Azərbaycanın şimalını işğal edərək bu ərazidə milli dövlətçiliyimizə xitam vermiş çar Rusiyası imperiyasının 1917-ci ildə inqilabi yolla dağıdılması xalqımızın itirilmiş suverenliyini bərpa etmək üçün tarixi şans yaratdı. 1918-ci il mayın 28-də Cümhuriyyətin qurulması ilə Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşdu. Müstəqillik Azərbaycanın dövlətçilik ənənəsini yeni tarixi şəraitdə davam etdirilməklə yanaşı, bir sıra mühüm başlanğıcların da əsasını qoydu. Dövlətçilik tarixində Respublika dövrü başlandı, onun atributları formalaşdırıldı, dünya birliyi tərəfindən de-yure tanındı.
Müstəqilliyin ən mühüm yeniliklərindən biri isə əyalətləri Rusiya imperiyası dövründəki müstəmləkə sistemindən çıxararaq ümumazərbaycan tarixi proseslərinə cəlb etməsi, bir sıra məqamlarda həlledici mövqeyə yüksəltməsi oldu. AXC tarixinin nisbətən az öyrənilmiş mövzularından olan müstəqillik və əyalətlər məsələsi ilə bağlı apardığımız tədqiqatın milli hökumətin əyalətlər sisteminin formalaşmasına həsr edilmiş birinci hissəsini ilk dəfə “Xalq qəzeti”nin oxucularına təqdim edirik.
Xarici tarixşünaslıqda əyalət (provinsiya) anlayışının tarixi və mənası barədə müəyyən tədqiqatlar olsa da, Azərbaycan tarixşünaslığında bu barədə hələ ki, xüsusi araşdırma yoxdur. Ümumi şəkildə götürüldükdə “əyalət” anlayışı altında bir sıra hallarda olduğu kimi, əsasən, dövlətin inzibati-ərazi vahidləri nəzərdə tutulur. Müasir leksikonda daha çox region termini işlənir.
Rusiya imperiyası dövründə Şimali Azərbaycanda çoxqatlı əyalət sistemi mövcud olmuşdur. Mərkəzi Tiflis olan Qafqaz imperiyanın paytaxtı Sankt-Peterburqa görə əyalət idi. Rusiya geopolitik sisteminə uyğun olaraq, Zaqafqaziya (Cənubi Qafqaz) onun tərkib hissəsi kimi çıxış edirdi. Zaqafqaziya özü quberniyalara bölünürdü və bu quberniyalar da həm imperiyanın mərkəzinə, həm də Tiflisə nisbətdə əyalətləri təşkil edirdi. Quberniyalar isə qəzalara bölünürdü və onlar da quberniya mərkəzinə nisbətdə əyalət idi.
Cümhuriyyətin qurulması ilə dövlətin paytaxt şəhəri (əvvəlcə Gəncə, sonra Bakı) formalaşdı. İnzibati-ərazi vahidləri paytaxt şəhərlərinə münasibətdə yeni status qazandı. Beləliklə, imperiya dövründəki çoxqatlı əyalət sistemi dağıldı və Cümhuriyyət dövründə yeni tipli əyalət strukturu meydana gəldi.
Cümhuriyyətin ərazisi və əhatəsi
Əyalət strukturunun formalaşması üçün ilk öncə dövlətin ərazisi mühüm şərt idi. Cümhuriyyətin ərazisi haqqında ilk dəfə İstiqlal bəyannaməsində bəhs edilmişdir. Həmin sənədin 1-ci bəndində qeyd edilirdi ki, “Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir”. Dövlətin ərazisinin müəyyən edilməsinin ilk addımı uğurlu, o dərəcədə də ağır nəticəli oldu. Azərbaycan Milli Şurası 29 may 1918-ci ildə, bir tərəfdən tarixi həqiqətdən çıxış edərək İrəvanı öz ərazisi kimi təsdiq etdi, digər tərəfdən onu ermənilərə verdi. Görünür, bu hadisə ərazi məsələsində Cümhuriyyətin sonrakı fəaliyyətinə dərin təsir göstərdi.
Cümhuriyyət hökuməti bu aktdan başlayaraq, dövlətin ərazisinin müəyyən edilməsi üçün özünəməxsus konseptual yanaşma irəli sürə bildi. Bu, Cümhuriyyət dövrünə aid bir sıra mühüm sənəd və materiallarda təsbit olunub. Bu sırada Ə.M.Topçubaşovun Azərbaycanın təşəkkülünə dair özünün yazdığı kimi kiçik risaləsini, Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə təqdim edilən memorandumu (1918, noyabr), “Azərbaycan məclisi-Məbusanı təsisi haqqında qanunu”, Xarici İşlər Nazirliyinin əməkdaşı F.Şepotyevin məruzəsini (1919, fevral), yenə Topçubaşovun Qafqazda Azərbaycan Respublikası (1919) memorandumunu və 1920-ci ilə aid Ünvan-təqvimi qeyd etmək olar. Bu sənəd və materialların xronologiyası, təyinatı və sistemliliyi bu fikri bir daha təsdiq edir.
Bu konseptual yanaşma ərazinin təsviri ilə kifayətlənmir, eyni zamanda, əsaslandırılmasında kompleks faktorların kombinasiyasına istinad edilirdi. Onun ən önəmli cəhətlərindən biri tarixi ənənə ilə birlikdə, öz dövrünün şərtlərini də nəzərə alması idi. Əhalinin etnik tərkibi və iqtisadi faktorlara da önəm verilirdi. Azərbaycan dövlətinin tərkibinə daxil edilməsi zəruri olan ərazilərdən bəhs edilərkən orada yaşayan əhalinin öz müqəddəratını təyin etmək hüququna və iqtisadi mənafelərə də geniş yer ayrılırdı.
Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində bu konsepsiya əksini tapıb. “Tələb”lərdə qeyd edilirdi ki, Dağıstan vilayətinə gəldikdə, onun azərbaycanlılarla qohum olan hissəsi həmişə Azərbaycana meyl etmişdir. Onun iqtisadi mənafeləri Quba və Bakı şəhərləri ilə o dərəcədə bağlıdır ki, Dağıstanı bu siyasi və iqtisadi əlaqələrdən kənarda təsəvvürə gətirmək qeyri-mümkündür. Bu, Sulak çayı boyunca Dağıstanın Azərbaycana birləşdirilməsi barədə geniş müraciətlər edən əhali tərəfindən də dərk edilir. Qars əyaləti, Batum və Tiflis quberniyasının Axalsıx qəzasının Azərbaycanın tərkibinə daxil edilməsi isə burada etnik faktor və əhalinin müracitələri ilə birgə, ciddi strateji hədəf, Qara dənizə çıxış əldə etmək siyasətində də əksini tapırdı. Osmanlı ordusunun bölgəni tərk etməsi nəticəsində yaranan yeni geopolitik vəziyyətdə həmin ərazilərdə müstəqil respublika yaratmaq da qəbul edilirdi. Bu mümkün olmadıqda isə Azərbaycan ona dənizə çıxmaq imkanı verən bu ərazilərə daha böyük hüquqla iddiasını irəli sürməli idi.
Cümhuriyyətin ərazisinin əsas məsələləri bu konsepsiya daxilində Cənubi Qafqazın o zamankı inzibati-ərazi vahidləri üzrə müəyyən edilirdi.
Rusiya işğalı ərəfəsində Cənubi Qafqazda yalnız azərbaycanlı və gürcülərin dövlətləri var idi. Azərbaycan bu dövrdə xanlıqlara bölünmüşdü. Xanlıqlar mahallara bölünürdü. Xanlıqlar dövründə Azərbaycanın etnik və siyasi sərhədləri bir-birinə uyğun gəlirdi, daha doğrusu, Azərbaycanın tarixi siyasi-dövlət sərhədlərini əhatə edirdi. İmperiya tədricən bu dövlətləri ləğv etməyə başladı. Bu prosesdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövcud olan sərhədlər və inzibati-ərazi bölgüsü də ciddi dəyişikliklərə məruz qaldı.
Çar hökumətinin Cənubi Qafqazda həyata keçirdiyi inzibati-ərazi bölgüsü zamanı Şimali Azərbaycan torpaqlarının da inzibati-ərazi bölgüsündə (xüsusilə 1840, 1846, 1867, 1873-cü illərdə) yeni sistem formalaşdırıldı.
Qafqaz təqviminin (1917) məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin və digər müstəqil dövlətlərin yaranması ərəfəsində Cənubi Qafqaz inzibati-ərazi bölgüsünə görə quberniya, vilayət və dairələrə bölünmüşdü. Cənubi Qafqazın ərazisi (Qara dəniz quberniyası daxil edilmədən) 208827,87 kv.verst (234639 kv.km.) idi. Bu, bütün Qafqaz ərazisinin 57,7%-ni təşkil edirdi.
Azərbaycana gəldikdə, bu məsələ daha geniş şəkildə Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni, Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni, Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis və Sığnaq qəzalarının bir hissəsi); Zaqatala dairəsi; Dağıstan vilayəti (Kür və Samur nahiyələrini əhatə edən ərazinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq–Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının bir hissəsi, Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi. Bu tələblərə xüsusi hazırlanmış xəritə də əlavə edilib.
“Tələb”lərdə qeyd edilirdi ki, əlavə edilmiş xəritədən də göründüyü kimi, indi Azərbaycan Respublikasının hakimiyyətinin faktiki yayıldığı Azərbaycan ərazisi Şərqdə Xəzər dənizi, Şimalda Dağıstan, Şimali Qafqaz və Gürcüstan, qərbdə Gürcüstan və Ermənistan, Cənubda İranla həmsərhəddir. Azərbaycan Respublikasının malik olduğu bu hüdudlarda 83278,66 kv. verst, yaxud 94137,38 kv. km ərazidə yerləşir. Bu ərazinin sahəsi Cənubi Qafqazın bütün sahəsinin 39%-nə bərabər olan 217408 kv. verst, yaxud 247376,15 kv. km təşkil edir. Hesablamaya görə, əgər hələlik Azərbaycan hakimiyyətinin malik olduğu əraziyə daxil olmayan sahə də əlavə edilsə, onda 132003, 25 kv. verst və ya, 150184, 88 kv. km ərazi alınar ki, bu da bütün Cənubi Qafqazın 60 faizini təşkil edər.
Cümhuriyyətin ərazisinə dair son məlumatlardan biri isə Xarici İşlər Nazirliyinə aiddir. Nazirliyin təqdim etdiyi xəritə və məlumatlar 1920-ci ilin ünvan - təqvimində nəşr olunmuşdur. Həmin məlumatlara görə, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km). Bu, Qafqaz təqviminə (1917) görə, Cənubi Qafqaz ərazisinin 47,84%-nə bərabər idi. Mübahisəsiz ərazi üzrə bu rəqəm 40,87% idi.
Paytaxt və əyalətlər sistemi
Cümhuriyyətin ərazisinin əhatə dairəsinin müəyyən edilməsi nə qədər vacib olsa da, əsas məsələ bu ərazinin siyasi birləşdirilməsi və müdafiəsinin həyat keçirilməsi ilə bağlı idi. İnzibati-ərazi bölgüsü və yerli idarəetmə onların həllindən asılı idi. Bir-birilə qarşılıqlı əlaqədə olan bu məsələlər Cümhuriyyətin mövcud olduğu bütün dövrdə gündəlikdə durduğundan dinamik bir proses olub.
Burada ilk dövr kimi 1918-ci ilin may–noyabr aylarını ayırmaq olar. Cümhuriyyətin ərazisinin müəyyən edilməsi ilə birgə, onun təmin edilməsinə də məhz bu dövrdə başlanılıb. Bu dövr həm də ərazi və onun inzibati bölgüsünə dair dövlət siyasətinin formalaşmasının bazasını təşkil edib, onun istiqamətlərini müəyyən edib. Azərbaycan Cümhuriyyətinin tarixi coğrafi ərazi hüquqları ilə bərabər, hərbi-siyasi dominantlığı da bu prosesə müsbət təsir edib.
Cümhuriyyət hökumətinin Gəncəyə köçməsi və burada hakimiyyətini bərqərar etməsi bütün sahələrdə olduğu kimi dövlətin ərazisinin, o cümlədən ərazi-inzibati vahidlərinin siyasi cəhətdən birləşdirilməsinin əsasını qoydu. Cümhuriyyətin ilk əyalət sistemi onun birinci paytaxtı Gəncə ətrafında formalaşmağa başladı. Gəncə şəhəri və quberniyaya daxil olan Gəncə, Qazax, Ərəş, Nuxa, Cavanşir, Qaryagin, Şuşa və Zəngəzur qəzaları Cümhuriyyətə tabe edildi. Zaqatala dairəsi isə 1918-ci ilin iyunun 28-də Azərbaycan Cümhuriyyətinin tərkibinə daxil olundu.
Paytaxt Gəncə və onun əyalətlərinin resursları digər şərtlərlə birgə, Bakı və quberniyaya daxil olan əyalətlərin azad edilməsində mühüm rol oynadı. Bakı şəhəri və quberniyanın Bakı Xalq Komissarları Soveti, sonra isə Sentrokaspi və ingilis hərbi qüvvələrindən azad edilməsi uğrunda mübarizə başladı. Göyçay və Şamaxı qəzaları azad edildi. 1918-ci il sentyabrın 15-də Bakı şəhəri azad edildi və yeni paytaxt oldu. Bakının paytaxta çevrilməsindən sonra da Gəncənin dövlətin həyatındakı önəmi onu faktik olaraq ikinci paytaxt kimi müəyyən etdi. Təsadüfi deyil ki, ingilislərin dövründə Hərbi nazirlik silahlı qüvvələri ilə birgə, Gəncəyə köçürülmüşdü.
Sentyabrın 17-də hökumət Bakıya köçdü. Hökumətin Bakıya köçməsilə burada hakimiyyətin möhkəmləndirilməsi tədbirləri də gücləndirildi. Cümhuriyyətin hakimiyyəti altına keçən ərazi genişləndi və ərazi-inzibati quruluşu dolğunlaşdı. Bakı yeni paytaxt kimi ölkənin əyalətlərinin yeni siyasi mərkəz ətrafında birləşdirilməsini davam etdirdi.
Bakı, Quba və Cavad qəzalarında da hakimiyyət bərqərar edildi. Beləliklə, bu dövrün sonunda Lənkəran qəzası istisna olmaqla (1919-cu ilin iyulunda azad edildi) bütün Bakı quberniyası Cümhuriyyətə tabe edildi.
Azərbaycan torpaqlarının mühüm bir hissəsi İrəvan quberniyası tərkibində idi. İrəvan şəhərinin ermənilərə verilməsi belə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin qarşısını ala bilmədi. Ermənistan yarandığı vaxtdan etibarən Cümhuriyyətə qarşı onun varlığının bütün dövrlərində davam edən qanlı müharibəsinin (1918–1920) əsasını qoydu. Bu müharibənin məhz ilk dövründə (1918-ci il iyun-oktyabr) Cümhuriyyət bu təcavüzün qarşısını ala bildi, İrəvan quberniyası tərkibində müəyyən etdiyi torpaqları üzərində hakimiyyətini az və çox dərəcədə bərqərar edə bildi. Bunun nəticəsi idi ki, bu dövrdə Cümhuriyyət quberniyanın Naxçıvan, Şərur–Dərələyəz, Sürməli və İrəvan qəzasının bir hissəsində hakimiyyətini təmin edə bildi.
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq fəaliyyəti məhdudlaşdırılsa da, onlar əsas diqqəti təbliğata yönəltmişdilər. Yuxarıda qeyd edilən kimi, İstanbul konfransının imkanları burada əsas yer tuturdu. Azərbaycan hakimiyyəti bu platformada da mübarizəsini davam etdirirdi.
Tiflis quberniyasının tərkibində qalan Azərbaycan torpaqlarının taleyi isə fərqli oldu. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını – Borçalı, Qarayazı və Sığnaq mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Gürcü silahlı qüvvələri alman hərbi dəstələri ilə birləşərək, 1918-ci il iyunun əvvəllərində Borçalıya daxil oldular. Ayın 14-də Azərbaycanın Xarici İşlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi qüvvələrinin yeridilməsinə qarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan hökuməti buna razılıq vermədi.
Beləliklə, Cümhuriyyət Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda və Paris sülh konfransına tələblərdə göstərilən əraziyə daxil olan inzibati vahidləri (Dağıstan və Tiflis quberniyasının Axalsıx qəzası, Batum və Qars əyalətləri istisna olmaqla), əsasən, siyasi cəhətdən birləşdirməyə nail ola bildi.
Osmanlı ordusunun Mudros müqaviləsi əsasında Azərbaycan torpaqlarını tərk etməsi və ingilislərin gəlişi ilə yaranan yeni dövrdə (1918-ci il noyabr-1919-cu il avqust) dövlətin ərazisi, o cümlədən əyalətləri uğrunda mübarizə yeni mərhələyə qədəm qoydu.
1918-ci il noyabrın 17-də general U.Tomsonun başçılığı ilə ingilislər Bakıya daxil oldu. Hərbi vəziyyət elan olundu. Bakıda ingilis general-qubernatorluğu (1918-ci il noyabr–1919-cu il aprel) təşkil edildi. Bu, Azərbaycanın siyasi quruluşunda yeni bir qurum oldu. Tomson dekabrın 28-də Fətəli xan Xoyski hökumətini yeganə yerli qanuni hökumət kimi tanısa da, dövlət həyatının ən mühüm sahələri kimi ərazi məsələsinə də müdaxilə edirdi. Azərbaycan hökuməti bunları nəzərə alaraq bu general-qubernatorluğun diplomatik vasitələr ilə ləğvinə çalışırdı.
İngilislərin Bakı neftində iqtisadi maraqları olduğu üçün Bakıda sabitliyə üstünlük verirdilər, lakin siyasi məqsədlərini də davam etdirirdilər. İngilislərin dövründə Lənkəran qəzasında denikinçilərin hakimiyyəti (1918-ci il avqust-1919-cu il aprel) davam edirdi. Denikinçilərdən sonra qəzada Muğan Sovet Respublikası (1919-cu il aprel–iyul) elan edildi. Cümhuriyyət yalnız, ingilislərin mövqelərinin zəifləməsindən sonra Lənkəranda hakimiyyətini (1919-cu ilin iyul) yarada bildi.
Dövlətin şimal sərhədləri üçün isə Denikinin Könüllü ordusu tərəfindən ciddi təhlükə getdikcə artmaqda idi. İngilislər müəyyən siyasi manevrlərə baxmayaraq, Denikinlə əməkdaşlıq edirdi. Könüllü ordunun öz tərəfdarları vasitəsilə istər ölkənin daxilində, istərsə də onun sərhədlərindəki fəaliyyəti dövlətin ərazi bütövlüyünü təhdid edirdi. Azərbaycan hökuməti şimal sərhədlərini hərbi cəhətdən möhkəmləndirmək ilə birgə, siyasi tədbirlər də görürdü. Denikinin hərəkatının qarşısının alınması üçün ingilis komandanlığına müraciət edilirdi. Denikin təhlükəsinə qarşı diplomatik mübarizə Paris sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin də gündəliyində idi.
Denikin təhlükəsini artıran ən mühüm amillərdən biri də onun Ermənistan dövləti ilə əməkdaşlığı idi. Denikin təhlükəsi 1919-cu ilin mayında çağrılan Zaqafqaziya konfransında müzakirə edilən zaman ermənilər Denikin ilə olan sazişi nəzərə alaraq, faktik kənarda qaldılar. Azərbaycan Gürcüstan ilə bu sahədə fəaliyyətini genişləndirib, 1919-cu il iyunun 16-da Gürcüstan ilə hərbi əməkdaşlıq haqqında saziş imzaladı.
(ardı var)
Kərim ŞÜKÜROV,
AMEA Tarix İnstitutunun baş direktoru, professor