Akademikin 102 illiyinə həsr olunmuş konfrans keçiriləcək

post-img

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə aprelin 25-də akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək.

Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalmışdır. Onun elmi fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilmişdir. Zərifə xanım Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın öyrənilməsi və aradan qaldırılmasında, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsində xüsusi rol oynamışdır.

O, “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” kimi fundamental əsərlərin müəllifidir. Ümumilikdə 150 elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi ilə Azərbaycan tibb elminə əvəzolunmaz töhfələr vermişdir. Onun adı bu sahədə yetişmiş bir çox yüksək ixtisaslı mütəxəssisin formalaşmasında xüsusi hörmətlə çəkilir.

Ənənəvi xarakter daşıyan bu konfrans oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və tibbi texnologiyaların müzakirəsi, yerli və xarici mütəxəssislərin təcrübə mübadiləsi üçün mühüm platformadır. Konfransın əsas məqsədi oftalmologiyanın aktual məsələləri, yeni diaqnostika və müalicə metodlarının təhlili, eyni zamanda gələcək hədəflərin müəyyən edilməsidir. Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən gəlmiş oftalmoloqlar və alimlər elmi məruzələrlə çıxış edəcək, fikir mübadiləsi aparacaqlar. Həmçinin konfransda Rusiya, Türkiyə, İtaliya, Gürcüstan və digər ölkələrdən də tanınmış mütəxəssislər iştirak edəcək, təqdimat və çıxışlarla təcrübələrini bölüşəcəklər.

Konfransı Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov açıq elan edəcək. Çıxışlarda Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin Fəxri Prezidenti Sunay Dumanın “Akademik Zərifə Əliyevanın işığında oftalmologiyanın gələcəyi”, mərkəzin direktor müavini, tibb elmləri doktoru, dosent Hicran Namazovanın “Akademik Zərifə Əliyevanın zəngin elmi irsi və müasir oftalmologiyanın inkişafı”, Türk Oftalmoloji Dərnəyinin rəhbəri professor Hüban Atillanın “Ambliopiya: yeni müalicə üsulları” adlı məruzələri nəzərdə tutulub.

 

Zərifə HÜSEYNOVA

XQ

Səhiyyə