Qlaukoma nədir?

post-img

Xalq arasında “Qara su” və ya “Göz təzyiqinin yüksəlməsi” kimi adlandırılan qlaukoma xəstəliyi geridönməz korluqla nəticələnən xəstəliklər arasında ikinci yeri tutur. Hal-hazırda dünyada təxminən 80 milyondan çox insan qlaukoma xəstəliyindən əziyyət çəkir və bu sayın 2040 ildə 111 milyon 800 minə çatacağı ehtimal edilir. 

“Qlaukoma” termini qlaukoma sindromu ilə keçən bir çox xəstəliklər qrupunu birləşdirir. Bu sindroma gözdaxili təzyiqin artması və görmə sinirinin ekskavasiyası ilə atrofiyası və görmə funksiyalarının, ilk növbədə görmə sahəsinin xarakterik dəyişiklikləri ilə gedən optik neyropatiyalar aiddir. Qlaukoma optik neyropatiyanın bir növü kimi görmə sinirində spesifik dəyişikliklərin yaranmasına, son nəticədə görmə sinirinin atrofiyasına səbəb olur.

Qlaukoma hiyləgər xəstəlikdir – illərlə inkişaf etsə də, çox hallarda ilk mərhələlərdə özünü büruzə vermir. İnsan tədricən kor olmasını heç hiss etmir, “əhəmiyyətsiz” əlamətləri isə (gözdə yad cisim hissiyatı, yaşaxma, göz önündə duman, işığa (lampaya) baxdıqda rənqli halqaların görünməsi, arabir olan gözətrafı və ya baş ağrısı, tez-tez eynəklərin dəyişməsi) yaşlanma və yaxud yorğunluğu ilə izah edir. 

Qlaukoma daha çox kimlərdə rast gəlinir?

·        Genetik olaraq ailəsində qlaukoma xəstəliyi olan şəxslərdə

·        40 yaşdan yuxarı şəxslərdə 

·         Refraksion qüsurları (miopiya, hipermetropiya) olan şəxslərdə 

·        Göz travmalarından sonra 

·        Uzun müddətli yerli və ümumi steroid terapiya (kortizon, prednizolon, metipred, dexametazon və s. tərkibli dərmanların) istifadəsi qlaukoma üçün risk faktorları hesab olunur. Belə ki astma, allerqiya, əzələ distrofiyalarında, artrit, oynaq və onurğa xəstəliklərində, bəzi qinekoloji problemlərdə və refraksion əməliyyatlardan sonra təyin edilən steroid kurs müalicələr göz daxili təzyiqin yüksəlməsinə  səbəb olur.

·        Bundan başqa ürək-damar catmamazlığı, insult, miokardın infarktı, şəkərli diabet, hipotiroidizmdən əziyyət çəkən xəstələrdə qlaukoma riski yüksəkdir. 

Milli Oftalmologiya Mərkəzinin nəzdində Azərbaycanda yeganə olan “Qlaukoma” mərkəzi fəaliyyətdədir. Burada ən müasir diaqnostik avadanlıqlar (Optik koherent tomoqrafiya, Heydelberq retinal tomoqrafiya, Qoldman üsulu ilə  tonometriya, perimetr) vasitəsilə qlaukomanın erkən diaqnostikası, dinamik müşahidəsi, müalicəsi və dispanserizasiyası mövcuddur. Qədim ənənəsi olan bu ocaqda 60-cı illərin əvvəllərində yaradılmış “Qlaukoma” şöbəsinə fərqli vaxtlarda tibb elmləri doktoru  M.Qasımova, professorlar K.Kərimov və  E. Qasımov rəhbərlik etmişlər.   

Qlaukoma hər zaman alimlərimizin diqqətini cəkmiş, bu problemə həsr olunmuş elmi işlər hələ ötən əsrin 50–60 illərində akademik  Z. Əliyeva, professorlar S. Vəlixan, U. Musabəyli tərəfindən yazılmışdır və indi də bu ənənə davam edir.

 

Mətanət Əfəndiyeva,

Milli Oftalmologiya Mərkəzinin WET-LAB şöbəsinin müdiri

 



Səhiyyə