4 ayda 9 milyon ton neft və kondensat

post-img

2025-ci ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, ölkəmizdə neft-kondensat hasilatı 9,1 milyon ton, ixracı isə 7,8 milyon ton təşkil edib. Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. Nazir onu da bildirib ki, bu dövrdə ölkədə 16,7 milyard kubmetr qaz hasil edilib. Bunun da 8 milyard kubmetri xaricə satılıb.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı – Tbilisi – Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstan neft də nəql edilir.

Təbii qaz həcmləri isə Cənubi Qafqaz Boru Kəməri (Bakı – Tbilisi – Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı – Tbilisi – Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

 

İqtisadiyyat