Əli bin Saleh Əl-Saleh: Bəhreyn Azərbaycanla münasibətlərin daha da genişləndirilməsində maraqlıdır

post-img

Martın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Əl-Salehlə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb, ortaq ümumi dini və mədəni dəyərlərin dost ölkələrimizi birləşdirdiyi qeyd olunub. Azərbaycan və Bəhreyn BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq edirlər.

Vurğulanıb ki, iki ölkənin parlamentləri arasında qarşılıqlı fəaliyyət dövlətlərimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərir və bu gün qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub. Azərbaycan və Bəhreyn parlamentlərinin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyət göstərdikləri bildirilib.

Tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrliyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünün inkişafı təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərəkatın Parlament Şəbəkəsinin ilk iclası 2021-ci ilin noyabrında Madriddə, ilk iclası isə ötən ilin iyul ayında Bakıda keçirilib. Sahibə Qafarova Bəhreyn parlamentinin nümayəndə heyətinin hər iki tədbirdə çıxışını yüksək qiymətləndirib. Milli Məclisin sədri bir daha vurğulayıb ki, Azərbaycan Hərəkatın Parlament Şəbəkəsinin institusional inkişafına xüsusi önəm verir.

S.Qafarova Parlament Şəbəkəsinin digər parlamentlərarası təşkilatlarla əməkdaşlıq əlaqələrini genişləndirdiyini vurğulayıb. Şəbəkə Ərəb Parlamentində, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında və Asiya Parlament Assambleyasında müşahidəçi statusu alıb. Bundan əlavə, dünən Parlament Şəbəkəsi ilə ASEAN PA arasında Anlaşma Memorandumu imzalanıb.

Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh ölkəsinin Azərbaycanla münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu bildirərək, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edib. O, Hərəkatın Parlament Şəbəkəsində fəaliyyətə böyük önəm verdiyini bildirib, təsis və birinci konfransda təmsil olunmalarının bunun təsdiqi olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Son xəbərlər