İslamofobiyaya qarşı mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu müzakirə edilib

post-img

BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin birilliyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans davam edir.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “İslamofobiyaya qarşı mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu” mövzusunda plenar sessiya təşkil olunub.

Sessiya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri Aytən Qəhrəmanın moderatorluğu ilə keçirilib.

Çıxış edən İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Əli Acıkgül qeyd edib ki, dünyanın bir sıra ölkələrində İslam dünyasına nifrət dolu çıxışlar, onların müsəlmanların müqəddəslərinə qarşı təhqiramiz hərəkətləri qəbuledilməzdir. Bəzi kinolarda və şəkillərdə müsəlmanlar terrorist kimi göstərilir. Bu isə qərb ölkələrinin ikiüzlülüyüdür. O bildirilib ki, bir sıra ölkələrdə dini inanclar alçaldıcı rəftara məruz qalırlar. İfadə azadlığı çərçivəsində digər insanların həyat tərzini və dini inancını alçaltmaq olmaz.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham iştirakçıların diqqətinə çatdırıb ki, islamofobiya dünyada əsas problemlərdən biridir. Müsəlmanlar elmi biliklərini artırmalı, əlaqələrini daha da genişləndirməlidirlər.

Səfir, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Tasnim Aslan qeyd edib ki, islamofobiyanın yayılma səbəblərini bilmək lazımdır. Tarixdə bir çox qərb ölkələri tərəfindən müsəlmanların təbii sərvətləri və torpaqları barbar şəkildə talan edilib. İslam dünyası və qərb ölkələri arasında hər zaman rəqabət olub. Bir çox ölkələrdə 20 ildir antiislam kitablar yazılmaqdadır və bu, davam edir. Təəssüflər olsun ki, müsəlmanlara qarşı alçaldıcı hərəkətlər getdikcə artır və bəzi hökumətlər buna göz yumur. Maariflənmiş müsəlmanlar irəli çəkilməli və beynəlxalq təşkilatlarda aktiv iştiraka təşviq edilməlidir.

Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin tədqiqat üzrə rəhbəri Bülənt Aras islamofobiya və müsəlmanlara qarşı postmüstəmləkə dövrünün tarixindən danışıb. O bildirib ki, islamofobiya bəzi ölkələri bürümüş ağır xəstəlikdir. Müsəlman ölkələri arasında olan münasibətlər daha da gücləndirilməli, sağlam əlaqələr qurulmalıdır.

Sessiya sualların cavablandırılması ilə davam edib.

Siyasət