Dəyişən gündəm

post-img

3 il öncə bu günlərdə mətbuatımız nə yazırdı, nə oxuyurduq? – Bəli, cəmi 3 il öncə gündəmimizdə iki virus haqqında yazılar tirajlanırdı: COVID-19 və “Erməni işğalı-30”. “Qalib Ermənistan”ın, Xankəndidə yuvalanmış qondarma rejimin ədalı, havalı siyasi-hərbi rəhbərliyi təhdid, hədə, daha nə bilim nə kimi boşboğazlıqla məşğuldu: qondarma rejimin “parlament”ini Şuşaya köçürəcəkmişlər, daha nələr edəcəkmişlər və s…

Bu il artıq 3-cü il olacaq ki, Dəmir Yumruq gündəmi tamamilə dəyişib! “Qarabağ – Ermənistandır. Nöqtə” deyən Ermənistan lideri Cıdır düzündə ağnayammır; Tonoyan-monoyan Ağdamda poz verib, “Həsənov, mən burdayam, bə sən hardasan?” deyə bilmir.

Bunlar öz yerində. Son 3 il içində, özəlliklə Şuşa azad olunandan sonrakı dönəmdə gündəmə yeni rənglər qatılır, tarixi Zəfərimiz yeni çalarlar, zənginliklər qazanır. Aradabir baş qaldırmağa çalışan, rəsmən çaşan düşmən “əvəzçıxma eşqi”nin onlara nələr vəd etdiyini qanmaqdadır. Qanır ki, hər bir yanlış addım növbəti dəfə Dəmir Yumruğu başında görmək deməkdir! Ağıllanacaqlar, lap tam da olmasa, bəlkə “ürək”lərində olmasa da, gerçəklikdə, ağılda barışacaqlar – barışacaqlar ki, Qafqazda ən güclü müstəqil respublika ilə hərzə-hədyanla danışmaq beş quruş etməz. Beş quruş demişkən – dünya erməniliyi, diaspor, lobbi artıq pul-para verməkdən bezib – zira, “pers-pek-tiv” yox-dur! Status-mtatus gorbagor olub və Qarabağ Azərbaycandır!

Bəs gündəmdə indi nə var? – Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsi müəyyənləşib və o, dünən ilk görüşünü keçirib. Görüş Xocalıda baş tutub. Məsul şəxs kimdir? – Milli Məclisin üzvü Ramin Məmmədov. Məsul şəxsi bir az daha yaxından tanıyalım:

Ramin Məmmədov Ağdərə şəhərində anadan olub (17 fevral 1979), orta təhsilini Şuşa şəhəri işğala məruz qalanadək orada alıb, sonra təhsilinə Bakıda davam edib. Kamil ali hüquqşünas təhsili alıb, gənc yaşlarından önəmli ictimai-siyasi və dövlət vəzifələrində çalışıb. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa Birliyi-Azərbaycan parlament əməkdaşlığı komitəsinin, MM-in bir sıra ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, eləcə də, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Məhz bu faktlar onun danışıqlarda məsul şəxs qismində iştirakının ciddi əsaslarını və vizyonunu müəyyən edir.

Bir önəmli məqamı da əlavə edək ki, Ramin Məmmədov Qərbi Azərbaycan İcmasının da fəal üzvüdür. Elə bilirəm, onun Qərbi Azərbaycan İcmasının fəal üzvü olması “sıradan bir fakt” deyil – danışıqlarda iştirak edənlər, danışıqları özəl ilgi ilə izləyənlər üçün bu da bir ismarıcdır, məncə. Azərbaycanın Qarabağ bölgəsində ermənilər var, onların təmsilçiləri ilə danışıqlar aparılır, Ermənistan Respublikası da zəhmət çəkəcək Qərbi Azərbaycan İcması ilə danışıqlar aparacaq. Biz daxili işlərimizə kiminsə qarışmasına izn vermirik, başqalarının daxili işlərinə qarışmırıq, bununla belə, Ermənistan, ən azı son 35 il boyu Azərbaycan Respublikasına sığınmış azərbaycanlıların öz dədə-baba yurdlarına dönməsini təmin etməlidir. Azərbaycan Respublikası Qərbi Azərbaycanlıların ləyaqətli dönüşünə və təhlükəsizliyinə biganə qala bilməz. Qarabağda yaşayan ermənilər oradan didərgin salınmayıb, ancaq azərbaycanlılar həm Ermənistan Respublikasının ərazisindəki dədə-baba yurdlarından, həm də Qarabağdan didərgin salınıb. Bu, mühüm fərqdir, biz bunu bilirik, görürük, düşünürük, fikirləşirik, o bilgi, görgü, düşüncə, fikir üzrə də hərəkət edəcəyik.

Ermənistan başdan-başa tarixi Azərbaycan torpağıdır, ermənilər nəinki indiki Ermənistan Respublikası ərazisinə, ümumən Qafqazlara gəlmədir, əlbəttə. Əlbəttə, bu məsələlər Xocalıdakı ilk, yaxud növbəti görüşün gündəliyi olmaya bilər, lakin hansısa mövzunun müzakirə edilməməsi onun mövcud olmaması, yaxud müzakirə edilməyəcəyi anlamına gəlməz. Biz dövlət başçımızın siyasi iradəsinə, qətiyyətinə bələdik, inanırıq ki, yenə nəyin nə vaxt, harda və necə deyiləcəyi ən uyğun şəkildə planlanmışdır.

Bəli, Azərbaycan Respublikası özünün erməni sakinləri ilə görüşü, müzakirəni və onlarla bağlı hər hansı digər mövzuları özü müəyyənləşdirir, özü uyğun bildiyi şəkil və formatda həyata keçirir. Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasını, qalıcı sülh anlaşmasını müzakirə edə biləriksə, Azərbaycanın daxili işləri kateqoriyasına daxil olan hər hansı mövzuda onlarla müzakirə aparılmayacaq. 30 illik işğal dönəmində uyğunsuz şərtləri qəbul etməyən bir dövlətin, 44 günlük müharibədə tarixi Zəfərdən sonrakı qətiyyəti, siyasi iradəsi Ermənistan tərəfindən, dünya erməniliyi tərəfindən idrak olunmalıdır.

Beləliklə, ekofəallarımızın Xankəndi-Laçın yolunun Şuşa səmtində artıq 80 gündən çoxdur davam edən aksiyası ciddi sonuclar doğurmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə Xocalı şəhərində baş tutan görüşdə təbii sərvətlərin qanunsuz istismarını araşdıran Monitorinq qrupumuzun başçısı Məsim Məmmədov da iştirak edib.

Görüşün önəmini göstərən ən diqqətçəkən məqamlardan biri də Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycanın Respublikasının Konstitusiyasına, qanunlarına uyğun şəkildə reinteqrasiyasına dair ilkin müzakirələrin aparılmasıdır.

Dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI

Son xəbərlər