Əsas hədəf Dünya Kubokuna vəsiqə qazanmaqdır
Mayın 24-25-də ölkəmizdə ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları keçiriləcək. Paytaxt Bakıda həm kişi, həm də qadın millilərimiz əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. “B” qrupunda kişi millimiz Kanada və Böyük Britaniya, qadın yığmamız isə Latviya və Misir komandalarına qarşı yarışacaq. “A” qrupunda kişilərin turnirində Monteneqro, Ruanda və İran, qadınların yarışlarında isə Çili, Çin Taypeyi və Braziliya milliləri qələbə qazanmağa çalışacaqlar. Kişi millimiz ilk oyununu mayın 24-də saat 19:05-də Kanadaya, qadın kollektivimiz isə saat 18:15-də Misirə qarşı keçirəcək. Qeyd edək ki, “Sea Breeze” istirahət mərkəzində təşkil ediləcək yarışlarda reqlamentə əsasən, seçmə mərhələ qruplarını ilk iki yerdə tamamlamış komandalar yarımfinala vəsiqə qazanacaqlar.
Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov “Xalq qəzeti”nə açıqlamasında rəqiblərimiz olan Latviya, Misir, eləcə də Kanada və Böyük Britaniya təmsilçilərinin 3x3 basketbolda ənənələri olan komandalar olduğunu dedi: “Şanslarımız var və ondan yetərincə istifadə etməliyik. Rəqiblər seçmə mərhələnin ən güclüləri sayılır. Uğurlu nəticə əldə etmək üçün təmsilçilərimizin sona qədər mübarizə aparacaqlarına inanırıq. Ölkəmizdə ilk dəfə keçiriləcək bu mötəbər yarışda yaxşı nəticəyə ümid edirik”.
Federasiya rəsmisi qadınlardan ibarət yığmaya cəlb olunan Arika Karter və Brianna Frezerlə bağlı da fikirlərini bölüşüb. F.Mahmudovun sözlərinə görə, hər iki basketbolçu yaxşı formadadır. Öz klublarında keçirdikləri mövsümdə fərqləniblər.
Federasiyanın baş katibi Vüqar Əzimov Azərbaycan millisinin seçmə mərhələdə yaxşı çıxış edəcəyinə inandığını bildirdi: “Qadın yığmamız öz qrupunun favoriti sayılır. Komandamızı zəif hesab etmirik. Deyərdim ki, Latviya və Misirdən güclüyük. Rəqabət gərgin olacaq. Eyni zamanda kişi basketbolçularımızdan da yaxşı oyun sərgiləmələrini gözləyirik”.
Dünya çempionatının seçmə mərhələsində kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi olacaq Zaur Paşayev komandanın hazırda məşq keçdiyini dedi: “Yığma üzvləri Amil Həmzəyev, Kamran Əliyev, Şirzad Şirzadov yarışda olduqları üçün məşqə qatıla bilmirlər. Türkiyədə oyunçumuz Orxan Aydın da bir neçə gündən sonra komandaya qoşulacaq. Ümumiyyətlə, yığma mayın 15-dən tam olaraq məşqlərə davam edəcək. Yarışda qalib gəlmək istəyirik. Çalışacağıq ki, Dünya Kubokuna vəsiqə qazanacaq 3 komandadan biri biz olaq. Rəqiblərdən Kanada ilə heç oynamamışıq. Amma İngiltərə yığması ilə yoldaşlıq oyunu keçirmişik. A qrupundan isə İranla oynamışıq. Əsas hədəf Dünya Kubokuna düşməkdir”.
Yarımfinal cütlərinin qalibləri və yarımfinal cütlərində məğlub olan komandalar arasında keçiriləcək oyunun qalibi Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq. Mötəbər yarışın əsas mərhələsi Ulan-Batorda iyunun 23-29-da olacaq.
Leyla QURBANOVA
XQ