Fransa ermənilərə vəkillik etməkdənsə, öz ərazisindəki etnik qrupların hüquqlarını təmin etsin – Hərbi ekspert

post-img

Fransanın İkinci Qarabağ müharibəsindən sonrakı Azərbaycana qarşı riyakar siyasəti kimsə üçün sirr deyil. Məlum olduğu kimi, Fransa Azərbaycan ərazisi olan Qarabağda yerləşən az bir miqdarda erməni üçün xüsusi status tələb etdiyi halda özünün ərazisində mövcud olan Korsika əhalisinə qarşı daim zorakılıqlara əl atır. Fransa Milli Assambleyasında da separatizmlə mübarizə və terror hücumlarının qarşısı alınması adı altında iki il əvvəl qəbul edilən qanun layihələri bu gün əslində milli azlıqlara qarşı, o cümlədən də korsikalılara qarşı ayrı-seçkilik məqsədilə tətbiq olunmaqdadır. Fransa hüquq-mühafizə orqanları zaman-zaman adıçəkilən ərazilərdə ictimai-siyasi fəallara qarşı araşdırmalar aparmaqla onları cinayətkar terror qruplaşmasının üzvləri kimi ictimaiyyətə təqdim edərək bir çoxlarını da müxtəlif müddətlərdə həbsə məhkum ediblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

“Fransa vətəndaşlarına qarşı bu qədər qanun pozuntularına yol verən Emmanuel Makron öz ölkəsində mövcud olan separatçıları terrorçu və ekstremist adlandırdığı halda məsələ Qarabağa və Azərbaycana gəlincə, erməni silahlılarını ayrıca bir qurum kimi təqdim etməyə çalışır. Sanki kimsə Fransa Prezidentini Qarabağdakı erməni silahlılarının vəkili təyin edib. Fransada mərkəzləşdirilmiş dövlət sisteminə qarşı çıxış edən yalnız Korsika deyil. Bir çox bölgələr, o cümlədən Bretani, Oksitaniya kimi bölgələr də mərkəzləşdirilmiş idarəetmə sisteminə qarşı zaman-zaman çıxış edirlər. Etnik azlıqların qorunması, beynəlxalq konvensiyaların pozulması istiqamətində Fransanın kifayət qədər ayrı-seçkiliyə yol verdiyi kimsədə şübhə doğurmur. Bu gün Fransa Qarabağdakı erməni silahlılarının vəkili rolunda çıxış etməkdənsə öz ərazisində mövcud olan etnik qrupların hüquq və azadlıqlarını təmin etsəydi daha doğru olardı. Fəaliyyətindəki bu qədər ciddi çatışmazlıqlar olan Fransanın ermənilərə və erməni dilinə hörmətlə yanaşan Azərbaycanı soyqırımında ittiham etmək üçün əlində heç bir tutarlı əsasları mövcud deyil. Yeni qəbul edilən və Fransa dövləti tərəfindən Korsikada korsikan dilinin istifadə edilməsinin qadağan olunması Fransanın mövcud hakimiyyətinin nə qədər ikiüzlü və riyakar olduğunu göstərir”, - deyə Ə.Verdiyev bildirib.

Siyasət