“Qərb bilməlidir ki, Azərbaycan regionda nümunəvi dünyəvi ölkədir”

post-img

Qürbətdə ömür sürən, uğur qazanan azərbaycanlılar çoxdur. Onlardan biri tanınmış həkim, alim, eyni zamanda, siyasətçi, ictimai fəal Rahim Şmiddir. O, Almaniyada həkim kimi uğurla fəaliyyət göstərir və əyalət parlamentinə seçilmiş ilk azərbaycanlı deputatdır. Bu günlərdə Bakıda olan soydaşımız dəvətimizi qəbul edib redaksiyamıza gəldi, suallarımızı cavablandırdı. Rahim Şmid 1959-cu il fevralın 1-də Cənubi Azərbaycanın Miyanə şəhərində doğulub. Orta təhsilini 1978-ci ildə başa vurduqdan sonra ali təhsil almaq üçün Almaniyaya gedib. Marbuq və Frankfurt dil kollecində təhsil aldıqdan sonra Qissen-in Justus-Libiq-Universitetində aqrar elmlər üzrə təhsil alıb. O, molekulyar biologiya ixtisası üzrə təhsilini 1986-cı ildə hüceyrə və toxuma kulturları mövzusunda yazdığı elmi işlə uğurla başa vurub. 2016-cı ilin mayına qədər Reynland-Pfaltsin dövlət parlamentində deputat olub. Rahim bəy insan hüquqları üzrə beynəlxalq amnistiya təşkilatında, xüsusilə təşkilatın İran üzrə fəaliyyətində fəal iştirak edir. 

– Rahim bəy, əvvəla Vətənə xoş gəlmisiniz. Sualımız Miyanə­dən Maynsa, uzaq Almaniyaya uzanan ömür yolunuzla bağlıdır. Necə oldu ki, Almaniyada yaşayıb çalışmalı oldunuz.

– Çox sağ olun, dəvətiniz üçün. Mən 45 il əvvəl İran Azərbaycanın­dan, Miyanədən yola çıxdım və o yol məni Almaniyaya gətirib çıxardı. Orada təhsil almağa başladım. Vi­rusologiya üzrə mütəxəssisliyi oxu­dum. Sonra İranda siyasət qarışdı və geri qayıtmadım, elə oradaca təhsilimi davam etdirdim və Mayns Universitetində terapevtlik sahəsini oxudum. İndi də orada çalışıram. Mən tibb üzrə ikinci təhsilimi 1994-cü ildən etibarən Rostok və Frank­furt am Maynın Yohann Volfqanq Höte Universitetində aldım və bu təhsili 2003-cü ildə uğurla başa vur­dum. 

2004-cü ildən etibarən həkim kimi təcrübə keçməyə başladım. Mənim psixosomatik tibb üzrə seç­diyim mövzular Vizbadendə keçi­rilən internistlərin konqresində və 2009-cu ildə keçirilmiş psixologiya üzrə müxtəlif konqreslərdə nəşr olunmuşdur. Maynsın Johannes Qutenberq-Universitetində “birincili tibbi yardıma ehtiyacı olan xəstələ­rin yardım ehtiyacları” mövzusunda olan ikinci doktorluq dissertasiyamı da 2010-cu ildə təqdim etmişəm. Bu dissertasiyanın müdafiəsindən sonra mənə tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Onu da qeyd edim ki, bu işim Reynland-Pfaltsın Alman ambulator həkimləri birliyi tərəfindən 2011-ci ilin tədqiqat mü­kafatına layiq görülmüşdür. 

Elə həmin ildə Maynsın II seçki dairəsindən Yaşıllar partiyasından namizədliyimi irəli sürərək Reyn­land-Pfalts parlamentinin deputatlar siyahısında əyalət parlamentində yer almağa müvəffəq oldum. Və Reynland-Pfalts parlamentinə seçil­miş yeganə miqrasiya etmiş siyasət­çi oldum.

Mənim profil sahəm səhiyyə si­yasəti, miqrasiya siyasəti, ətraf mü­hit siyasəti (aqrar siyasət), tədqiqat və elmdir. Eyni zamanda, Marburq Universitetinin klinikasında dosent kimi də fəaliyyət göstərirəm. 10 ildir ki, bir təşkilat qurmuşuq, orada 70-ə yaxın həkim toplaşmışıq. O kəslər ki, həqiqətən, ciddi yardıma ehiyacı var, onlara kömək edirik. Təşkilatın iki sədri var. Mən və alman həmka­rım. Ötən il Bundestaqın rəhbəri də bizi ziyarət etdi və işlərimizə yüksək qiymət verdi. Əlbəttə, 45 il az zaman deyil. Mən kültürlərin, dinlərin bir-bi­rinə körpü düzəltməsi üçün kitab yazdım. Burada ideologiyalar, dinlər arasında sevgi, körpü yaratmağın vacibliyinə toxunuram. Mən bununla bağlı nəzəri fikirlər irəli sürürəm. 

 

– Ümumiyyətlə, uzun illərdir Almaniyada yaşayan bir şəxs kimi bu ölkənin demokratik cə­miyyətini, tərəqqisini necə dəyər­ləndirirsiniz?

 

– Almaniya dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Texno­logiya, iqtisadiyyat sahəsi bura­da xüsusilə güclüdür. Alman xalqı çox rasional, praqmatik bir xalqdır. Almaniya–Azərbaycan əlaqələri bu gün yüksələn xətlə inkişaf edir. Ümumiyyətlə, alman təcrübələri Vətənimizdə öyrənilməlidir, tətbiq olunmalıdır. İqtisadi, texnoloji, hərbi və tibbi sahələrdə alman təcrübələ­rindən istifadə oluna bilər. 

 

– Sizin fəaliyyətinizdə tibb, siyasət kimi iki fərqli amma mü­hüm sahə birləşir. İranla bağlı məsələlərdə də sizin obyektiv mövqeyiniz diqqət çəkir...

 

– Hələ gənclik illərimdən siyasi sahəyə marağım olub. İnsan hüquq­ları sahəsi xüsusən diqqətimi çəkib. Bu, əslində ailədən gələn bir tərbiyə idi. Biz uşaqlıqdan bu tərbiyəni almı­şıq. Rəhmətlik anam həmişə deyər­di ki, oğlum din naminə, nə olursa olsun, köməyə ehtiyacı olana kömək et, yardım lazım olanın dadına ye­tiş. Dinin mahiyyəti, fəlsəfəsi budur. Təəsüf ki, indi dinin bir çox məqam­larda siyasiləşdirilmə cəhdlərinin şahidi oluruq. Bu isə yolverilməzdir. Bax, bu, bizim xatirimizdə qalan cid­di nəsihətlərdən biridir. 

Mənim 6 yaşım olanda atam rəhmətə getdi. Bizim böyük məhəb­bətimiz, eşqimiz, Azərbaycana ana­mızdan gəlirdi. Sonradan təəssüf ki, mən onu uzun illər görə bilmə­dim. Çünki İranda siyasət dəyişdi, qarışıqlıq düşdü. Mən ölkəyə gələ bilmədim. Sonuncu dəfə 20 il öncə gedə bilmişdim İrana. Şah zamanı çıxdım, sonradan Xomeyni gəldi və hər şeyi siz bilirsiniz, nələr baş verdi. 

İnsanların həm şah zamanında, həm də teokratik hakimiyyətdə milli identifikasiyası basqılar gördü. Milli kimlik bir millət üçün vacib faktordur. Dil, milli dəyərlərin üzərinə getmək bu həmin milləti assimilyasiya et­mək deməkdir. Bu baxımdan, İranda bu siyasətin izlərini aşkar görmək mümkündür. Hər şeydən öncə, İran­da Azərbaycan səfirliyinə edilən hü­cumdan da sarsıldığımı ifadə etmək istəyirəm. İran dövləti bunu araşdır­malıdır. Bu terrorun istintaq nəticələ­ri elan olunmalıdır. Diplomatik kor­pusa hücum qəbuledilməzdir.

 

– Mövzu Vətən müharibəsinə gəlib çıxmışkən bu barədə də si­zin fikirlərinizi, Azərbaycanın bu­günkü durumu barədə qənaətinizi bilmək istərdik...

 

– Bəli, 3 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qələ­bə əldə edərək, tarix yazdı. Şəhid­lərimizin ruhu şad olsun ki, onlar bizim, Türk millətinin başını uca et­dilər. Çox böyük qələbə bəxş etdilər bizə. Bu tarixi qələbə idi. 

Amma mən bütün hallarda istər­dim ki, Azərbaycan Ermənistanın və digər bəzi qonşu dövlətlərin şıltaqlıq və qısqanclıqlarına çox da əhəmiy­yət verməsin. Diqqətini geosrtateji planlarına yönəltsin. İndi Zəngəzur dəhlizi məsələsi gündəmdədir. Bu yol açılmalıdır. Türk dünyası iqtisa­di cəhətdən birləşməlidir. Üstəlik, 3 aydır ki, Laçın–Xankəndi yolunda ekofəallarımızın aksiyaları davam edir. Bu, özü də ciddi məsələdir. Orada bildiyimiz qədərilə erməni separatçı qüvvələri istədiklərini edə bilmirlər. Bu çox mühüm nailiyyətdir. İndi ermənilər seçim etməlidirlər: Qalmaq istəyirsinizsə, Azərbaycan dövləti sizin üçün hər cür şərait yaratmağa hazırdır. Yox, əgər siz yenə də dava-dava deyirsinizsə, onda hələ görəcəkləriniz qabaqda­dır. Azərbaycanın bu gün siyasə­ti elədir ki, tam zərgər dəqiqliyi ilə aparılır. Və haqlıdır. İran da bunu görməlidir, Azərbaycanın haqlı oldu­ğunu nəzərə almalıdır. Ermənilərə bel bağlamamalıdır. 

 

– Xaricdə Azərbaycana qarşı total qara “piyar” hücumu mü­şahidə olunur. Ölkəmizin region­da güclənməsi bir sıra qüvvələri narahat edir. Erməni lobbisi boş dayanmır...

 

– Bu gün Azərbaycan türk xalq­ları arasında xüsusi nüfuza sahibdir. Artıq erməni işğalçılarına qarşı ciddi diplomatik həmlələr etmək lazımdır. Dünyada erməniləri ifşa etsək, yanı­mıza xarici mütəxəssislər toplasaq, onların bütün sektorlarda süqutu­na nail ola bilərik. Həm turizmini, həm digər sahələrini zəiflədə bilərik. Bundestaqın, Avropa Parlamentinin önündə “siyasi oruc tutub”, Xocalı fa­ciəsi, əsirləri haqda məlumat vermək dünya mediasının da diqqətini çəkər.

İllərdir işğalçı siyasətlərinə bax­mayaraq Azərbaycana qarşı qara “piyar” aparmaqdan çəkinmirlər. Bu gün Avropada erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı anti kampaniyaların izlərini həmişə gö­rürük, hiss edirik. Mən 2015-ci ildə “Rhein-Zeitung” qəzetində Almani­yanın Reynland-Pfalts federal tor­pağı parlamentinin deputatı olaraq Qərb mətbuatının və bəzi siyasi qüvvələrin apardığı anti-Azərbay­can fəaliyyətini tənqid edən məqalə yazdım. “Qərbin Azərbaycana mü­nasibətdə adi hal almış birtərəfli mövqeyi” başlıqlı məqalədə Qərbin anti-Azərbaycan fəaliyyətini Yaxın Şərq və ya Ukraynaya münasibətdə buraxdığı səhvlərin təkrarlanması kimi qiymətləndirirdim. 

O vaxt yazmışdım ki, Azər­baycan geosiyasi baxımdan çox mürəkkəb və həssas bir regionda “təhlükəsizlik lövbəri”dir. Bununla belə, Azərbaycanın Qərb tərəfindən layiqli və məntiqli dəstək almadığı­nı vurğulamışdım. Qərb bilməlidir ki, Azərbaycan regionda nümunə­vi dünyəvi müsəlman ölkəsidir. Bu ölkədə qadınlar diskriminasiya edilmir. Cinayətlərin göstəricisi çox aşağıdır. İnternetdə tam informasiya azadlığı hökm sürür. Ölkəyə giriş və çıxışa hər hansı məhdudiyyət yox­dur. Azərbaycan ərazisində 40 xris­tian dini icması, 30 xristian kilsəsi, 6 sinaqoq və 5 yəhudi məktəbi fəa­liyyət göstərir. Multikultural dəyərlər, baxışlar hökm sürür. Qərbin strateji institutları bunları dəyərləndirməlidir.

Müsahibəni apardı:
Anar TURAN, “Xalq qəzeti”

2399b766-7ca6-4185-8908-c23c11ee3b72.jpg

c6b8c93f-de69-4a16-9f56-124fc738030b.jpg

f2f7c444-d763-42c9-8a0d-be10e99fc921.jpg

Müsahibə