Güney Azərbaycanın da müstəqil olmaq hüququ tarixdən gəlir

post-img

Arazın hər iki tayında – Həmədandan Dərbəbdə, Xəzərdən Qara dənizə qədər olan ərazilərdə tarixin son 3 minilliyində türkdilli toplumların aparıcı etnos olaraq davamlı mövcudluğu bu coğrafiyada Azərbaycan adlı bir məmləkətin yaranması və bu günə gəlb çatması ilə nəticələnmişdir. Bu bütöv ölkənin XIX əsrin əvvəllərində Qacarlar və Rusiya imperiyaları arasında Araz çayı sərhəd olmaqla 2 yerə parçalanması tarixdə ədalətsiz bir gerçək olaraq qalmaqdadır. 

Quzey Azərbaycanda 1918-ci ildə iti­rilmiş dövlətçiliyin dirçəldilməsi və 1991-ci ildə yenidən bərpa edilməsi “Dünya azər­baycanlıları” anlayışını və “Bütöv Azər­baycan” coğrafiyası düşüncəsini bizim günlər üçün aktuallaşdırmışdır. Quzey­də Azərbaycanın müstəqillik qazanması dünya birliyində xalqımızın qanuni haqqı kimi qəbul edilmişdir. Bütöv Azərbayca­nın daha böyük hissəsi olan Güneyin İran adlı dövlətin tərkibində qalmasını tarixçilər necə qiymətləndirirlər? 

Bu sualı AMEA Tarix İnstitutunun doktoru, professor Kərim Şükürov bir cümlə ilə belə cavablandırdı: “Güney Azərbaycanın İranın tərkibində ol­masının tarixi-hüquqi əsası yoxdur”. Görkəmli tarixçi alim qəzetimizə bu açıqlamasınının davamında bildirdi:

– Tarixin daha qədim çağlarına getmə­dən Səfəvilər dövlətindən (1501-1736) başlamaq olar. Səfəvilər dövlətinin Azər­baycan dövləti olması, İran tarixşünaslı­ğının əks iddiasına baxmayaraq, təsdiq olunmuş faktdır. Azərbaycan torpaqları Səfəvi dövlətinin əsasını təşkil etmiş, onun formalaşması və inkişafında əsas amil olmuşdur. Səfəvilər dövləti əfqanla­rın hücumu ilə əlaqədar böhran keçirdiyi dövrdə isə qüdrətli Azərbaycan sərkərdəsi Nadir xan (1736-cı ildən Nadir şah) onun ərazisini bərpa etmiş, Əfşarlar imperiyası­nı yaratmışdır. Nadir şah Şirvan, Qarabağ, Təbriz və Çuxursəəd bəylərbəyliklərini ləğv etmiş və onların əsasında Azərbay­can vilayəti yaratmış, yəni, Azərbaycanın cənub və şimalını eyni inzibati vahiddə birləşdirmişdir. Qardaşı İbrahim xanı da bu vilayətin hakimi təyin etmişdir.

Nadir şahın qətlindən sonra Azər­baycanda xanlıqlar yaranmışdır. Onlar tarixi-coğrafi və etnik baxımdan vahid Azərbaycanın ərazisini təşkil etmiş, yalnız coğrafi yerləşməsinə görə, şərti olaraq Şi­mali və Cənubi Azərbaycan xanlıqları kimi ifadə olunmuşdur. Azərbaycan xanlıqları, xüsusilə daha güclü xanlıqlar müstəqil si­yasi xətt yeritmişdir. Bu beynəlxalq müqa­vilələr ilə də tanınmışdır. Xanlıqlar döv­rünün əsas məzmununu mərkəzləşdirmə uğrunda mübarizə təşkil etmişdir. Bu iki istiqamətdə getmişdir. Urmiya, Quba və Qarabağ xanlıqları Azərbaycan torpaq­larını mərkəzləşdirməyə çalışmışdır. Qu­balı Fətəli xan (1758-1789) Azərbaycanın şimal-şərq torpaqlarını birləşdirməyə nail olmuşdur.

Kərim xanın ölümündən sonra Ağa Məhəmməd xan Qacar Azərbaycan tor­paqlarının birləşdirilməsi siyasətini davam etdirmiş, 1795-ci ildə Azərbaycanın şima­lındakı torpaqlar uğrunda da mübarizə baş­lanmışdır. Şuşa alındıqdan sonra 1797-ciildə Şah Qacar burada öldürülmüşdür. Cənubi Qafqazda Rusiya imperiyasının mövqeyi güclənməyə başlamışdır.

Yeni Qacar hökmdarı Fətəli şah (1797–1834) Ağa Məhəmməd şahın Azərbaycan siyasətini davam etdirməyə çalışmış, lakin Rusiyanın Şimali Azərbay­canı işğal etməsi – Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə bu si­yasət baş tutmamışdır. Buna görə də əsas diqqət Azərbaycanın güney torpaqlarına yönəlmişdir. Qacarlar Güney ərazisini Azərbaycan əyaləti adlandırmışlar.

Güney Azərbaycanın Qacarlar döv­rü tarixinin sonrakı mərhələsində Azər­baycan əyalətinin mövqeyinin tədricən sıxışdırılmasının 1905–1911-ci illər İran inqilabı ilə nəticələndiyini söyləyən alim bildirdi:

– Bu dövrdə məhz Güney Azərbaycan inqilabın mərkəzi olmuş və muxtariyyət məsələsi meydana gəlmişdir. Azərbay­canlılar nəinki öz ölkəsində, o cümlədən bütün İranda azadlıq hərəkatının avanqar­dına çevrilmişlər. Bir neçə il sonra Rusiya imperiyasının devrilməsindən sonra Azər­baycanın quzeyində müstəqil Azərbaycan Cümhuriyyətinin (1918-1920) yaradılması ilə yeni situasiya meydana gəlmişdir. Aka­demik Bartoldun fikrincə, Cümhuriyyətin Azərbaycan adlandırılması onun Güney Azərbaycana iddiasını da ortaya qoymuş­dur. Beləliklə, Azərbaycanın birləşdirilmə­si ideyası da ortaya çıxmış, bu İran tərə­findən ciddi narahatlıqla qarşılanmışdır. 1920-ci ilin martında Cümhuriyyət ilə İran arasında bağlanan müqavilələrdə Şima­li Azərbaycan Qafqaz Azərbaycanı kimi qeyd edilmişdir.

Bundan sonra Güney Azərbaycanda­kı proseslərin siyasi istiqaməti də dərin­ləşməkdə davam etmişdir. 1920-ci ildə Güney Azərbaycanın İranın tərkib hissəsi olması haqqındakı fikirlər, Azadistan və s. məsələlər üzərində dayanmadan, qeyd etmək lazımdır ki, Xiyabaninin rəhbərliyi ilə cənubda ilk dəfə o tayda Azərbaycan milli hökuməti yaradılmışdır.

İranda türk şahları hakimiyyətinin fars sülaləsi ilə əvəzlənməsinin Güney Azərbaycanın məqsədyönlü və davam­lı assimiliyasiya siyasətinin hədəifinə çevrilməsi ilə nəticələnməsini tarixçi alim belə dəyərləndirdi:

– 1921-ci ildə dövlət çevrilişi nəticəsin­də Rza Pəhləvi baş nazir olmuş, 1925-ci ildə isə Fars imperatorluğunun yeni, Pəh­ləvi sülaləsinin (1925–1979) banisi kimi taxt-taca yiyələnmişdir. 1935-ci ildə dövlə­tin rəsmi adı İran kimi qəbul olunmuşdur. Pəhləvilər dövründə Güney Azərbaycana qarşı şovinist münasibət dövlət siyasə­tinə çevrilmişdir. Kəsrəviçilik ideologiya­sı ilə Azərbaycanın cənub və şimalının ayrılmasının saxtakarlıqla “əsaslandırıl­masına” cəhd edilmişdir. İran tərkibində Güney Azərbaycanın vahid inzibati ərazi statusunun ləğvi (1938-ci il ərazi islahatı nəticəsində Güney Azərbaycan ərazisi, əsasən, 3 və 4-cü ostanların tərkibinə daxil edilmişdir) əsas məsələlərdən birinə çevrilmiş, azərbaycanlıların hüquqlarının məhdudlaşdırılması genişlənmişdir. 

Güney Azərbaycan xalqı bu proses­lərə də ciddi müqavimət göstərmiş, II Dünya müharibəsindən sonra, 1945-ci ilin dekabrında Seyid Cəfər Pişəvərinin rəh­bərliyi ilə Milli hökuməti təşkil edilmişdir. Azərbaycan Milli hökumətinin süqutu ilə İranda Güney Azərbaycana və azərbay­canlılara qarşı ayrı-seçkilik siyasəti, daha da güclənmişdir.

1979-cu ildə şah rejiminin inqilabi yol­la devrilməsindən və İran İslam Respub­likasının yaradılmasından sonra Güney Azərbaycanın tarixi-coğrafi ərazisinin parçalanması, əhalinin etnik tərkibinin dəyişdirilməsi, ən adi insan hüquqlarının pozulması məqsədyönlü şəkildə davam etdirilmişdir. 1989-cu il Arazın bu tayında sərhəd hərəkatının baş verməsi və Azər­baycanın dövlət müstəqilliyini elan etmə­sindən sonra, İranın Azərbaycan siyasəti (həm şimal, həm də cənub üzrə) daha kəskin xarakter almışdır. Azərbaycanın Ermənistan üzərində 44 günlük mühari­bədəki tarixi qələbəsi ilə anti-azərbaycan siyasətinin mahiyyəti tamamilə aşkara çıxmışdır. İran birmənalı şəkildə mövqeyi tutaraq, Ermənistan ilə eyni blokda birləş­mişdir.

Professor Kərim Şükürov Güney Azərbaycanın müstəqil olmaq hüququ­nu bu mülahizə ilə tamamladı: 

– Qeyd edilən tarixi faktlardan aydın olur ki, Azərbaycanın cənub torpaqlarının İranın tərkibində olmasının tarixi-hüquqi əsası yoxdur. Bu yalnız Rusiya imperiya­sı ilə İran arasında bağlanan Gülüstan və Türkmənçay müqavilələri ilə dövlətlərara­sı sərhədlərin müəyyən edilməsinin nəti­cəsi kimi meydana gəlmiş, Azərbaycanın cənub və şimalının vahid dövlətdə birləş­dirilməsi prosesinin qarşısı alınmışdır.

İranın tərkibində qalan Güney Azər­baycanın ərazi bütövlüyünə də ciddi zərbə vurulmuş, azərbaycanlıların insan hüquq və azadlıqları məhdudlaşdırılmış və on­lar diskriminasiyaya məruz qalmışdır. Bu proseslər getdikcə daha kəskin xarakter almaqdadır. Belə bir vəziyyətdə İrandakı azərbaycanlıların öz müqəddəratını təyi­netmə hüququnu reallaşdırması tarixi zə­rurət kimi meydana çıxır.

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

Siyasət