İon-Marçel Çolako: Azərbaycan Cənubi Qafqazda Rumıniyanın strateji tərəfdaşıdır

post-img

Fevralın 27-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rumıniya Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin sədri Sahibə Qafarova bu səfərin iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafına, dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu xatırladaraq, Rumıniyanın Azərbaycanın müstəqilliyini tanımış dünyada ikinci, Avropa İttifaqı ölkələri arasında isə ilk ölkə olduğunu qeyd edib.

Azərbaycan-Rumıniya dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini deyən Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rol oynadığını bildirib.

Söhbət zamanı Milli Məclisin sədri parlamentlərimiz arasında səmərəli əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib. O, ötən dövr ərzində parlament sədrləri, dostluq qrupları səviyyəsində baş tutmuş qarşılıqlı səfərlərin, hər iki parlamentdə fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb.

Sahibə Qafarova parlamentlərarası əlaqələri daha da inkişafı üçün parlament komitələri səviyyəsində əməkdaşlığın vacibliyini bildirib.

Parlamentin sədri Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsindən danışıb, hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesi, barədə də məlumat verib.

Rumıniya Deputatlar Palatasının sədri İon-Marçel Çolako qeyd edib ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur və Azərbaycan Cənubi Qafqazda Rumıniyanın strateji tərəfdaşıdır. İon-Marçel Çolako iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı, bu sahədə dostluq qruplarının rolu, Rumıniya ilə Azərbaycan arasında enerji sahəsində həyata keçirilən birgə layihələrin Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə fikirlərini bölüşüb.

Söhbət zamanı hər iki parlament sədri beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.



Siyasət