Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022-2023-cü illər mövsümünün ən çox qol vuran futbolçusu (bombardir) müəyyənləşib.
Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, bu uğura “Qarabağ”ın futbolçusu Ramil Şeydayev nail olub.
27 yaşlı hücumçu 22 qolla mövsümün ən məhsuldar oyunçusu olub. Son turda “Turan Tovuz”la görüşdə fərqlənən Ağdam klubunun digər forvardı Musa Qurbanlı isə komanda yoldaçından 1 top fərqi ilə (21 qol) geridə qalıb.
Qeyd edək ki, bombardirlərin siyahısındakı sonrakı yerlərdə “Sabah”ın futbolçusu Coy Lens Mikels və “Neftçi”nin kapitanı Emin Mahmudov (hərəyə 17 qol) gəlirlər.
Elçin ABBASOV,
"Xalq qəzeti"