Azərbaycanın sosial dövlət modelinin banisi – Heydər Əliyev

post-img

Sosial təminat sistemi gündən-günə yaxşılaşdırılmalıdır.

Heydər ƏLİYEV,
Ümummilli lider

 

 Xalqa sıx bağlılıq, daim əhalinin firavanlığını aparılan siyasətin əsas hədəflərindən biri kimi müəyyən etmək və bu məqsəd naminə bütün imkanları səfərbər etmək ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsas xüsusiyyətlərindən biri olmuşdur. Siyasi müdrikliyi və zəngin dövlətçilik təcrübəsi, əzm və qətiyyəti ilə müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf yoluna çıxarılması kimi mühüm və müqəddəs tarixi missiyanı yüksək səviyyədə həyata keçirən ulu öndər, eyni zamanda, Azərbaycanın sosial dövlət modelinin, ölkənin sosial inkişaf strategiyasının mühüm əsaslarını formalaşdırıb.

Əmək və Əhalinin Sosial Müda­fiəsi nazirinin müavini Hidayət Ab­dullayevdən ümummilli lider Heydər Əliyevin sosial siyasəti, xüsusilə, həssas qruplara göstərdiyi qayğı ilə bağlı müsahibə aldıq. Müsahibim öncə müstəqilliyin əldə edildiyi o tə­latümlü ilk illərə qayıtdı:

– Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsinə baxma­yaraq, həmin dövrdə respublikada xa­rici təzyiqlər və daxili çəkişmələr, bütün sahələrdə getdikcə dərinləşən böhran, kəskin xarakter alan sosial-iqtisadi tənəzzül respublikanı nəinki dövlətçili­yini itirmək, hətta, dünyanın siyasi xə­ritəsindən silinmək təhlükəsi ilə qarşı­laşdırmışdı. Ölkənin hər yerində, eyni zamanda, sosial sahədə ağır vəziyyət yaranmış, işsizlik və yoxsulluq getdik­cə kəskin şəkil almış və əhalinin güzə­ranı gündən-günə ağırlaşmaqda idi. 

Belə bir vaxtda, xalqın təkidli tələ­bi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbayca­nın rəhbərliyinə qayıdışı nəticəsində ölkəmizin müqəddəratı tənəzzüldən tərəqqiyə keçid aldı. Ölkənin üz-üzə qaldığı təhlükələr aradan qaldırıldı, böhranın, xaos və anarxiyanın qarşısı alındı, mənəvi-psixoloji gərginliyə son qoyuldu, ictimai-siyasi sabitlik əldə edildi. Sosialyönümlü iqtisadi islahat­ların həyata keçirilməsi, 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, uğurla aparılan torpaq is­lahatları və s. kimi mühüm addımlar iq­tisadi inkişafa güclü zəmin yaratmaqla, xalqın rifahının yaxşılaşdırılmasında mühüm irəliləyişlərə imkan verdi.

– Həmin vaxt ümummilli li­der tərəfindən bir-birinin ardınca ölkənin sosial müdafiə sisteminin qurulması, həmçinin əhalinin so­sial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra fərman və sərən­camlar imzalandı.

– Elədir. “Bazar iqtisadiyyatı prin­siplərini tətbiq edərək, sərbəst iqtisa­diyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah ha­lının, sosial vəziyyətinin yaxşılaşdırıl­masına yönəltməliyik” – deyən Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ana xəttini xalqın rifahının təmin olunması, sosial müdafiə sisteminin gücləndiril­məsi təşkil edib. Bunun nəticəsi olaraq elə 1993-cü ilin noyabr ayında “Əhali­nin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”, “İşləməyən pensiyaçılara kompensa­siya verilməsi haqqında” fərmanlar, sentyabr ayında “Şəhid adının əbə­diləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun, dekabr ayında “Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanla­rın ailələrinə birdəfəlik maliyyə yardı­mı verilməsi haqqında” sərəncam və s. qanunvericilik aktları imzalandı. Bu sənədlər müstəqil ölkənin sosial müda­fiə sisteminin qurulması, eyni zaman­da, pensiyaçıların, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxs­lərin sosial təminatının yaxşılaşdırıl­ması istiqamətində artıq ilk addımların atılmasına imkan verdi. 

Sonralar ümummilli lider Heydər Əliyev tərəfindən əhalinin rifah halı­nın yaxşılaşdırılmasına, əməkhaqqı, pensiya və digər sosial ödənişlərin ar­tırılmasına, həmçinin yeni sosial ödə­niş növlərinin təsis edilməsinə, sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsinə xidmət edən mühüm sənədlər imzalandı. Onun tapşırıqla­rı əsasında ahıl vətəndaşların, əlilliyi olan şəxslərin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin güclən­dirilməsi üçün ardıcıl addımlar atıldı. Ümumilikdə, 1995–2003-cü illər ərzin­də respublikamızda pensiya və müa­vinətlərin orta aylıq məbləğində 8 dəfə, orta aylıq əməkhaqqında 6 dəfədən çox artım baş verdi.

Ulu öndərin rəhbərliyi ilə hazırlana­raq 1995-ci ilin 12 noyabrında referen­dum yolu ilə qəbul olunan, demokratik dəyərləri özündə əhatə edən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasın­da da xalqın rifahının yüksəldilməsi dövlətin məqsədi kimi təsbit olunub. Əsas Qanunun 16-cı maddəsinin 1-ci bəndində bəyan olunub: “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır”.

– Ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində qanunve­ricilik bazası formalaşdıqdan sonra, nəticə etibarilə sosial dövlət qu­ruculuğunu təmin edən, həmçinin həssas qruplarla bağlı hansı mü­hüm addımlar atıldı?

– Ümummilli lider Heydər Əliyevin 1993–2003-cü illərdə imzaladığı 60-dan çox sənəd sosial müdafiə sis­teminin güclənməsinə, həssas əhali qruplarına dövlət qayğısının artırılma­sına, əmək və məşğulluq sahələrinin inkişafına xidmət edib. Bu dövrdə MDB məkanında ilk dəfə olaraq Azərbay­canda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, məş­ğulluq və əmək miqrasiyası haqqında qanunlar, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proq­ramı, Pensiya İslahatı Konsepsiyası, Demoqrafik İnkişaf Konsepsiyası ha­zırlanaraq təsdiq edildi. Əmək qanun­vericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət qurumu – hazırki Dövlət Əmək Müfəttişliyi Xidməti yaradıldı. 

Əhalinin həssas qruplarının – şə­hid ailələrinin, ölkəmizin ərazi bütöv­lüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri, Çernobıl AES-də qəzanın ləğvi, hərbi xidmət vəzifələri­nin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, digər sə­bəblərlə əlaqədar əlil olanların, aztə­minatlı ailələrin yanında olmaq, onların qayğı ilə əhatə olunmasını, problemlə­rinin həllini, onlara daim sosial dəstək göstərilməsini təmin etmək ulu öndəri­miz Heydər Əliyevin fəaliyyətində mü­hüm yer tutub. 

1993-cü ildə respublika rəhbərli­yinə qayıdışından sonra onun elə ilk vaxtlarda imzaladığı, sosial sahəyə aid qanunvericilik aktlarının əsas məqsədi də məhz həmin həssas əhali qrupla­rının sosial müdafiəsinin gücləndiril­məsi, onlara qayğının artırılması idi. 1994-cü ilin dekabr ayında tədbirlərin birində ulu öndərimiz demişdi: “Dövlət həm şəhid ailələrinə, həm də şəhidlə­rin balalarına daim qayğı göstərib və qayğı göstərəcəkdir. Buna əmin ola bilərsiniz. Biz şəhid ailələrini, şəhid ba­lalarını heç vaxt yalqız qoymayacağıq. Buna tam arxayın ola bilərsiniz”. Bu sözlər real həyatda öz əməli təsdiqini tapdı, şəhid ailələrinə dövlətin qayğısı ildən-ilə artdı. Aparılan sosial islahat­larda da mühüm istiqamət kimi şəhid ailələrinə yönələn sosial ödənişlərin artırılması təmin edildi. 

– Ulu öndərin təşəbbüsü və tap­şırığı ilə başlanan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan insanların mənzillə və fərdi evlərlə təminatı, həm də həyata keçirilən reabilitasiya proqramları barədə mə­lumat verədiniz.

– Azərbaycanın sosial müdafiə sahəsində mühüm sosial proqramla­rından biri də şəhid ailələri və müha­ribə ilə əlaqədar əlilliyi olan insanların mənzillə və fərdi evlərlə təminatı proq­ramıdır ki, bu proqrama da məhz ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə başlanıb. 1997-ci ilin noyabr ayında ulu öndərin iştirakı ilə Bakının Binəqədi rayonunda çoxmənzilli yaşayış binası şəhid ailələri və müharibə ilə əlaqə­dar əlilliyi olanların istifadəsinə verildi. Həmin tədbirdə çıxış edən ümummilli lider Heydər Əliyev “Biz sosial cəhət­dən köməyə ehtiyacı olan insanların yaşayışını nəzarət altında saxlamalı­yıq, onların hər birinin sosial təminatını gündən-günə yaxşılaşdırmağa çalış­malıyıq” – deyə bəyan etmişdi. 

Eləcə də onun tapşırığı ilə digər mühüm sosial proqram – müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanların minik avtomobilləri ilə təmi­natı işlərinə başlanaraq ildən-ilə geniş miqyas alıb, habelə əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya siste­minin inkişaf etdirilməsi üçün mühüm tədbirlər həyata keçirilib. Hələ 1995-ci ilin yanvar ayında Respublika Pro­tez-Ortopedik Bərpa Mərkəzinin kol­lektivi ilə görüşündə ulu öndər bəyan etmişdi ki, torpaqlarımızı qoruyarkən yaralanmış, müharibə ilə əlaqədar, habelə digər səbəblərdən əlilliyi olan insanlar cəmiyyətimizin, dövlətimizin xüsusi qayğısı altında olmalıdırlar. “Biz bu qayğının dövlət tərəfindən daim təmin olunmasına çalışırıq”, – deyən ümummilli lider Heydər Əliyev bu ka­teqoriyadan olan insanların fiziki məh­dudiyyətlərini aradan qaldırmağın, onların reabilitasiyasının, eləcə də onların maddi təminatının, onlar üçün bərpa, müalicə mərkəzləri yaratmağın xüsusi vəzifələrdən olduğunu bildir­mişdi. Onun müəyyən etdiyi vəzifələrə uyğun olaraq əlilliyi olan şəxslərin tib­bi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası məqsədilə geniş miqyaslı tədbirlərə başlanılmaqla, xü­susilə, bölgələrdə əlilliyi olan şəxslər üçün yeni bərpa-müalicə müəssisələri yaradılması təmin edildi. 

Əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq dəstəklənməsinə, onların yaradıcılıq imkanlarının cəmiyyətə tanıdılmasına da ulu öndər xüsusi qayğı göstərib və həmin şəxslərlə bağlı keçirilən tədbir­lərdə, habelə yaradıcılıq sərgi müsa­biqələrində şəxsən iştirak edib ki, bu da həssas qruplara yüksək səviyyədə xüsusi diqqət və qayğısının daha bir təzahürü idi. 1998-ci ilin noyabr ayında Əlilliyi olan şəxslərin I Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsinin açılışı zamanı ümummilli liderimiz “Azərbay­can dövləti, Azərbaycan hökuməti, Azərbaycanın bütün dövlət xidmət orqanları əlillərə, xüsusən döyüşlərdə əlil olmuş insanlara bundan sonra da bütün qayğıları göstərəcəklər” – deyə bəyan etmişdi.

– Heydər Əliyevin başladığı hərtərəfli, o cümlədən sosial siyasət bu gün onun siyasi varisi, möh­tərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu barədə nə deyə bilərsiniz?

– Ulu öndərin müdrik və uzaqgörən siyasəti, uğurlu sosial inkişaf strategi­yası 2003-cü ildən Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməklə ölkəmizin dinamik və hərtərəfli inkişafına nail olunub, eyni zamanda sosial sahədə mühüm uğurlar əldə olunub. Azərbaycanın ən böyük tarixi qələbəsi kimi 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordu­muz 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə edib, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğ­ma torpaqlarımız azadlığına qovuşub və bu gün həmin torpaqlarda böyük quruculuq işləri aparılır. 

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı və təhlükəsizliyi dayanır” – deyən dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmiz­də sosial müdafiə və aktiv məşğulluq proqramları ildən-ilə genişləndirilib, müasir və dayanıqlı sosial müdafiə sis­teminin qurulması təmin edilib, sosial ödənişlərdə artımlar davamlı xarakter alıb. Son beş ildə cənab Prezidentin tapşırığı ilə Azərbaycanda 4 sosial islahat paketi həyata keçirilib ki, bu islahatlar nəticəsində həmin dövrdə minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 55 faiz, median əməkhaqqında iki dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, minimum pensi­yada 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ödənilən illik vəsaitdə 5 dəfə ar­tım baş verib. Əvvəlki 3 islahat pake­tinin illik maliyyə dəyəri ümumilikdə 6 milyard manat, 2023-cü ilin əvvəlindən icra olunan 4-cü sosial islahat paketi üçün də əlavə olaraq illik 750 milyon manat ayrılıb.

Vətən müharibəsindən sonra döv­lət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş­miqyaslı sosial dəstək paketi artıq 123 min şəxsi əhatə edərək onlara dəstək yönümlü 276 min xidmət göstərilib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan insanların mənzillə və fərdi evlərlə təminatı proqramı 5 dəfə geniş­lənib. Bu ilin yanvar ayında yerli teleka­nallara müsahibəsində Prezident İlham Əliyev bildirib: “Keçən il bu istiqamətdə də önəmli addımlar atılmışdır, bu ka­teqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfin­dən mənzillər veriləcək. Məlumat üçün deyə bilərəm ki, bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu bor­cu imkan daxilində yerinə yetirməyə çalışırıq”. 

Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avto­mobillə təminatı işləri də uğurla davam edərək onlara 324, ümumən ötən döv­rdə isə 7500-dən çox avtomobil təqdim edilib. Həmçinin son illər ölkəmizdə re­abilitasiya mərkəzləri müasir tələblərə uyğun qurulmaqla, Qəbələdə də Uşaq Reabilitasiya Mərkəzi açılıb. Ümumilik­də reabilitasiya xidmətlərinin keyfiyyəti yüksəldilməklə, reabilitasiya potensia­lının dəfələrlə artırılması təmin olunub. Son bir ildə də nazirliyin reabilitasiya müəssisələrində əvvəlki ilə nisbətən 5,4 dəfə çox olmaqla 50 min 400 şəxs reabilitasiya xidmətləri, həmçinin əlilliyi olan şəxslər əvvəlki ilə nisbətən 40 faiz çox olmaqla 66 min 300 reabilitasiya vasitəsi ilə təmin olunublar. 2020-ci ilin dekabr ayından müharibə ilə əlaqədar əlilliyi olan insanların yüksək texno­logiyalı müasir protezlərlə təminatına başlanıb və 406 hərbçi 423 yüksək texnologiyalı son nəsil protezlərlə tə­min edilib. 

– Sosial sahədə tətbiq edilən ye­niliklər...

– Prezidentin uğurlu sosial islahat­lar proqramının nailiyyətlərindən biri kimi, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonrakı dövrdə Bakı şəhərində və Abşeron rayonun­da 6 DOST mərkəzi açılıb. Birinci vit­se-prezident Mehriban xanım Əliyeva­nın təşəbbüsü olan, bu gün beynəlxalq səviyyədə də qabaqcıl təcrübə kimi yüksək dəyərləndirilərək xüsusi müka­fatlarla təltif edilən və digər ölkələrdə tətbiqi təşviq olunan DOST konsepsi­yası sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müa­sir, innovativ əsasda təqdim olunması­nı təmin edir. İndiyədək artıq 1,3 milyon vətəndaş DOST xidmətlərindən yarar­lanıb və məmnunluq səviyyəsi 98,5 faiz təşkil edir.

Mehriban xanım Əliyevanın təşəb­büsü ilə yaradılan və 2021-ci ildə açı­lışı olan DOST İnklüziv İnkişaf və Ya­radıcılıq Mərkəzi isə ölkəmizdə şəhid ailələri üzvlərinin, əlilliyi olan şəxslərin, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və digər həssas qrupların yaradıcı potensialı­nın inkişafına dəstək sahəsində fəal siyasətin aparıldığını təcəssüm etdirir. Bu mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləş­dirən, həssas qrupların istedad və qa­biliyyətlərinin təkmilləşdirilməsi işləri aparılan ən böyük məkanıdır. 

Son illərin mühüm sosial nailiyyət­lərindən biri də dövlət sosial xidmətlə­ri sahəsində e-texnologiyaların geniş tətbiqidir. Nazirlik tərəfindən əhaliyə göstərilən 153 xidmətdən 140-dan çoxunun elektronlaşdırılması, 51 pro­aktiv xidmətin yaradılması təmin edilib. 

İşğaldan azad edilən bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi açılıb. “Azərbaycan Res­publikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Döv­lət Proqramı”nın Tədbirlər Planı üzrə 2023–2026-cı illərdə Cəbrayıl rayonun­da Regional DOST mərkəzinin, Peşə Hazırlığı Mərkəzinin, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada DOST filiallarının, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin yaradılması nəzərdə tutulub. Eyni zamanda geniş miqyaslı aktiv məşğulluq proqramları­nın işğaldan azad edilmiş ərazilərimizi də əhatə etməsi planlaşdırılıb və bu istiqamətdə məqsədyönlü işlər aparılır. Zəngilanın Ağalı kəndinin sakinlərin­dən 100 şəxs aktiv məşğulluq proq­ramları, habelə 10 sakin özünüməşğul­luq proqramı ilə əhatə olunub.

Ümumilikdə ulu öndər Heydər Əli­yev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yük­sək səviyyədə davam etdirilən sosial inkişaf strategiyası ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində qarşıdakı dövrdə də yeni-yeni uğurlar qazandıracaq.

 

Müsahibəni aldı: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

zb777.jpg

Müsahibə