Kitab rəfi

post-img

Avstriyalı şərqşünas və tarixçi Jozef von Hammerin “Osmanlı im­periyasının tarixi” kitabı “Qanun” nəşriyyatında çap edilib. 

Minə Candanın dilimizə tərcümə et­diyi 920 səhifəlik bu əsər indiyə qədər Türkiyədən xaricdə Osmanlı tarixinə dair yazılmış ən mükəmməl əsərdir. Kimliyi bütöv şəkildə Jozef Freiher von Ham­mer Purgstall olan məşhur tarixçi dövrü­nün ən bacarıqlı şərqşünaslarından biri hesab edilir. Bu əsərini qələmə alarkən bütün Avropa arxivlərini gəzmiş və Os­manlı qaynaqlarından çox geniş ölçüdə bəhrələnmişdir. Onun Osmanlı imperi­yasına kitab həsr etməsinin üstündən iki əsr keçsə də, bu səviyyədə bir araşdırma olmadığı vurğulanır. Kitab alman dilində 10, fransız dilində isə 18 cild təşkil edir. Təqdim etdiyimiz variant bu cildlərin ən gözəl sadələşdirilmiş versiyasıdır. Əsərin bəzi hissələri ixtisara salınsa da, bütünlü­yü qorunub saxlanılmışdır. 

***

Azərnəşrdə çap edilən “Türkmən məhəbbət dastanları” kitabı ədəbi ictima­iyyətin marağına səbəb olub. 

Kitаba “Huyrlukqa-Həmra” və “Sayat­la Həmra” adlı iki türkmən dastanı daxil edilmişdir. Hər iki məhəbbət dastanı bü­töv şəkildə ilk dəfə orijinaldan Azərbay­can türkcəsinə uyğunlaşdırılaraq yayın­lanıb. 

Ayrı-ayrı türk xalqlarının ən gözəl folklor örnəklərinin Azərbaycanda tanıt­dırılması təqdirəlayiqdir. Azərbaycan və Türkmənistan xalqlarının milli mənəvi irs bir-birilə qırılmaz tellərlə bağlıdır. Mə­lumdur ki, Türkmənistan və Azərbaycan türkləri Oğuzların varisləridir. Folklor mətnlərindəki yaxınlıq, bir tərəfdən, hər iki xalqın soy-kökünün, əcdadlarının eyni olması ilə izah edilə bilərsə, digər tərəf­dən, dil baxımından çox yaxın qohumluq əlaqələrilə bağlıdır. 

“Huyrlukqa və Həmra”nın Xarəzm türkmənləri tərəfindən yarandığı, “Sayat və Həmra”dakı hadisələrin isə XIV-XV əsrləri xatırlatdığı məlumdur. Qeyd edək ki, türkmən xalqının ən gözəl dastanların­dan hesab edilən bu nümunələr Azərbay­canda da olan böyük rəğbət qazanıb. 

***

Parisdə məşhur fotoqraf Reza Deqa­tinin kitabları təqdim olunub. “Zulma” nəş­riyyat evi tərəfindən təşkil edilmiş ədəbi gecədə onun Azərbaycanın təbiətini, tarixi məkanlarını, abidələrini, tolerantlıq mühitini, Qarabağ müharibəsini əks et­dirən fotolarından ibarət “Günahsızların kütləvi qırğını” (“Le massacre des inno­cents”) və “Alovun zərifliyi” (“L’Elégance du feu”) kitabları təqdim olunub.

Tədbirdə “Müharibə fotoqrafı de­yiləm, sülh müxbiriyəm” - deyən Reza Deqati “fotoqrafiya insanlığın xidmə­tində” devizi ilə dünyanın ən qaynar nöqtələrinə səyahət edib. Gördüyü hər anı çəkdiyi fotolarda əbədiləşdirib. Onun fotoları beynəlxalq jurnallarda (“National Geographic”, “Time Magazine”, “Stern”, “Newsweek”, “El País”, “Paris Match”) nəşr edilib.

***

Manasşünas alim, tanınmış şair Adil Cəmilin “Manas eposu və türk dastançı­lıq ənənəsi” kitabı Beynəlxalq Türk Mə­dəniyyəti və İrsi Fondu tərəfindən Azər­baycan və qırğız dillərində çap etdirilib. 

Üç fəsildən ibarət əsərdə ümumtürk ədəbi-tarixi varisliyi kontekstində ma­nasçılar və manasşünaslar, eyni zaman­da türk dastançılığı ilə “Manas”ın ortaq motivləri kimi aktual ədəbi məsələlər tədqiqata cəlb olunub. “Parlaq imzalar” nəşriyyatında işıq üzü görən kitab Azər­baycanda “Manas” eposunun tədqiqinə həsr edilmiş ilk monoqrafiyadır. Layihənin ideya və ön sözünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezi­denti Günay Əfəndiyevadır. Nəşrdə həm­çinin Teodor Gertsenin müəllifi olduğu “Manas” dastanına həsr edilmiş illüstra­siyalar yer alıb.

 

Hazırladı: Ə.ƏLİYEV, “Xalq qəzeti”





Mədəniyyət