Təbrik edirik Türkiyə, gözün aydın Türk dünyası!

post-img

“XXI əsr Türk əsri olacaq!”– deyənlərin proqnozları doğrulmaqdadır. Bunu Türk dünyasının böyük lideri olan Rəcəb Tayyib Ərdoğanın və onun rəhbərlik etdiyi siyasi partiyanın daha bir seçkidə böyük qələbə qazanması da sübut edir. Bu qələbə son onillərin ən dəhşətli zəlzələsinin fəsadları ilə üz-üzə qalmış Türkiyənin yaralarını sağaltmaqla yanaşı, qəlbi Turan arzusuyla yanan çoxmilyonlu insanların yoluna işıq da salacaq. Bu qələbə ikili siyasi standartlarla, islamofobiya və tükofobiya ilə yaşayanların bir çox arzularını gözündə qoyacaq. 

Bu seçki təkcə türkdilli ölkələrdə və İslam dünyasında deyil, bütün dünyada ən çox maraqla gözlənilən, hamının diqqətlə izlədiyi siyasi kampaniya idi. Çünki Türkiyənin sürətlə inkişaf etməsini, təkcə Avrasiyada deyil, bütün dünyada söz sahibinə çevrilməsini istəməyənlər də çox idi, cənab Ərdoğanın qələbəsini arzulayanlar da. 

Bu seçki müsəlman ölkələrinə demokratiyadan dərs keçmək istəyən bəzi Qərb siyasi dairələrinə məhz demokratiya dərsi oldu. Türkiyədəki 2023-cü il  parlament və prezident seçkiləri həm ölkə əhalisinin  mütəşəkkilliyi ilə yadda qaldı, həm də ədalətli nəticə ilə. 

Bu seçki və Rəcəb Tayyib Ərdoğanın qələbəsi həm azərbaycanlıların, həm də Türkiyə siyasətçilərinin tez-tez işlətdiyi  “Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir!”– tezisinin də tarixi həqiqət olduğunu sübut etdi. Çünki Azərbaycan Prezidenti İlham Əliyev seçkinin nəticələrinin rəsmi şəkildə elan olunmasından əvvəl, ilkin nəticələri öyrənən kimi cənab Ərdoğana zəng edərək,  təbrik etdi. Bu telefon zəngi adi təbriklə bitmədi, dövlət başçımız qardaş ölkənin yeni seçilmiş Prezidentini Azərbaycana dəvət etməklə də sevincimizin hüdudsuz olduğunu göstərdi.  

Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin olduğunu bildirdi ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək. Eləcə də, cənab Prezident  Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Kütləvi informasiya vasitələri yazırlar ki,  Türkiyədə keçirilən prezident seçkilərində növbəti dəfə qalib gələn Rəcəb Tayyib Ərdoğan Kısıklıda xalqa müraciət edib. Böyük etimada görə  Türk xalqına minnətdarlıq edən Rəcəb Tayyib Ərdoğan başqa bir məqama da toxunub:  “Hazırda xarici ölkələrin liderləri zəng edərək təbrik edir. Bir az əvvəl Azərbaycan Prezidenti İlham Əliyev zəng etdi. Bundan əlavə, Özbəkistan lideri Şavkat Mirziyoyev də zəng edib. Hər kəs ard-arda təbrik edir. Həmçinin Qətər və Liviyadan da təbriklər gəldi”.

Əlavə edək ki, Türkiyə mediası və əksər televiziya kanalları İlham Əliyevin Ərdoğanı təbrik etməsi xəbərinə geniş yer verib və bu təbrik xüsusi vurğulanıb.

Sonda xüsusilə vurğulayaq ki, Azərbaycanın 2020-ci ilin payızındakı tarixi qələbəsini, yaratdığı yeni reallıqları hələ də həzm edə bilməyən bədxahlarımız açıq şəkildə deyirdilər ki, Rəcəb Tayyib Ərdoğanın seçkilərdəki məğlubiyyətindən sonra Azərbaycana təzyiq etmək asan olacaq. Olmadı, cənablar və heç zaman olmayacaq. Çünki Türk dünyası artıq sizin düşündüyünüz  səviyyədə deyil. Azərbaycana və ya Türkiyəyə yuxarıdan aşağı baxmağı birdəfəlik unudacaqsınız. 

Təbriklər Türkiyə seçicisi, sevincinizə qoşuluruq Türk dünyası, yolunuz açıq olsun Turan sevdalıları! 

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti”, 

Əməkdar jurnalist

Siyasət