Təbriz teatrı – milli varlığımızın silinməz izləri

post-img

Azərbaycan peşəkar milli teatrının 150 illiyinin qeyd olunduğu bir vaxtda Arazın o tayına – ötən əsrin birinci yarısında Təbrizdə fəaliyyət göstərmiş dram teatrının tarixinə də nəzər salmaq lazım gəlir.

Güney Azərbaycanda teatr tamaşa­larının göstərilməsi ötən yüzilliyin əvvəl­lərinə təsadüf edir. Bu da daha çox Bakı mühitində fəaliyyət göstərən teatr trup­palarının Cənubi Azərbaycana qastrol­ları sayəsində mümkün olub. Bu qastrol səfərlərində teatr truppalarını Sidqi Ru­hulla, Mirzağa Əliyev, Cəlil bəy Bağdad­bəyov, Abbasmirzə Şərifzadə, Tiflisdən Mirzəli Abbasov, Məmmədtağı Əsgərov, İbrahim İsfahanlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Əşrəf Yüzbaşov və başqaları təmsil edib. Onlar müəyyən dəstələrlə ayrı-ayrı vaxtlarda Tehran, Təbriz, Rəşt, Ənzəli, Qəzvin, Xoy, Maku, Urmiya, Culfa, Ərdəbil və digər şəhər­lərdə yerli həvəskarları da cəlb etməklə Azərbaycan dilində tamaşalar göstəriblər.

Təbriz teatrının yaranma tarixi də bu dövrə təsadüf edib. Şəhərdə teatr həvəs­karlarından Mehdi xan Şəfizadə, Həsən Çörəkçi, doktor Rəhim xan, Ələkbər Bə­radərən və Ələkbər xan başda olmaqla on iki nəfər “Xəyanət” (1908) adlı bir ta­maşa göstərirlər. 1909-cu ildə böyük teatr sənətçisi Sidqi Ruhulla Təbrizə qastrola gəlir. Yerli ziyalılar və teatr həvəskarla­rı ilə birlikdə bir neçə tamaşa hazırlayır. İlk tamaşa Hüseynqulu Sarabskinin “Cə­halət” əsəri olur. Bu əsər fransız katoliklə­rinin klubunda göstərilir. 

Bundan sonra Əbdürrəhim bəy Haq­verdiyevin “Dağılan tifaq” faciəsi nüma­yiş olunur. Tamaşa “Bağ-meşə qapısı” adlanan məhəllədə yan-yana sıralanan dükanların üstündəki böyük otaqda oy­nanılır. Bundan əlavə, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Jan Ba­tist Molyerin “Zorən təbib” əsərləri də ta­maşaya qoyulur. Bu qastrollar tədricən öz nəticəsini verir. Təbrizdə yerli ziyalılar tərəfindən teatr sənətinə daha böyük ma­raq yaranır.

1910–1919-cu illər ərzində ayrı-ayrı sənətkarlar tərəfindən İrana təşkil olunan qastrollarda əsasən Mirzə Fətəli Axun­dzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və Nəriman Nərimano­vun faciə və komediyaları, Sultanməcid Qənizadə, Mirmahmud Kazımovski, Hü­seynqulu Sarabskinin kiçik həcmli ibrəta­miz məzhəkələri və Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun opera və operet­taları oynanılır. Bu barədə sənətşünas­lıq doktoru, professor İlham Rəhimlinin “Azərbaycan teatr tarixi” kitabında dəyərli məlumatlar yer alıb.

1920-ci ildə Sidqi Ruhulla, M.Şəfiza­də, M.R.Vaizzadə və başqalarının təşəb­büsü ilə Təbrizdə ilk teatr binası – “Xey­riyyə teatrı” tikilir. Bu teatrın səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi tamaşaya (1 may 1921-ci il) qoyulur. Eyni zamanda Azərbaycan türklərinin təşəb­büsü ilə Təbriz, Urmiya və Xoy şəhərlə­rində Ü.Hacıbəylinin məşhur komediyala­rı səhnələşdirilir.

1928-ci ildə Təbrizdə 700 yerlik daha bir “Şiri Xorşid” teatrı istifadəyə verilir. La­kin onun səhnəsində əsasən yerli müəllif­lərin fars dilində bədii cəhətdən zəif əsər­ləri tamaşaya qoyulur. 1930-cu ildə Bakı və Tiflis teatrlarında rejissorluq və aktyor­luq edən Mirseyfəddin Kirmanşahlı İrana gəlir. Üç il ərzində Tehran və Təbrizdə müxtəlif teatr kollektivlərində rejissorluq edir. Təbriz teatrında peşəkarlıq səviyyə­sinin formalaşması üçün səy göstərir. 

Rza Quluzadə Şərqli və Rza Vaizza­də bu teatrın inkişafında xüsusilə böyük zəhmət çəkirlər. Teatr dəstələrində Rza Şərqlinin “Mirzə Rza Kirmani”, “Cinayət”, “Börkün bəlası”, “Quqquluqu”, “Dəlilər yurdu”, “Pul, yoxsa xəyanət” (“Xəyanət və vəfa”), Rza Vaizzadənin “Cəhalət qur­banı”, “Tükənməz xəzinə”, Mirzə Cabbar Əsgərzadənin “Noi bəşər”, “Çadramın mühəssənatı”, “Müəllimlər həyatı”, Abdul­la Fərivərin “Bəhram Çubinə”, Hilal Nasi­rinin “Mirzə Tağıxan Əmir Kəbir” pyesləri əsasında maraqlı tamaşalar hazırlanır.

Professor İlham Rəhimli “Azərbaycan teatr tarixi” kitabında yazır ki, 1941-ci ildə Təbrizdə ”Azərbaycan cəmiyyəti” quru­lur. Eyni zamanda, teatr truppası yaranır. Truppanın tamaşaçılara təqdim etdiyi ilk tamaşa Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” faciəsi olur. İranda eza­miyyətdə olan rejissor Şəmsi Bədəlbəyli truppa ilə sıx yaradıcılıq əlaqəsi saxlayır, bir neçə əsərə quruluş verir.

Azərbaycan Dövlət Opera və Balet Teatrı 1941-ci il oktyabrın əvvəlindən de­kabradək Təbrizdə qastrol səfərində olur. Teatrın maraqlı repertuarla çıxışı şəhərin teatr həyatında möhtəşəm canlanma ya­radır. Az sonra ziyalıların cəm olduqları “Azərbaycan cəmiyyəti”nin təşəbbüsü ilə Təbrizdə “Azərbaycan aktyorları heyəti” yaradılır. Təbrizdə çıxan “Azərbaycan” qəzeti teatr prosesini canlandırmaq və pərakəndə qüvvələri bir yerə cəmləmək məqsədilə on bir nəfərdən ibarət müdiriy­yət heyəti təyin edir. Teatr sənətinə təzə gələn həvəskar aktyorları seçmək üçün isə doqquz nəfərdən ibarət komissiya təşkil edilir...

1940–1946-cı illərdə Tehran şəhərin­də azərbaycanlı teatr fədailəri “Fərhəng-e sinema”, “Honər”, “Şiri Xurşid” teatr bina­larında tamaşalar göstəriblər. Repertuar­da Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri”, “Xırs quldurbasan”, Üze­yir Hacıbəylinin operetta və operaları, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun kiçik həcmli məzhəkələri əsas yer tutub.

1945-ci il dekabrın 12-də Təbrizdə Azərbaycan Milli Hökumətinin qurulması Təbriz teatrının inkişafında yeni bir dövr açır. Təbriz Dövlət Dram Teatrı yaradılır. Kollektivin əsasını müxtəlif truppaların həvəskar aktyorları təşkil edir. 8 mart 1946-cı ildə teatrın təntənəli açılışı olur, sənət ocağı Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin tamaşası ilə fəa­liyyətə başlayır.

1946-cı ilin dekabrında Cənubi Azər­baycan Milli Hökuməti süqut etdikdən sonra Təbriz Dövlət Dram Teatrı bağlanır. Lakin Güneydəki teatr tariximiz milli varlı­ğımızın silinməz izlərini yaşadır.

Savalan FƏRƏCOV

Mədəniyyət