Özbəkistanda keçirilən üçüncü Baxşı festivalında Azərbaycan da iştirak edib

post-img

Özbəkistanın Sırdərya vilayətinin Gülüstan şəhərində üçüncü Baxşı festivalı və festival çərçivəsində “Müasir baxşı sənəti:qızıl irsin yeni nəğmələri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. 

Festivalda Özbəkistandan başqa Azərbaycan, Türkiyə, Macarıstan, Pakistan, Koreya, Qazaxıstan, Türkmənistan, Tacikistan və digər ölkələrin alimləri və sənətçiləri qatılıb. Ümumiyyətlə festival və konfransda dünyanın 30-dan çox ölkəsinin nümayəndələri iştirak edib.

Konfransa bu ölkələrin elm mərkəzlərinin və universitetlərinin alimləri, tanınmış folklorçular, bu sahənin tədqiqatçıları, xalq ədəbiyyatının biliciləri, elm, mədəniyyət xadimləri qatılıb. 

Tədbiri Özbəkistanın Mədəniyyət və turizm naziri Azadbek Nazarbekov açaraq bu münasibətlə festival iştirakçılarını təbrik edib, baxşı sənətinin müasir dünyamızdakı yerindən və mövqeyindən danışıb. Nazir deyib ki, dünya xalqları mədəniyyətinin inkişafında baxşı sənəti böyük rol oynayır. Bu sənət həm də müxtəlif xalqların nümayəndələrini öz ətrafında birləşdirən mənəvi körpüdür.

Türkiyənin Egey Universitetinin professoru Fikrət Türkmən ozan, aşıq, baxşı sənətinin tarixi haqqında geniş söhbət açıb, bunun Türk dünyasını yaxınlaşdıran, doğmalaşdıran bir sənət növü olduğunu vurğulayıb. 

Azərbaycan Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik  Muxtar İmanov bildirib ki, Türk xalqlarının, ümumiyyətlə dünya xalqlarının bir-birinə yaxınlaşmasını, bütövləşməsinin ən vacib yolu mədəniyyətdir və mədəniyyətin ən mühün qollarından biri ozan, aşıq, baxşı sənətidir.

Baxşı sənəti bizi çox yaxınlaşdırır, həm də ona görə ki, bu, Türk dünyasının,Türk etnosunun sənətidir. Bu sənət bizə ulu əcdadlarımızdan gələn sirləri açıqlayır. Ozan, aşıq, baxşı sənəti həm də Türk mənəvi gücünün yüz illər boyu zirvəsini göstərən sənətdir.Cənubi Qafqazda Azərbaycan-Osmanlı aşıq sənətinin təsiri ilə ermənilər yüz illər boyu türk dilində şeirlər yazıblar, dastanlar qoşublar. Digər qonşumuz gürcülər də aşıq-ozan sənətinin təsiri ilə əsərlər yazıblar, Dağıstan xalqları da o cümlədən...

Sonra Folklor İnstitutunun professoru İlhamə Qesebova, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, həmin ali məktəbin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mübariz Əliyev və Türkiyədə yaşayan soydaşımız, professor Əli Polad ozan, aşıq, baxşı sənətinin müxtəlif tərəfləri ilə bağlı məruzələr ediblər. 

Konfransın keçirildiyi iki gün ərzində foyedə Əli Poladın Azərbaycan, özbək və ingilis dillərində ozan, aşıq, baxşı sənətinin inkişaf mərhələlərini əks etdirən “Qədim heykəllər əsasında Aşıq sənətinin tarixi izləri” adlı sərgisi də fəaliyyət göstərib. 

Həmin gün axşam Baxşı festivalının təntənəli açılış mərasimi keçirilib. 

Mərasimdə Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, xarici ölkələrin səfirləri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, qonaqlar, jurnalistlər iştirak ediblər. 

Özbəkistan Prezidentinin müşaviri Adil Əbdürrəhmanov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin konfrans iştirakçılarına təbrikini oxuyub. 

Sonra teatrlaşdırılmış konsert proqramı təqdim edilib. 

Qulu Kəngərli 

Gülüstan şəhəri 

 















Mədəniyyət