Türkmənistan ÜTT-yə üzv olmaq üçün memorandum hazırlayacaq

post-img

Türkmənistanda Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün xarici ticarət prosedurlarına dair memorandumun hazırlanması üzrə işçi komissiya yaradılıb.

“Neytral Türkmənistan”ın məlumatına görə, hökumətin videobağlantı vasitəsilə keçirilən iclasında dövlət başçısı Serdar Berdiməhəmmədov Türkmənistanın dünya iqtisadiyyatının strukturuna səmərəli inteqrasiyasını təmin etmək, habelə ölkənin iqtisadiyyatı ilə bağlı məsələlərin razılaşdırılması məqsədilə ÜTT-yə daxil olmaq üzrə Türkmənistanın xarici ticarət proseduruna dair memorandumun hazırlanması üçün işçi komissiyanın yaradılması haqqında qərar imzalayıb və onun tərkibini təsdiqləyib.

Türkmənistanın ÜTT-yə daxil olması məsələsini ilk dəfə 2011-ci ilin yanvarında Avropa Komissiyasının o vaxtkı rəhbəri Joze-Manuel Barrozu qaldırmışdı. O, Aşqabad səfəri zamanı o vaxtkı prezident Qurbanqulu Berdiməhəmmədovu Türkmənistanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü üçün müraciət etməyə dəvət etmişdi. 2020-ci ildə Türkmənistan ÜTT-yə müşahidəçi kimi daxil olmaq üçün müraciət edib və bu statusu alıb. 2022-ci ildə isə Aşqabad ÜTT Baş Şurasının Cenevrədə keçirilən növbəti iclası zamanı ÜTT-yə tamhüquqlu üzv kimi daxil olmaq üçün müraciət edib. Nəticədə Türkmənistana ÜTT-yə qoşulan ölkə (aktiv müşahidəçi) statusunun verilməsi barədə qərar qəbul olunub.

S.ELAY,

"Xalq qəzeti"

İqtisadiyyat