Xocalı faciəsi barədə ilk geniş müzakirə

post-img

Müstəqilliyin ilk illərində “ölkəyə rəhbərlik edən” siyasətçilər 20 Yanvar faciəsi kimi Xocalı qətliamına da siyasi-hüquqi qiymət verilməsi istiqamətində heç bir addım atmamışdılar. Bu cinayətlərin hər ikisi ümummilli liderin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra öz həqiqi adı ilə çağrılmışdı. Belə ki, 1994-cü il fevralın 14-də ulu öndər Heydər Əliyevin tapşırığı ilə parlamentin xüsusi sessiyası keçirilmiş, erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı barədə geniş müzakirələr aparılmışdır. 

“Qaçqınlar və xaricdə yaşayan soy­daşlarla əlaqə” komissiyasının təklifi­nin müzakirəsindən sonra qəbul edilən xüsusi qərarda deyilirdi ki, Ermənistan rəhbərliyinin 1992-ci il fevralın 26-da törətdiyi, Azərbaycan xalqının milli fa­ciələrindən və bəşər tarixinin qanlı sə­hifələrindən biri olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı respub­likamızda “Xocalı Soyqırımı Günü” elan olunsun və bu barədə beynəlxalq təşki­latlara məlumat verilsin.

Deputatlar çoxsaylı fakt və dəlil­lərə əsaslanaraq, sübut edirdilər ki, bu fakt soyqırımıdır. Ona görə də həmin sessiyada Xocalı hadisələri barəsin­də həqiqətin dünya xalqlarına çatdı­rılması və Xocalı Soyqırımı Gününün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət edil­mişdi. 

Müraciətdə deyilirdi: “Müqəddəs Vətənimiz olan Azərbaycan torpaqların­da – müstəqil Azərbaycan Respublikası­nın ərazisində 6 ildir ki, müharibə gedir. “Böyük Ermənistan” xülyası ilə erməni xalqının başını dumanlandırmış Ermə­nistan Respublikasının işğalçı hərbi qü­vvələri müxtəlif ölkələrin irtica qüvvələri tərəfindən aşkar və gizli şəkildə dəstək­lənərək ölkəmizin 12 rayonunu zəbt et­mişdir. Düşmən kənd və şəhərlərimizi vi­ran qoyur, ulu yurdlarımızda ağlasığmaz cinayətlər, bəşər tarixində bənzəri olma­yan vəhşiliklər törədir. Xocalı soyqırımı bunun təkzibolunmaz sübutudur”.

Müraciətdə faciənin tarixi, təfsilatı və qurbanları barədə ətraflı məlumat veril­dikdən sonra deyilir: “Bu il Xocalı faciəsi­nin ikinci ildönümü Azərbaycanda dövlət tədbiri səviyyəsində keçiriləcək və xalqı­mız tərəfindən hüznlə yad ediləcəkdir. Azərbaycan Respublikasının Milli Məc­lisi hər il fevralın 26-nı “Xocalı Soyqırı­mı Günü” elan etmək haqqında qərar qəbul etmişdir. Azərbaycan Respubli­kasının Milli Məclisi bütün dünya azər­baycanlılarına ünvanladığı bu müraciəti ilə ümumi Vətənimiz Azərbaycana bağlı olan hər bir soydaşımızı, yurddaşımızı və həmvətənimizi fevralın 26-nı “Xocalı Soyqırımı Günü” kimi keçirməyə çağırır. 

Milli Məclis əmindir ki, bütün dünya azərbaycanlıları onun bu çağırışına qo­şulacaq, ermənilərin törətdiyi təcavüz­kar işğalçılıq müharibəsində xalqımızın başına gətirilən müsibətləri yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün imkanını əsirgəməyəcək və bununla da Vətən torpaqlarının düşmən tapdağın­dan azad edilməsi uğrunda mübarizə­mizə qoşulacaqlar”.

 

İ. QAÇAYEV, “Xalq qəzeti”

Qan yaddaşı