Mayın 13-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət Himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri həmkarını salamlayıb və onu bir daha ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və inkişafını müsbət qiymətləndirib.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Y.Güler göstərilən səmimiyyətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qonaq hərbi əlaqələrimizin möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin və bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Həmin gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə də görüşüb.
Türkiyəli qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluq ifadə edib. Dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığa böyük töhfə verdiyini, məhz bunun sayəsində hərbi əlaqələrimizin bu gün yüksək inkişaf mərhələsində olduğunu bildirib.
General-polkovnik Z.Həsənov hər iki qardaş ölkənin hərbi qulluqçularının cəlb edilməsi ilə keçirilən birgə təlimlərin sayının cari ildə ötən ilə nisbətən artmasını xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasına müsbət təsiri xüsusi vurğulanıb, habelə maraq doğuran digər məsələlər müzakirə olunub.
XQ