ABŞ politoloqlarının Qarabağ haqqında kitabı nəşr edilib

post-img

Amerikanın tanınmış nəşriyyat evlərindən olan Palgrave/Macmillian tərəfindən Yuta (Utah) universitetinin professoru M. Hakan Yavuzun və Tennessee Texnologiya Universitetinin professoru Michael M. Gunterin müəllifliyi ilə “Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi: səbəblər və nəticələr” adlı kitab nəşr edilib. 


Müəlliflərin söylədiklərinə görə bu tədqiqatın əhəmiyyəti onun geniş, və orijinallığı ilə yanaşı, 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi ilə nəticələnən və mövcud paradiqmanı dəyişdirən müharibədən sonra yazılmış ilk əsər olmasıdır. İllər əvvəl aparılan və artıq təhlilləri köhnəlmiş tədqiqatlardan fərqli plaraq bu tədqiqatın əhəmiyyəti münaqişə ilə bağlı mövcud olan biliklərimizdəki boşluqları doldurmaqdır. Müəlliflər həmçinin onu da vurğulayıblar ki, azərbaycanlılar və ermənilər üçün Qarabağ regionu və keçmiş Dağlıq Qarabağ münaqişəsi tamamilə fərqli mənalar kəsb edirdi. Münaqişə azərbaycanlılara nəyi itirdiklərini daim xatırlatdığı halda, erməniləri “yeni müharibələr, yeni ərazilər” strategiyasına sadiq qaldıqları müddətcə yeni nailiyyətlərə inandırırdı. Qarabağın tarixi, Birinci Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının 2020-ci ilə qədər işğalı və danışıqlar prosesini ələ alan bu tədqiqat, bütün bu proseslərin fonunda Azərbaycanın gücünü və limitlərini bilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji bacarıqlarını, prosesə realist yanaşma qabiliyyətini və itirilimiş ərazilərin düşmən işğalından azad etmək üçün doğru zamanı gözləməyə imkan verən liderlik keyfiyyətlərini ortaya qoyan İkinci Qarabağ müharibəsinin başlanma səbəblərini və hər iki dövlət üçün nəticələrini analiz edir. Müəlliflərin bildirdiyinə görə kitab yeddi fəsildən ibarətdir. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən birinci fəsil çoxmillətli və eyni zamanda mürəkkəb etnik quruluşa malik Qafqaz bölgəsinin tarixini qərəzsiz şəkildə təqdim etməyə, Çar Rusiyasının və daha sonra Sovet hakimiyyətinin Qafqaz bölgəsində və eləcə də Qarabağ regionunda oynadığı rolu izah etməyə çalışır, Qarabağın Qüdsü hesab edilən Şuşa şəhərinin azərbaycanlılar üçün nə dərəcədə önəmli olduğunu və bu tarixi şəhərin Azərbaycan kimliyinin və mədəniyyətinin mədəni irsi üçün nə qədər əhəmiyyət daşıdığını və buna görə də Şuşanin itirilməsini mədəni yaddaşın itirilməsi olaraq qəbul edən azərbaycanlılar üçün bu şəhərin işğaldan azad edilməsinin nə qədər vacib olduğunu göstərir.


İkinci fəsildə erməni milliyyətçiliyinin Keçmiş Dağlıq Qarabağ münaqişəsinə təsirindən bəhs edən müəlliflər ermənilərin azərbaycanlıları “geriqalmış, şərqli, asiyalı, müsəlman və türk” kimi qələmə verərək “qeyri-insaniləşdirməsinin” intellektual əsasılarının nə olduğunu, bu yanaşmanın erməni mədəni və siyasi qurumları tərəfindən necə yayıldığını və xristian ictimai rəyini öz tərəflərinə çəkməkdə necə kömək etdiyini, Dağlıq Qarabağ probleminin həlli üzrə diplomatik danışıqların nəticəsiz qaldığı zamanlarda bu “qeyri-insaniləşdirmə” siyasətinin Ermənistanın siyasi mövqeyinə necə təsir etdiyini analiz edirlər. Üçüncü fəsil Birinci Qarabağ müharibəsi və müharibə sonrası məğlubiyyətin Azərbaycan üçün travmaları, müstəqilliyin ilk illərində bu məğlubiyyət sonrası travmanın o dövrkü dövlət institutlarına inamı necə sarsıtdığını, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağın xatirəsini necə qoruyub saxladığını və onu Azərbaycan kimliyinin özəyinə çevirməyə necə nail olduğunu, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların uğursuzluğunun Azərbaycan kimliyinə necə təsir etdiyini, Qarabağın Azərbaycan cəmiyyəti və dövlətin legitimliyi üçün əhəmiyyətinin nədən ibarət olduğunu və hökumətin bu istiqamətdə siyasəti nə olduğunu və insanların bu siyasətinə necə reaksiya verdiyini ələ alır. Dördüncü fəsil öz müqəddəratını təyinetmə və ya ərazi bütövlüyü, beynəlxalq hüquqi/siyasi doktrinaların ziddiyəti və onların Dağlıq Qarabağ üçün nəticələri, Dağlıq Qarabağla bağlı vəziyyətdə daha vacib olan nədir: ərazi bütövlüyü, yoxsa öz müqəddəratını təyinetmə kimi məsələləri əhatə edir.


Beşinci fəsil 30 illik işğal dövründə ATƏT-in Minsk Qrupu tərəfindən aparılan danışıqlar prosesinin uğursuz olmasından, Rusiyanın danışıqlar prosesində hansı mühüm rol oynadığından və danışıqların uğursuz olmasında Ermənistan rəhbərliyinin rolundan bəhs edir. Tədqiqatın altıncı fəsli “İkinci Qarabağ müharibəsi və İlham Əliyevin rolu” adlanır. Bu fəsildə İkinci Qarabağ müharibəsinin başlamasının və qalibiyyətlə başa çatmasının dünyanın bir çox aparıcı dövlətlərinin, o cümlədən ABŞ-ın siyasi institutlarında hər kəsi şoka saldığını bildirən müəlliflər, qələbənin tamamilə Azərbaycan rəhbərliyinə, İlham Əliyevin bu istiqamətdə qəti mövqeyinə və Azərbaycanın hərbi hazırlığına aid olduğuna diqqət çəkirlər. Kitabın yeddinci fəsli Birinci Qarabağ müharibəsindən sonrakı mərhələnin Azərbaycan üçün iqtisadi və sosial nəticələrini ələ alaraq İkinci Qarabağ müharibəsinin nəzərdə tutulmuş və gözlənilməz nəticələrindən bəhs edir. Kitab 2022-ci ilin sonunda nəşr edilərək oxuculara təqdim edilib. Kitabın müəllifləri Amerikanın məhşur Stənford və Kolumbiya universitetlərində keçirilən tədbirlər zamanı kitab haqqında məlumat veriblər.

 

Anar TURAN,

"Xalq qəzeti"

Mədəniyyət