Ruhu qanadlandıran saz sözə, söz nəğməyə qarışanda…

post-img

Bəzən hədsiz sevinəndə də, üstümüzə qara buludlar enib bizi kədərə qərq edəndə də musiqi dinləmək istəyirik. Şən vaxtlarımızda şux mahnılar, kədərli anlarımızda lirika, muğam bizi ahənruba kimi özünə çəkir. İnsanı düşündürən yalnız mahnının sözləri deyil, onun musiqisi, təqdim edilməsi və səsin həzinliyidir. Zəngin repertuarı və məlahətli səsi ilə bizi heyran edən Gültəkini redaksiyamızın təşkil etdiyi bayram tədbirində tanıdıq. Əsil Azərbaycan qızına məxsus sadə geyimi, saf təbəssümü, xoş davranışı ilə hamının diqqətini özünə çəkdi. İfalar bir-birini əvəz etdikcə, duet yoldaşı Zakirlə birgə təqdim etdiyi Cahargah təsnifləri ruhumuzu oxşadı. Segah üstə oxuduqları mahnılar, saz havaları rəqslərlə bir-birinə qarışdı. Gültəkingilin “Planet” ansamblı həmin gün bizə təkrarsız anlar yaşatdı… 

Günlər sonra onunla yenidən görü­şüb söhbət etdik. Sənət yolundan, əldə etdiyi uğurlardan söz açdı. Öyrəndim ki, Gültəkin Məmmədova 2008-ci ildə Cəbrayıl rayon 6 saylı tam orta məktə­bi bitirdikdən sonra həmin il Sumqayıt Musiqi Kollecinə daxil olub. Xanəndəlik sinfində ilk dərslərini mərhum xanən­də Vahid Abdullayevin həyat yoldaşı Kamilə müəllimdən alıb. 2012- ci ildə musiqi kollecini müvəffəq qiymətlərlə başa vurub və həmin il Azərbaycan Milli Konservatoriyasının xanəndəlik sinfinə qəbul olunub. Ustadının Xalq artisti, Prezident mükafatçısı, profes­sor Nəzakət Teymurovanın olması onu daha çox sevindirib: “Müəllimimə istəyim o qədər böyük idi ki, yenidən konservatoriyaya daxil olub, yenidən magistrliyi oxusaydım, yenə Nəzakət xanımın tələbəsi olmağı seçərdim”– deyir. Sonra əlavə edir: “Muğamı sev­mək üçün öncə ustadı sevməlisən. Ustadı sevməyən tələbə çalışmaz ki, dərsə qaçsın, gecikməsin, günün çox hissəsini onun yanında olmaq istəsin. Tələbəlik illərimdə onun dərsini öy­rənməmək söhbəti heç vaxt olmayıb. Amma muğamın hansısa şöbəsində nəyisə düzgün oxumayanda onu elə şəkildə başa salırdı ki, anlayırdım ki, daha ciddi çalışmalıyam”. 

Gültəkin musiqi məktəbində təhsil alanda oxumaq onun üçün sadəcə bir həvəs olsa da, illər ötdükcə muğam sənətinin sirlərini öyrənməyə başlayır. Qarabağ deyiləndə öncə göz önünə zümzümə, oxumaq, muğam səsi gəlir. Gültəkingilin ailəsində də hamıda səs olsa da, bu, sadəcə həvəs olaraq qa­lıb. Gültəkin isə onu peşə olaraq seçib. İlk ifaları təbii ki, orta məktəbdə keçi­rilən tədbirlərdə, bayram şənliklərində olub... Daha sonra böyük səhnədə, Muğam Mərkəzində muğam müsa­biqəsində xalq mahnısı “Bəh- bəh” ilə diplomant olub. Hər uğur, hər alqış onun səhnəyə həvəs və istəyini, mu­ğama məhəbbətini artırıb. 

Gənc müğənni müəllimlərinin əziy­yət və əməyini dəyərləndirir. Kollecdə Kamilə Abdullayevanın, konservatori­yada isə Nəzakət Teymurovanın tələ­bkarlığı, sənətə həvəsləndirməsi,ona düzgün yolda olduğunu dəfələrlə bil­dirməsinin nəticəsidir ki, bu gün ifaları bəyənilir, sevilir, alqışlanır. Səsindəki milli çalarlar xalq və bəstəkar mahnı­larını onun ifasında daha uğurlu edir.

Gültəkin 2013-cü ildə Televizya Mu­ğam Müsabiqəsinin diplomantı olub. Milli Elmlər Akademiyasının nəzdində yaradılan xalq çalğı alətləri ansamblı ilə səhnəyə çıxıb. Sonradan “Mücrü” ansamblı yaranıb və böyük konsert­lərdə, Heydər Əliyev adına Respublika Sarayında dəfələrlə dövlət tədbirlərin­də çıxış edib.

İnsanın ruhunu oxşayan, düşün­dürən və həyatı daha dərindən dərk et­məyə sövq edən mahnının sözü qədər onun musiqisi və təqdim edilməsidir. Bu, Gültəkinin ifasında daha mükəm­məldir. Gah dağ çayları kimi kükrəyib daşan, gah dərələrdən dolanıb gələn suyun şırıltı səsini xatırladan, gah da bulağın həzinliyinə bənzəyən səsi in­sanın canına, qanına hopur, onun ru­hunu dincəldir. 

Ömrünün gənclik çağını yaşayan Gültəkin yalnız xalq mahnılarını deyil, bəstəkar mahnılarını da eyni uğur və məharətlə ifa edir. Hər təqdimatı doğ­madır, gözəldir, duyumlu, uyumludur. İfa etdiyi nümunələr nə qədər mükəm­məl olsa da, ustadının repertuarından “Qal, sənə qurban” mahnısını daha çox sevir.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Mədəniyyət