Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının qorunması, onların öz hüquqları barəsində maarifləndirilməsi, xüsusilə də sahibkarların öz fəaliyyətlərini istehlakçı məmnunluğu yönündə qurmağa təşviq edilməsi məqsədilə genişmiqyaslı maarifləndirmə kampaniyasına başlayıb.
Dövlət – özəl dialoqu əsasında həyata keçirilən maarifləndirmə kampaniyası çərçivəsində Bakı şəhərində və regionlarda yerləşən iri market şəbəkələrində, elektronika mağazaları və yanacaqdoldurma məntəqələrində, eləcə də Bakı şəhərində yerləşən geyim mağazalarında və böyük ticarət mərkəzlərinin reklam lövhələrində, ümumilikdə, 6 mindən çox obyektə “İstehlakçı hüquqlarını bil və tələb et!” çağırışı ilə hazırlanan maarifləndirici posterlərin yerləşdirilməsi həyata keçirilir. Artıq ölkə üzrə 9 mindən çox posterin yerləşdirilməsi başa çatdırılıb.
Agentliyin məlumatına əsasən, istehlakçılar posterlər üzərində əks olunmuş QR kodu mobil telefon vasitəsilə asanlıqla oxudaraq qurumun rəsmi internet səhifəsində yerləşdirilmiş “İstehlakçının əl kitabçası” (https://competition.gov.az/az/page/melumat-merkezi/istehlakcinin-el-kitabcasi) adlı maarifləndirici materiala keçid edə və onu yükləyə bilərlər.
Materialda lazımi keyfiyyətli qeyri-qida malı dəyişdirilərkən, qüsurlu mal satılarkən, eləcə də iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların sahib olduqları hüquqlar, eyni zamanda, sözügedən hallarla rastlaşdıqda istehlakçılar tərəfindən atılacaq addımlar, zəmanət öhdəlikləri və yararlılıq müddəti barədə məlumatlar əks olunub. Bu da istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılmasına xidmət edir. Nəticə etibarilə, istehlakçılar mal, iş və ya xidmət aldıqları müəssisələrdə öz hüquqlarını bilməklə yanaşı, həm də sahibkarlarla daha sağlam və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq imkanı əldə edəcəklər.