Qərbi Azərbaycandan deportasiya edilmiş, soyqırıma məruz qalmış soydaşlarımızın pozulmuş hüquqları beynəlxalq hüquqda necə dəyərləndirilir? BDU Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədovla görüşüb bu mövzuda müsahib olduq.
– Beynəlxalq hüquqda bir xalqın öz torpağında soyqırımına məruz qalması və sağ qalanların vətənindən kütləvi surətdə qovulmaları necə qiymətləndirilir?
– Bir xalqın məhv edilməsi onun əzəli torpaqlarının, təbii resurslarının əlindən alınması və məcburən oradan qovulması ilə başlayır. Hüquqi və siyasi mənada desək, konkret ərazidə tarixən məskunlaşmış əhali və ya hansısa kateqoriyaya aid edilən şəxslər qrupu məcburən, kanvoy altında digər dövlətə və başqa yaşayış yerinə sürgün edilir və ya qovulur. Problemə sırf cinayət, hüquqi müstəvidən yanaşsaq, deportasiyanın ictimai təhlükəliliyi ondan ibarətdir ki, mülki əhali və ya hansısa kateqoriyaya aid edilən şəxslər qrupu (məsələn, milli, etnik və dini mənsubiyyətinə görə – azərbaycanlılar) tarixən qanuni yaşayış yerlərindən zorla çıxarılması ilə müşayiət olunan və insanların kütləvi şəkildə ev-eşiyindən, doğma torpağından qovulması ilə nəticələnən hərəkətlərə məruz qalır.
Təbii ki, belə əməllər müasir beynəlxalq cinayət hüququnda, o cümlədən Azərbaycan Respublikasının cinayət qanunvericiliyində başvermə şəraiti nəzərə alınmaqla, həm insanlıq əleyhinə cinayətlərin, həm də müharibə cinayətlərinin tərkibi kimi nəzərdən keçirilir. Deportasiya aktı və ya siyasəti müvafiq dövlətin və ya dövlətlərin cinayətkar siyasəti ilə bağlı olan düşünülmüş, məqsədli cinayətdir. Deportasiya məsələsində iki ifadəyə – “əhalini qanuni yerləşdiyi yerlərdən başqa yerlərə qovma” və “digər məcburi hərəkətlərlə didərgin salma” ifadələrinə diqqət yetirmək lazımdır.
Azərbaycanlıların indiki Ermənistandan deportasiyasına hüquqi qiymətləndirmə müstəvisində bir qədər də geniş aspektdə yanaşsaq, əslində, xalqımıza qarşı həyata keçirilmiş deportasiya aktını, “spesifik niyyət konsepsiyası” nəzərə alınmaqla, həm də soyqırımı aktı kimi qiymətləndirə bilərik.
– Dünyanın gözü qarşısında baş vermiş və bir qayda olaraq, susqunluqla qarşılanmış bu irimiqyaslı cinayətin fakt və sübutları olaraq qısaca nələri göstərə bilərsiniz?
– Birincisi, məqsədli olaraq ərazilərimiz və resurslarımız əlimizdən alınıb və bu prosesdə Rusiya imperiyası Cənubi Qafqazı, xüsusən də Azərbaycanı özünün geosiyasi maraq dairəsinə salarkən “erməni kartından” məharətlə istifadə etmişdir. Məqsədli köçürülmənin və sonrakı mərhələlərdə həyata keçirilmiş deportasiyaların məntiqi nəticəsi isə azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin düşməsinə, ermənilərin isə bu prosesdə birbaşa maraqları olan dövlətlərin siyasi-hərbi dəstəyinə arxalanaraq sahib olduqları ərazilərdə siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə gətirib çıxarmışdır.
İkincisi, Qərbi Azərbaycanın coğrafi baxımdan əlverişli yerlərində yaşamış insanlarını, el dilində desək, dağ adamının “ilan mələyən”, ucsuz-bucaqsız, susuz aran ərazilərə köçürülməsi, təbii ki, soyqırımı aktıdır.
Üçüncüsü, Qərbi Azərbaycanda xalqımızın min illər boyu əldə etmiş olduğu və bizə mənsub olan maddi-mənəvi dəyərlərimizin, tariximizin, dilimizin saxtalaşdırılması və onların erməni mədəniyyəti kimi təqdim edilməsi və s. mənəvi soyqırımı deməkdir. Etiraf edək ki, ermənilər başqa xalqlara mənsub olan mədəniyyətləri oğurlamaq və onları öz adlarına çıxarmaqda olduqca mahirdirlər. Əfsuslar olsun ki, onlar bu işdə güclü təbliğat maşını qurublar və himayədarları da onlara dəstək verir.
Dördüncüsü, Ermənistanın azərbaycanlılara qarşı soyqırımı ilə müşayiət olunan deportasiyasının kulminasiya nöqtəsi Xocalı soyqırımıdır. Qərbi Azərbaycanın siyasi işğalından sonra keçmiş SSRİ-nin məkrli siyasətinin nəticəsi olaraq tarixi Azərbaycan ərazilərinin erməniləşdirilməsi prosesi davam etmiş və indinin özündə də bu problemdən əziyyət çəkirik.
– Bu cinayətlər Ermənistanın məqsədyönlü dövlət siyasəti kimi gerçəkləşdirilmişdir. Beynəlxalq hüquq belə halda kimi və nəyi ittiham edir?
– Belə beynəlxalq cinayət əməlləri qəsdlə törədilir və son nəticəsi məqsədli xarakter daşıyır. İndiki halda cinayətkar Ermənistan dövləti və onu idarə edənlər, həm də ayrı-ayrı cinayətlərin təşkilatçıları və əsas icraçılarıdır. Nəticə olaraq, insanların deportasiyaya və soyqırıma məruz qoyulmaması beynəlxalq hüquqla qadağan olunan imperativ tələbdir, yəni mübahisə olunmayan bir tələbdir və bu bir öhdəlik olaraq dövlətlərin üzərinə məsuliyyət yükü qoyur.
Hüquqi varislik konsepsiyası nəzərə alınmaqla istər Rusiya Federasiyası, istərsə də Ermənistan deportasiya və soyqırım əməllərini qadağan edən beynəlxalq hüquqi aktların, məsələn, 1948-ci il soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın iştirakçıları olduğuna görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyırlar. Soydaşlarımıza qarşı edilmiş məqsədli deportasiya və soyqırımı aktlarına görə həmin dövlətlərin kompensasiya ödəmələri üçün beynəlxalq prosesə start verilməlidir. Xocalı və digər soyqırımı aktlarını törədən cinayətkarların cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılması üçün dövlətimiz mümkün olan bütün hüquqi addımları atmalıdır ki, sonda haqq və ədalət zəfər çalsın.
Prezident İlham Əliyevin vurğuladığı kimi, azərbaycanlılar Qərbi Azərbaycandakı tarixi torpaqlarına qayıtmalıdırlar. Biz Azərbaycanın itirilmiş parçası olan Qərbi Azərbaycana mütləq dönəcəyik.
Müsahibəni qələmə aldı:
Anar TURAN, “Xalq qəzeti”