Politoloq: Avropa Parlamenti təxribatçı addımları ilə qitənin enerji maraqlarına zərbə vurur

post-img

Avropa Parlamentinin Azərbaycana qarşı qətnamə qəbul etməyə hazırlaşması Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunmasına maneçilik törətmək məqsədilə atılacaq növbəti addımdır.

Bunu AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.

Politoloq bildirib ki, Fransanın erməni diasporunun təsiri altında olması heç kimə sirr deyil. Onlar zaman-zaman Azərbaycana təzyiq məqsədilə təxribatlara əl atıblar. Amma təbii ki, bu cəhdlər uğursuzluqla nəticələnib.

“Azərbaycan tərəfi rəsmi olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşün Bakıda keçirilməsini təklif edib. Bu qərar İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq, Prezident İlham Əliyevin simasında Azərbaycanın regionda sülhü dəstəklədiyini göstərir. Xocalıda keçirilən ilk görüşün uğurlu alınması üçün ikinci görüşün Bakıda keçirilməsinin təklif edilməsi artıq bəzi qüvvələri və gücləri narahat etməyə başlayıb. Bu qüvvələr Azərbaycanın sülh və sabitlik üçün irəli sürdüyü təşəbbüslərə mane olmağa çalışırlar.

Avropa Parlamenti Azərbaycana qarşı növbəti təxribat xarakterli addım atmaqla nümayiş etdirir ki, Qarabağ icmasının Azərbaycanla danışıqlara hazır olmasından narahatdır. Ona görə də bu danışıqlara mane olmaq istəyir. Avropa parlementariləri Qarabağ ermənilərinə ümid verməyə çalışırlar. Guya ki, bunlar Qarabağ ermənilərinin hüquqlarını müdafiə edəcəklər. Amma onlar düşünmürlər ki, həmin qətnamələr bu gün Eva Kailinin həbsdə olduğu və haqqında araşdırma aparılan digər deputatların təmsil olunduğu bir qurum tərəfindən verilir. Qətnamə qəbul etməyə hazırlaşan Avropa Parlamenti abrına bükülüb araşdırmaların nəticələrini gözləməlidir”, - deyə X.Bəşirov qeyd edib.

Politoloq vurğulayıb ki, sözügedən qətnamənin hazırlanmasında iştirak edən deputatların hamısının korrupsiyada əli var. Həmin adamlar erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə inteqrasiya edilməsinə mane olmaq istəyirlər. Digər tərəfdən korrupsiya ilə bağlı qalmaqalları fərdi istiqamətə yönəltməyə çalışırlar. Qarabağda olan Roben Vardanyan kimi cinayətkar ünsürlər, Azərbaycana qarşı yeni çağırış edənlər canfəşanlıq göstərirlər. Qarabağın erməni icması onlara qulaq assaydı, təbii ki, birinci görüş baş tutmazdı.

Bu addımın Azərbaycanın sülh təşəbbüslərinə mane olmağa yönəldiyini vurğulayan X.Bəşirov deyib: “Avropa parlamentində bu məsələnin gündəmə çıxarılması ancaq təəssüf doğurur. Bu, həmin Avropadır ki, enerji və ərzaq təhlükəsizliyinin təminatı, yaşıl enerjinin mübadiləsi üçün Azərbaycandan dəstək gözləyir. Avropa Parlamenti təxribatçı addımları ilə qitənin enerji maraqlarına zərbə vurur.

AP-nin bu hərəkəti Avropa İttifaqının dövlətləri tərəfindən pislənməli və sərt mövqe ortaya qoyulmalıdır. AP-nin qətnaməsi BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 haqlı qətnaməsindən irəli gedə bilməz. Bu qətnamələr vaxtında icra olunmayıbsa, Avropa Parlamentinin qərəzli və ədalətsiz qətnaməsi sülhlə bağlı hazırlıq prosesinə heç bir təsir edə bilməyəcək. Bu qətnamə də əvvəlkilər kimi kağız üzərində qalacaq”.

Siyasət