Ukrayna NATO-dan öz təhlükəsizliyinə zəmanət istəyir

post-img

Ukraynanın təhlükəsizliyi rəsmi Kiyev ilə NATO rəhbərliyi arasdında müzakirə obyektinə çevrilib. Ukrayna rəsmiləri alyansdan və Qərb ölkələrinin liderlərindən bununla bağlı təhlükəsizliyinə zəmanət istəyirlər.

Məsələ Kişinyovda keçirilən “Av­ropa siyasi birliyi”nin sammitində mü­zakirə olunub. Estoniyanın baş naziri Kaja Kallas çıxışında bildirib ki, ukray­nalılara ümid vermək lazımdır. “Rusi­yaya göstərmək vacibdir ki, biz Ukray­nanın tərəfindəyik və Ukraynanın yeri NATO-dur. Aydındır ki, müharibənin davam etdiyi bir vaxtda bu, mümkün deyil. Ancaq ölkənin NATO-ya üzv ola­cağına dair aydın siqnal vermək vacib­dir və biz Ukraynanın tərəfindəyik”. 

Fransa Prezidenti Emmanuel Makron isə bir müddət əvvəl Slovaki­yanın paytaxtı Bratislavada keçirilmiş beynəlxalq “Globsec” konfransında deyib ki, NATO ölkələri Ukraynanın təhlükəsizliyinə etibarlı təminat vermə­lidirlər. “2019-cu ilin dekabrında NATO barəsində kəskin danışdım. Blok daxi­lində Türkiyə ilə bir sıra digər güclər arasında parçalanma var. Mən “beyin ölümü” haqda danışdım. Bu gün qeyd edə bilərəm ki, Putin Ukraynaya qar­şı təcavüzkar müharibəsilə NATO-nu oyadıb”, – deyə Fransa Prezidenti bil­dirib.

Onun sözlərinə görə, Paris Kiyevin hərbi yardım alaraq əldə etdiyi silah­lardandan Rusiya ərazisinə hücum­lar üçün istifadə edilməsinə qarşıdır, amma öz ərazisini müdafiə etmək cəh­dini dəstəkləyir. 

Ağ evdən də oxşar açıqlama gə­lib. Vurğulanıb ki, ABŞ Kiyevin yardım silahlarından istifadə etməklə, Rusi­ya ərazisinə hücumlarını dəstəkləmir. Amma yerli silahlarla Rusiya ərazisinə zərbələr endirməsini beynəlxalq hüquq baxımından qanuni hesab edir. 

İstənilən halda Ağ ev Ukraynaya hərbi yardımlarını davam etdirir. Yeni yardım paketinə “Avenger” və “Patri­ot” üçün raketlər daxildir. Bu barədə Pentaqonun saytı xəbər verib. Xəbər­də bildirilir ki, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb. 

Bunların fonunda Ukraynanın NATO-ya üzvlük məsələsi də müzakirə edilir. Norveçin paytaxtı Osloda NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə NATO xarici işlər nazirlərinin iki günlük qeyri-rəsmi toplantısı keçirilir. Alyansən rəhbəri toplantıdan əvvəl brifinq düzənləyərək deyib: “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ukrayna Rusiya ərazisinə hücum edə bilər. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”.

Müharibəni Rusiya Prezidenti Vla­dimir Putinin başlatdığını xatırladan Y.Stoltenberq qeyd edib ki, yalnız o, özü bu müharibəni dayandıra bilər: “Biz Uk­raynanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Həmçi­nin Ukraynaya dəstək NATO-nu mü­naqişə tərəfi etmir. NATO-nun iki və­zifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıx­masının qarşısını almaq”.

NATO xarici işlər nazirlərinin top­lantısında isə Ukraynanın alyansın bir hissəsi olacağa barədə prinsipial ra­zılaşma əldə olunub. Amma bu, Rusi­ya ilə müharibə başa çatandan sonra nəzərdə tutulur. 

Ukrayna Prezidenti Volodimir Ze­lenski daha əvvəl demişdi ki, o, mü­haribə bitməmiş Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ola bilməyəcəyini başa düşür. Ukray­na lideri ümid etdiyini bildirmişdi ki, NATO-nun iyul sammitində ölkənin al­yansa qoşulmasından əvvəl tərəfdaş­lardan təhlükəsizlik zəmanəti alacaq.

Təhlükəsizlik zəmanəti ilə bağlı söhbətlərin getdiyi bir vaxtda Ukrayna növbəti hücuma məruz qalıb. Kiyev Re­gional Hərbi Administrasiyasının yay­dığı məlumata görə, iyunun 2-nə keçən gecə Rusiyanın hava hücumu zamanı Kiyev səmasında 30-dan çox pilotsuz təyyarə və raket vurulub. Zərərsizləş­dirilən raket və kamikadze dronlarının qalıqlarının düşməsi nəticəsində Podol rayonunda yanğın baş verib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildi­rilib ki, iyunun 2-nə keçən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 15 qanadlı raket, 18 kamikadze dronu atıb.

Ukrayna da öz növbəsində Rusiya ərazisinə hücum gerçəkləşdirib. İyunun 2-də pilotsuz uçuş aparatları Smolensk vilayətinin ən böyük enerji obyektlərinə hücum gerçəkləşdirib. Vilayətinin rəh­bəri vəzifəsini icra edən Vasili Anoxinin sosial şəbəkələrdə verdiyi məlumata görə, hadisə nəticəsində ölən və xə­sarət alan olmayıb. Dronlar mühüm inf­rastruktur obyektlərinə ciddi ziyan vura bilməyib. Anoxin bildirib ki, zərbə gecə saat 3 radələrində baş verib. 

Xatırladaq ki, daha əvvəl Kaluqa yaxınlığında naməlum obyektin düş­məsi barədə məlumat yayılmışdı. 

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya