Ermənistan Qərbi azərbaycanlıların yurdlarına qayıdışını təmin etməlidir

post-img

“Qərbi Azərbaycan indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlıların sıx şəkildə yaşadığı coğrafi məkandır. XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmamışdır”. Azərbaycan Dillər Universitetinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlı soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası ilə bağlı apardığı tədqiqat barədə mediaya bu açıqlamasının davamında bildirib:

– Son iki əsr ərzində heç bir sivil normaya məhəl qoymayan erməni mil­lətçiləri imperialist dairələrin təhriki və himayəsi ilə Qərbi Azərbaycan adlanan tarixi torpaqlarımızda soydaşlarımıza qarşı məqsədyönlü, davamlı deportasi­ya, soyqırımı, etnik təmizləmə siyasəti aparmışlar. Məhz bu ərazilərdə Azər­baycanın tarixi-mədəni irsinin məhv edilməsi, ermənilərin azərbaycanlıları assimilyasiya və izolyasiyaya məruz qoyması tarixi reallıqdır.

Yeri gəlmişkən xatırladaq ki, Azər­baycan multikulturalizm və tolerantlıq strategiyasını dövlət siyasəti olaraq həyata keçirir. Belə ki, ölkə daxilində yaşayan etnik qruplar və dini icmalar bu siyasəti, o sıradan azərbaycançılıq məfkurəsini əsas götürərək öz inkişaf dinamikalarını təmin edirlər. Dövlət bütün imkanlarından istifadə edərək milli və dini icmaların mədəniyyət və adət-ənənələrinin qorunmasını, inki­şaf etdirilməsini öz öhdəliyi hesab edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi: “Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir... Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni za­manda, dövlət siyasəti də lazımi səviy­yədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur”.

Müasir elmi ədəbiyyatda cəmiy­yətdə müxtəliflik və birliyin izahında, o cümlədən multikultural situasiyanın tənzimlənməsində assimilyasiya və izolyasiya məfhumları aktuallıq kəsb edir. Azərbaycan dilində assimilyasiya “ərimə və əritmə”, izolyasiya isə “təcrid-etmə” anlayışları olaraq bilinir. Məhz multikulturalizm də siyasət modeli kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xa­rakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. 

Multikulturalizm siyasətinin mey­dana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli vasitəsilə tənzimləməyə çalışırdılar: assimilyasiya və izolyasi­ya. Assimilyasiya siyasəti milli azlıqla­rın etnik-mədəni dəyərlərini titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cə­miyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli az­lıqların etnik-mədəni dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir. 

Ermənistanda da azərbaycanlı­lara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda məhz milli dini-ideolo­ji mərkəzlərin və dövlət orqanlarının sistemli fəaliyyəti ilə baş vermişdir. Bu proses 1905-06, 1918-21, 1948-53 və 1988-91-ci illərdə xüsusilə şiddətli və amansız olmuşdur. Zəngəzur daxil ol­maqla azərbaycanlılar üstünlük təşkil edən bir çox bölgələr Ermənistana ve­rilmiş və yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atılmışdır.

Hazırda Ermənistanla Azərbaycan arasında davam edən sülh sazişinin hazırlanması və bağlanmasının, nəti­cədə, multikulturalizm aspektindən də mühüm nəticələrə gətirib çıxaracağını söyləyən müəllif daha sonra aşağıda­kıları söyləyib:

– Erməni azlığı da Azərbaycan­dakı digər dini və milli icmalar kimi bərabərhüquqluluq prinsipinə müvafiq olaraq yaşamalarını davam etdirmə­li, Ermənistan buna müqabil olaraq azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarına qayıdışını təmin etməlidir. Prezident İlham Əliyev bugünlərdə An­karada Türk Dövlətlərinin Zirvə Görü­şündə verdiyi açıqlamada bu zərurətin zamanın hökmü və tarixi ədalət əsa­sında gündəmə gəldiyini bildirdi: “Qər­bi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşib­lər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırla­dığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıla­rın öz yurdlarına qayıdışı üçün müva­fiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qara­bağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edə­cəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycan­lıların hüquq və təhlükəsizliyini təmin etməlidir”.

Dövlət başçısının Qərbi Azərbay­can İcması ilə görüşü zamanı söylədiyi kimi, onların qovulduqları heç də kiçik olmayan ərazi bizim tarixi torpağımız­dır, bunu bir çox tarixi sənədlər təs­diqləyir: “Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıla­rın tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Ermə­nistan ərazisində tarix boyu Azərbay­can xalqı yaşayıb. İndi əsas vəzifə on­dan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin...” 

Araşdırmaçı tarixi məlumatlara isti­nadən qeyd edir ki, bolşevik işğalından öncə çar Rusiyası zamanında İrəvan xanlığı ərazisində müsəlmanlar – azər­baycanlılar əksəriyyət təşkil edirdi:

– Hətta daha əvvəllər, Gülüstan və Türkmənçay sülh müqavilələrinə müvafiq olaraq ermənilərin bu qədim Azərbaycan torpaqlarına köçürülməsi də bilinməkdədir. Bu mənada Rusiya­nın 1920-ci il işğalına qədər İrəvan əra­zisində müsəlman kimliyi əsas alınırdı. Ümmət anlayışının bir nəticəsi olaraq ermənilərlə toqquşmalarda və depor­tasiyada müsəlman kimliyi önə çıxırdı. Məhz tarix kitablarında bu çərçivədə cərəyan edən hadisələr erməni-müsəl­man davası olaraq bilinir. Bunlara dəlil olaraq, 1905 və 1918-ci il hadisələrinin erməni-müsəlman davası adlandırıl­masını göstərmək olar.

Bu tendensiya çar Rusiyası süqut etdikdən sonra bolşeviklər vasitəsilə davam etdi. Beləliklə, mahiyyət dəyiş­mədi, əksinə daha geniş vüsət aldı. Hazırda Ermənistan–İran və Fransa üçlüyünün Zəngəzur koridoruna qarşı çıxmaları bu tarixi düşüncələri səbə­bindəndir. Bu üçlük müsəlman-azər­baycanlı varlığına bu torpaqlarda nifrət bəslədikləri üçün tarixdə olduğu kimi, müasir dövrdə də özlərinin assimilya­siya və izolyasiya siyasətlərini tətbiq etmək istəyirlər. 

Azərbaycan tərəfi 44 günlük Qara­bağ müharibəsindən sonra beynəlxalq hüquq və normalar çərçivəsində bu kimi məsələlərin həll olunması üçün beş prinsipə əsaslanan təkliflərini təq­dim etmişdir. Qarabağda ermənilərin digər dini və milli icmalar kimi birgəya­şayış dəyərlərinə mənsub olaraq möv­cudiyyətləri Azərbaycanın multikultural dövlət siyasətinin tərkib hissəsidir. Qər­bi Azərbaycana Qayıdış Konsepsiyası da bu kontekstdə əhəmiyyət qazanır. Qayıdış konsepsiyasının məzmun və mahiyyətinə diqqət etdikdə görmək mümkündür ki, orada ermənilərin azər­baycanlılara qarşı deportasiya, assi­milyasiya və izolyasiya siyasətləri tarixi arqumentlərə əsaslanaraq açıq şəkildə verilmişdir.

Anar Osmanlı açıqlamasının so­nunda vurğulayır ki, ümumiyyətlə, Cə­nubi Qafqazda sülhün və multikultural mühitin stabil olması üçün Qərbi azər­baycanlıların öz tarixi torpaqlarında ya­şamaları təmin olunmalıdır: “Bu hər iki tərəf üçün də multikultural inteqrasiya prosesini ehtiva edir. Ermənistan tərəfi­nin bu tarixi reallığı və fürsəti qaçırması özləri üçün çox böyük uğursuzluqlara gətirib çıxaracaqdır”.

 

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Siyasət