Xalça Muzeyində Ümummilli Liderin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

post-img

Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə keçirilir.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək konfransın əhəmiyyətindən danışıb.

Qeyd edilib ki, çağdaş dünyada hər bir xalqın mədəni özünəməxsusluğunu, milli-mənəvi dəyərlər sistemini, maddi irsini, tarixi yaddaşını qoruması qarşıda duran mühüm vəzifələrdəndir. Görkəmli dövlət xadimi Heydər Əliyev bu sahədə, o cümlədən Azərbaycan xalqının milli kimliyinin mühafizəsi, adət-ənənələrinin yaşadılmasında muzeylərin rolunu nəzərə alaraq, onların inkişafı istiqamətində mühüm işlər görüb, sözügedən məsələləri siyasi fəaliyyəti müddətində daim ön planda saxlayıb.

Vurğulanıb ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda “Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin dirçəldilməsində rolu”, “Etnik müxtəliflik və mədəniyyətlərarası dialoq”, “Xalq sənətkarlığının dirçəlməsində etnoqrafik muzeylərin rolu”, “Qloballaşma dövründə etnik mədəniyyətin əksi”, “Lokal etnik qrupların ənənəvi mərasim mədəniyyəti” mövzularını əhatə edən məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Ulu Öndərin Azərbaycan dövləti qarşısındakı tarixi xidmətlərindən danışıb, onun mədəniyyətimizin inkişafına göstərdiyi xidmətləri vurğulayıb. Ölkədə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə silsilə tədbirlərin təşkil olunduğuna diqqət çəkən nazir müavini Xalça Muzeyində reallaşan beynəlxalq elmi konfransın da bu qəbildən olduğunu qeyd edib.

Çıxış edən digər natiqlər konfrans haqqında fikrilərini bölüşüblər.

Bildirilib ki, beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Macarıstan, Özbəkistan, Polşa, Rumıniya, Cənubi Koreya və Yaponiyadan muzey rəhbərləri və tədqiqatçılar qatılaraq elmi məruzələrlə çıxış edəcəklər.

İkigünlük konfransda akademik sessiyalarla yanaşı, qonaqlar üçün xüsusi mədəni proqram da nəzərdə tutulub.



















Mədəniyyət