Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Əsrin faciəsi”nə həsr olunmuş “Köksü dağlı Xocalı” adlı anım tədbiri keçirilib.
Dəhşət dolu terror hadisələrindən olan Xocalı soyqırımı haqqında iştirakçılara məlumat verilib. Sonra faciənin canlı şahidləri erməni terrorizminin amansızlığından konkret faktlarla söhbət açıblar. Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış “Xocalı” videoçarxı göstərilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında şəhidlərin xatirəsinə ithaf olunmuş kompozisiya təqdim edilib.
***
Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin “Yaddaş#2” adlı proqramı təqdim olunub.
Xocalı faciəsinin ildönümünə həsr olunan konsertdə orkestrin ifasında Orxan Həşimov “Piano və solo üçün violin”, Fərhəng Hüseynov “Stabat Mater”, Qalib Məmmədov “Simli kvartet”, Ayaz Qəmbərli “Miniatür”, Tahir İbişov “Epitafiya” və Azər Hacıəsgərlinin “613.1992” əsərləri səsləndirilib.
Cadenza orkestrinin təşkil etdiyi proqram Xocalı soyqırımını sənətin dili ilə də təqdim edib. Bəstəkarların əsərlərində hüzn, kədər, qəm-qüssə intonasiyalarla yanaşı, mübarizə ruhu və düşməni məğlub edərək Qələbəmizə inam hissi öz əksini tapıb.
***
Azərbaycan İstiqlal Muzeyində “Xocalıda ruhum qalıb” adlı tədbir-sərgi təşkil edilib.
Sərgidə tanınmış rəssam-heykəltaraşlar Xanlar Əhmədov və Əşrəf Heybətov, həmçinin Zakir Əhmədov, Cəlil Qaryağdı, Nəriman Tağıyev, Yusif Mirzə, Elnarə Xanlarova, İslam Abdullayevin şəxsi kolleksiyalarında, Rahib Qarayev, Cavid Bayramlı və Nazim Məmmədovun isə muzeyin fondlarında qorunub saxlanılan, erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin “Xocalı səhifəsi”nə dair müxtəlif təsviri və tətbiqi sənət nümunələri nümayiş olunub. Tədbir zamanı rəssam Yusif Mirzənin muzeyə hədiyyə etdiyi “Xocalı ruhları” və “Müharibə siluetləri silsiləsindən” adlı rəsm əsərlərinin təqdimatı keçirilib.
***
Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Xocalı – şəhid şəhər" adlı tədbir maraqla qarşılanıb.
Uşaq-Gənclər İnkişaf Mərkəzi yetirmələrinin Xocalı faciəsinə həsr etdikləri rəsmlər sərgilənib. Mərkəzin "Uşaq teatrı", "Bədii qiraət", "Mahnı teatrı", "Musiqisevərlər", "Milli rəqs" dərnəklərinin üzvləri vətənpərvərlik mövzusunda yazılmış şeirlər, səhnəciklər, mahnılar, rəqslərlə çıxış ediblər. Sonda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub.
***
Azərbaycan Milli Kitabxanasının əməkdaşları “Xocalı soyqırımı” adlı virtual sərgi hazırlayıblar. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən kitab və dövri mətbuat materialları, fotoşəkillər təqdim edilir.
Hazırladı: Əli ƏLİYEV, “Xalq qəzeti”