Baş mövzu “Əsrin faciəsi”dir

post-img

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Əsrin faciəsi”nə həsr olunmuş “Köksü dağlı Xocalı” adlı anım tədbiri keçirilib.

Dəhşət dolu terror hadisələrindən olan Xocalı soyqırımı haqqında iştirak­çılara məlumat verilib. Sonra faciənin canlı şahidləri erməni terrorizminin amansızlığından konkret faktlarla söh­bət açıblar. Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış “Xocalı” videoçarxı göstərilib. Ü.Ha­cıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında şəhidlərin xatirə­sinə ithaf olunmuş kompozisiya təqdim edilib. 

*** 

Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin “Yaddaş#2” adlı proqramı təqdim olunub. 

Xocalı faciəsinin ildönümünə həsr olunan konsertdə orkestrin ifasında Orxan Həşimov “Piano və solo üçün violin”, Fərhəng Hüseynov “Stabat Ma­ter”, Qalib Məmmədov “Simli kvartet”, Ayaz Qəmbərli “Miniatür”, Tahir İbişov “Epitafiya” və Azər Hacıəsgərlinin “613.1992” əsərləri səsləndirilib.

Cadenza orkestrinin təşkil etdiyi proqram Xocalı soyqırımını sənətin dili ilə də təqdim edib. Bəstəkarların əsər­lərində hüzn, kədər, qəm-qüssə into­nasiyalarla yanaşı, mübarizə ruhu və düşməni məğlub edərək Qələbəmizə inam hissi öz əksini tapıb.

***

Azərbaycan İstiqlal Muzeyində “Xo­calıda ruhum qalıb” adlı tədbir-sərgi təşkil edilib. 

Sərgidə tanınmış rəssam-heykəl­taraşlar Xanlar Əhmədov və Əşrəf Heybətov, həmçinin Zakir Əhmədov, Cəlil Qaryağdı, Nəriman Tağıyev, Yusif Mirzə, Elnarə Xanlarova, İslam Abdul­layevin şəxsi kolleksiyalarında, Rahib Qarayev, Cavid Bayramlı və Nazim Məmmədovun isə muzeyin fondların­da qorunub saxlanılan, erməni millət­çilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin “Xocalı səhifəsi”nə dair müxtəlif təsvi­ri və tətbiqi sənət nümunələri nümayiş olunub. Tədbir zamanı rəssam Yusif Mirzənin muzeyə hədiyyə etdiyi “Xoca­lı ruhları” və “Müharibə siluetləri silsilə­sindən” adlı rəsm əsərlərinin təqdimatı keçirilib.

***

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Xocalı – şəhid şəhər" adlı tədbir maraqla qarşılanıb. 

Uşaq-Gənclər İnkişaf Mərkəzi yetir­mələrinin Xocalı faciəsinə həsr etdikləri rəsmlər sərgilənib. Mərkəzin "Uşaq te­atrı", "Bədii qiraət", "Mahnı teatrı", "Mu­siqisevərlər", "Milli rəqs" dərnəklərinin üzvləri vətənpərvərlik mövzusunda yazılmış şeirlər, səhnəciklər, mahnılar, rəqslərlə çıxış ediblər. Sonda Xocalı fa­ciəsini əks etdirən videoçarx nümayiş olunub.

***

Azərbaycan Milli Kitabxanasının əməkdaşları “Xocalı soyqırımı” adlı virtual sərgi hazırlayıblar. Virtual sərgi­də Xocalı faciəsini özündə əks etdirən kitab və dövri mətbuat materialları, fo­toşəkillər təqdim edilir. 

 

Hazırladı: Əli ƏLİYEV, “Xalq qəzeti”

Qan yaddaşı