cümhuriyyət qurulandan sonra Osmanlı Qafqaz İslam Ordusu Azərbay­can türklərinin köməyinə çatıb, Gəncədən Bakıya qədər azadlıq, mücadilə yolu ke­çib və şəhidlər verib. Bu gün iki dövləti­mizi təmsil edərək bir olan xalqımızın şə­hidlərinin qanı ilə suvarılmış tarixi inkişaf yolunda Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycanı bölgədə uzaq tutmaq istəyənlərin həvəsləri qursaqlarında qal­dı".

Bu gün biz də möhtərəm Prezidenti­mizlə birlikdə "Əzmlə çalışaraq, yorulma­yan bütün Ərdoğan sevdalıları"nı doğru zamanda doğru insanı seçdiklərinə görə ürəkdən təbrik edirik. Uğurlar sənə, əziz Türkiyə!

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət