Alimlər qədim riyaziyyatçı Ptolemeyin əlyazmasını oxuya biliblər

post-img

İtaliyanın Bobbio abbatlığının kitabxanasında tapılan və qədim yunan riyaziyyatçısı, astronomu və coğrafiyaçısı Klavdiy Ptolemeyə məxsus olan əlyazmasının böyük bir hissəsi alimin fəaliyyətinə və antik dövrün öyrənilməsinə işıq salır. Bir zamanlar ilk alimlər və astronomlar Ptolemey meteoroskopu adlanan alətdən istifadə edirdilər. O, hər şeydən əvvəl, yüksəkliyin ölçülməsi və göy cisimlərinin məsafəsinin müəyyən edilməsində tətbiq olunurdu. “Ancient Origins” nəşri bildirir ki, əlyazmanın böyük bir hissəsi məhz bu alətdə tapılıb. Gizli əlyazmada bu alətin konstruksiyası və onun istifadə qaydaları geniş təsvir edilib, onun ulduzlara qədər məsafənin müəyyən edilməsində rolundan bəhs olunub. Ptolemey meteoroskopu astronomik müşahidələr və hesablamalar, həmçinin ekvatordan enlik dərəcəsinin müəyyən olunması, günəşin yerləşməsi və planetin mövqeyini öyrənmək üçün istifadə edilirdi.

Əslində, bu astronomik alət kifayət qədər mürəkkəb olub. O, səyyar metal dairələrdən ibarət idi. “Dəqiq elmlər tarixinin arxivi” nəşrində dərc olunmuş materialda qeyd olunub ki, Ptolemey özünün ixtira etdiyi alət haqqında müəllif olduğu “Coğrafiya”” kitabında bəhs edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, son vaxtlara qədər alətin quruluşu haqqında məlumat olmayıb. Bir çox qədim mənbələrdə onun barəsində məlumatlar olsa da, alimlər metereoskopun quruluşu və funksiyalarını aşkar edə bilmirdi. Bu səbəbdən əlyazmasının tapılması alətin öyrənilməsi baxımından mühümdür. Sorbonna və Nyu-York universitetlərindən olan alimlər qrupu itirilmiş mətnin bərpa olunmasında böyük çətinliklərlə üzləşiblər. Əlyazması emal olunmuş perqamentdə yazılıb və əsrlər boyu tapmaca olaraq qalıb.

Aparıcı tədqiqatçılardan biri olan Aleksandr Cons deyir: “Manuskriptin aydın oxunmayan və yunan dilində olan səhifələrini hələ 1819-cu ildə italyan filoloq və kitabxanaçı Ancelo May aşkar edib, lakin o, əlyazmasının böyük bir hissəsini oxuya bilməyib. İtalyan alim, həmçinin bu qədim manuskripti tünd qəhvəyi rəngə boyayaraq özündən sonrakı tədqiqatçıların işini çətinləşdirib”.

Alimlər qrupu manuskriptin diqqətlə oxunması prosesinə 2020-ci ilin yanvarında başlayıb və multispektral vizual metod vasitəsilə gizli mürəkkəbləri üzə çıxarıb. İndi onlar Ptolemeyin qədim aləti haqqında məlumatları oxuyurlar. Bu işdə əldə olunan böyük nailiyyətə baxmayaraq, mətnlər hələ tamamilə oxunmayıb. Yunan yazısının çox pozulması alimlərin işini problematik edib.

Maraqlı