Şəhid olmuş ruhumuz...

post-img

Dünyada nə qədər faciə olub,

Xocalı onların başında durur.

Güllələnib qoca, qadın, uşaqlar - 

Bax, ölüm evini beləcə qurur!

...Bu gün ən kədərli günümdür. Bu gün mən ölmüşəm. Bütün Azərbaycan, bütün dünya mənim yasıma gəlib. Bu gün Xocalı Soyqırımı Günüdür. Mən də bu gün vurulmuşam. Sinəm yaralı­dır. Ağır-ağır nəfəs alıram. Bu gün mən bir qoca kimi, bir gənc kimi, körpə kimi güllə yarasıyla şəhid olmuşam. Bu gün 5 yaşlı uşağın üzü soyulan kimi mənim də üzüm soyulub, gözlərim çıxarılıb, əllərim qırılıb, dırnaqlarımı söküblər. Bu gün mən bir dağın döşündə uzanan meyitəm. 

...Soyuqdan tir-tir əsərək səngərdə donan əsgərəm. Sinəmi güllə yalayıb keçib. Al-qırmızı qana bələnmişəm. Amma dayanıram. Vətən eşqiylə düş­mən gülləsinə tuş gəlsəm də, yenə son gücümü toplayıb düşmən qarşısına əliyalın çıxıram. Yumruqlarım düyün­lənib. Qaşlarımı çatmışam. Son məra­mım arzularımın çin olduğunu görmək, azad torpağımda ölmək, VƏTƏN göy­lərinin üzünü açıq görməkdir. 

...Gecədir. Gözüm ulduzlara baxa-baxa yuxuya gedirəm. Əbədi bir ölüm gətirən dərin bir yuxuya! Gözüm yu­mulur. Mən işıqlı bir sabah görürəm. O sabah ki, mən orada olmayaca­ğam. Ruhlar oynaşır aydın səmalar­da. Bu bahar gecikən qaranquşlar kimi ruhların rəqsi də gecikib. Bizim QƏLƏBƏMİZ kimi! Qaranquşlar bir az keçəndən sonra uçub gəldilər. Yuva­larını qurdular. QƏLƏBƏ də gələcək. Biz də YURD-YUVAMIZI quracağıq. Amma torpaqda yatan ŞƏHİDLƏR geri dönməyəcək. Onların ruhudur gecikən. Axı bu gecə onlar hələ mənzil başına çatmayıblar. Ona görə də gec qayıda­caqlar. Qaranquşlar kimi!

Ömür dedikləri bir karvan yolu! 

Bu, doğrudur.

Bu dünya bir pəncərə,

Hər gələn baxar gedər!

Bu da doğrudur!

Xocalılar da bu pəncərədən bax­dılar. Mən də baxdım, sən də baxa­caqsan, o da baxacaq. Amma bu bax­maqda hərə bir məna görəcək. Kimsə peşman olacaq, kimsə sevinəcək. Amma ümumilikdə götürəndə hamını kədər-qəm bürüyəcək. Son məqamda dünyanın vəfasız olduğunu duyacağıq.

Salamat qal, dünya!. 

Bir də Yer üzünə gəlməyəcəyəm. 

Salamat qal, dağlar. 

Çiçəyini, gülünü dərməyəcəyəm!

Qoşa bulaq! Ax, çağla həzin-həzin. 

Ovuc-ovuc suyunu içməyəcəyəm ...

 

Nizami MƏMMƏDZADƏ,
Əməkdar jurnalist, AYB-nin üzvü

Sosial həyat