Cari ilin yanvar-mart aylarında Zirə limanından “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) aid 25 min tona yaxın yük daşınıb. Həmin yüklər isə, əsasən, kimya sənayesi məhsullarından ibarət olub. Bu barədə ADY-dən məlumat verilib.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” tərəfindən 2023-2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində 21 kilometrlik Dübəndi – Zirə – Gürgən – Zirə Dəniz Limanı dəmiryol xətti yenidən qurulub. Bundan əlavə, Gürgən və Zirə limanı arasında 9 kilometr uzunluğunda yeni dəmiryol xətti çəkilib. Həmin infrastruktur quruculuğu isə bu ilin yanvar ayının sonlarında Zirə limanından ilk dəfə olaraq dəmir yolu ilə tranzit yüklərin daşınmasına imkan yaradıb.
Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınması sayəsində Orta Dəhlizlə yük axınlarının daha sürətli təşkili və əməliyyatların səmərəliliyi təmin olunacaq.