Tehran diplomatik əxlaqsızlığını davam etdirir

post-img

Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü çərçivəsində qəbul edilən Ankara Bəyannaməsində cari ilin 27 yanvarında Azərbaycanın İrandakı səfirliyinə edilən terror aktı pislənilib, təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün çağırış edilib. 

Xatırladaq ki, terror aktı nəticəsində səfirliyin bir əməkdaşı qətlə yetirilib, di­gər iki əməkdaşı isə yaralanıb. Baş verən olay Prezident İlham Əliyev tərəfindən elə həmin gün terror aktı kimi dəyərləndi­rilib, ölkə başçısının bununla bağlı “Twit­ter” hesabındakı paylaşımında deyilib: 

“Bu gün Tehrandakı səfirliyimizə qar­şı törədilmiş terror aktını şiddətlə qınayı­ram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğ­lunun ailəsinə və yaxınlarına dərin hüzn-lə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diploma­tik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”

Təəssüflər olsun ki, terror aktının üstündən 50 gün keçməsinə baxmaya­raq, rəsmi Tehran bugünədək cinayətin araşdırılması, onun sifarişçilərinin və icraçılarının məsuliyyətə cəlb edilməsi, ümumiyətlə, müstəqil apardığı istintaqın gedişi barədə Bakıya heç bir məlumat, açıqlama verməyib. Terrorun baş verdi­yi gündən bu qanlı olayla bağlı məntiqə sığmayan versiyalar irəli sürən, diploma­tik etiketdən uzaq, məsuliyyətsiz davra­nış ortaya qoyan fars-molla rejimi özünü indi də baş verənləri vecinə almayan tərəf kimi aparır. Halbuki, İİR imzaladı­ğı beynəlxalq konvensiyaların şərtlərinə əsasən, Tehrandakı səfirliyimizin təhlükə­sizliyinə təminat verməli olan, buna görə məsuliyyət daşıyan ölkədir. Belə olan halda, onun Azərbaycanın ölkəsindəki səfirliyinə edilən terror hücumu ilə bağlı ciddi araşdırma apardığı hiss olunmayan fars rejimi bu cinayətin özünün sifarişi ilə həyata keçirildiyi ehtimalını artırır. 

Baş verənlərə görə, Azərbaycandan üzr belə istəməyən Tehranın diplomatik əxlaqdan uzaq davranışı göstərir ki, İran bu terror aktının araşdırılmasında maraq­lı deyil. Elə bu səbəbdən də rəsmi Tehran Azərbaycanın tələb və təkidlərinə rəğ­mən susmaqdadır. Ancaq rəsmi Tehran unudur ki, onun susqunluğu səfirliyimizə qarşı təşkil edilən terror hücumuna görə İranı məsuliyyətdən azad etmir. Əksinə, bu susqunluq və fəaliyyətsizlik onu göstə­rir ki, İrana bir dövlət kimi güvənmək, ona hər hansı məsələdə etibar etmək olmaz. Təsadüfi deyil ki, Azərbaycan dövləti öz vətəndaşlarına ehtiyac olmadığı təqdirdə İrana getməməklə bağlı xəbərdarlıq edib. Fevralın 20-də İrana səfər edən Azərbay­can vətəndaşı Fərid Səfərlinin bu ölkənin ərazisində yoxa çıxması faktı, rəsmi Ba­kının xəbərdarlığının əsassız olmadığını ortaya qoydu. 

Qeyd edək ki, İran dövləti səfirliyimi­zin binasında törədilən terror aktı kimi, Fərid Səfərlinin itkin düşməsi faktını da araşdırmaq istəmir. Bu, İranın təkcə Azərbaycan vətəndaşları üçün deyil, bü­tün xarici ölkə vətəndaşları üçün təhlükəli bölgə olduğunu göstərir.

Tehran səfirliyimizə yönəlmiş terror aktını araşdırmaq istəməsə də, Azərbay­can dövləti bu istiqamətdə konkret ad­dımlar atmaqdadır. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Tehrandakı səfirliyimizə edilən hücumla bağlı cinayət işi açılıb və istintaq-əməliyyat tədbirlə­ri aparılmaqdadır. Bu isə o deməkdir ki, İranın nə düşünməsindən, nə planlaşdır­masından asılı olmayaraq, terror aktında əli olan hər kəs aşkar ediləcək və onlar törətdikləri cinayətə görə mütləq cavab verməli olacaqlar.

 

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət