Şəhid mayorun xatirəsi anıldı

post-img

Masallı rayonunun Ərkivan qəsəbəsindən olan, Aprel və Tovuz döyüşlərinin qəhrəmanı, şəhid mayor Anar Novruzovun növbəti doğum günü qeyd edilib. Anar Novruzov Milli Qəhrəmanlar Polad Həşimovun və İlqar Mirzəyevin yaxın dostu, silahdaşı idi. Elə Polad Həşimov, İlqar Mirzəyev və Anar Novruzov üçü də bir yerdə, yəni bir atəş mövqeyində düşmənin açdığı artilleriya atəşi nəticəsində şəhid oldular.

İgid zabit Türkiyədə peşəkar təlim keçmişdi. 2016-cı ilin Aprel döyüşlərində şücaətlə iştirak edərək qəlpə yarası almışdı. Xidməti dövründə snayper tüfəngi ilə atdığı dəqiq atəşlərlə onlarca düşmən əsgərini məhv etmişdi. Elə bu səbəbdən də xidmət yoldaşları ona AQS-17 silahının “atası” da deyirdilər. Kəşfiyyatçı zabit kimi xidmətinə görə isə ona “Akula” ləqəbi verilmişdi. Təəssüf hissi ilə xatırlayırıq ki, ömrünün 26 ilini Vətənə xidmət edən Anar Novruzov 2020-ci ilin yayında baş verən “Tovuz döyüşləri” zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədilə qəsəbədəki küçələrdən birinə onun adı verilib, vaxtilə yaşadığı evin qarşısında büstü qoyulub.

Doğma qəsəbədəki məzarıstanda uyuyan Anar Novruzovun xatirəsi ehtiramla yad edilib. Dostları, silahdaşları onunla bağlı həzin xatirələrini söyləyiblər. Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin Masallı sektorunun müdiri Sabiq Cahangirov, şəhidin hərbçi dostu, polkovnik-leytenant Firdovsi Xəlilov, onun tabeliyində xidmət etmiş əsgərlər, qazilər və şəhid valideynləri çıxış etdikcə qəhrəmanın işıqlı obrazı gözlər önündə canlanıb. Mərasimdə Ərkivan qəsəbəsindəki məktəblərin şagirdləri şəhid mayora həsr olunmuş kompozisiyanı təqdim edib, vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

Həmin gün məktəbli oğlan və qızlar arasında şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş tir atıcılığı yarışlarına da yekun vurulub və qaliblər mükafatlandırılıblar.

Ə.ƏLİYEV
XQ



Sosial həyat