Avtomobil dünyasında yeni era

post-img

Novruz bayramı ərəfəsində ölkəmizdə ilk dəfə olaraq elektrik avtomobillərinin sərgisi keçirilib. «Auto Eko 2023» adlanan avto-şou Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunub.


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə keçirilən sərginin məqsədi Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadesi, elektromobil texnologiyalı ən yeni modellərin nümayişi, ətraf mühitin qorunmasına cəmiyyətin diqqətinin cəlb edilməsi, gənclərdə müasir texnologiyalara, texniki idman növlərinə marağın artırılmasıdır.


Avto-şou çərçivəsində iştirakçılar arasînda mini-prezentasiyalar, brifinqlər keçirilib. Tamaşaçılar üçün əyləncəli şou-proqramlar da təşkil olunub. 

Xüsusi təşkil olunmuş zonada «Need for Speed» kiber-disiplini üzrə tamaşaçılar arasında yarîş keçirilib və qaliblər mükafatlandırılıb. 

  40-dan çox aparıcı avtomobil markasının rəsmi idxalçılarını və yerli avtomobil istehsalçılarını birəşdirən ictimai birlik ən təcrübəli biznes-assosiasiyalardan biridir.  Fəaliyyətə başladığı andan etibarın ölkəmizdə bir sıra ilklırə imza atmışdır. 

Təşkilat bu gün öz missiyasını Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının cavanlaşması, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdə görür.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilmişdir. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra tədbirlərin təşkilini AADA öz qarşısına vəzifə qoymuşdur. Ötən il assosiasiya hibrid və elektromobillərin iştirakı ilə «Yaşıl ölkə» adlı ilk ekoloji avtomobil yürüşünü də gerçəkləşdirdi.   

Fidan Hüquqqızı,

«Xalq qəzeti»

 









Son xəbərlər