Davam edir Xocalı

post-img

Körpə arzuları qan gölündə boğulmuş Zəhra Quliyevanın pak ruhuna

Çocuqluq qana bələnib,

Sağlam şüur xəstələnib, 

Humanistlik güllələnib...

Qətliamlar qocalır -

Davam edir Xocalı.

Yenə “söz verilir” topa,

Gücsüzdür siyasi “zopa”,

Susur hay - küylü Avropa...

Qətliamlar qocalır -

Davam edir Xocalı.

Yalanın qurumur dili,

Ağıllı olubdur dəli,

Düşmənin kimliyi bəlli...

Qətliamlar qocalır -

Davam edir Xocalı.

Çıxan bütün qəzetlərin,

Görüntülü kasetlərin

Ahı göyə ucalır...

Qətliamlar qocalır -

Davam edir Xocalı.

Fakt yayılır “şəkil-şəkil”,

Yoxdur haqqa qahmar vəkil,

Artıq uçmur Əkil - Bəkil...

Qətliamlar qocalır -

Davam edir Xocalı.

Yağlı vədlər “ütülənir”,

Siqaret tək tüstülənir,

Ölüm himni bəstələnir...

Qətliamlar qocalır -

Davam edir Xocalı.”

Yıxılıb dünyanın evi,

Saxlayan yox qatil divi,

Bəşərə səslənir Givi:

Qətliamlar qocalır -

Davam edir Xocalı,

Davam edir Xocalı!

 

Giya PAÇXATAŞVILI





Qan yaddaşı