Zəngəzur dəhlizi: Polad magistralın yeni addımları

post-img

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işlərinə, dağıdılmış infrastrukturun yenidən qurulmasına da imkan yaratdı. 

Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu möhkəm siyasi iradə və qətiyyət nəticəsində kommunikasiya xət­lərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması ilə bağlı irəli sürdüyü ideyalar artıq reallığa çevrilib. Bu baxımdan, Zən­gəzur dəhlizinin yaradılması qarşısıalın­maz bir tarixi proses kimi addım-addım irəliləyir. Şərqlə Qərb arasında körpü rolu­nu oynayan Orta Dəhlizin gələcək uğurlu fəaliyyətinə mühüm töhfə sayılan Zən­gəzur dəhlizinin reallığa çevrilməsi həm də Avrasiya məkanında yeni əməkdaşlıq formatı üçün zəmin yaradır. Prezident İl­ham Əliyev bu il yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsində de­yib: “Zəngəzur dəhlizinin iqtisadi səmərə­si heç kimdə şübhə doğurmamalıdır. Əl­bəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir”. 

Hazırda Asiya ilə Avropanı birləş­dirən Şərq-Qərb dəhlizinin mühüm tər­kib hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində tədbirlər sürətlə davam etdirilir. İndi dəhlizin əsas seqmentləri sayılan magistral avtomobil və dəmir yollarının inşası istiqamətində qızğın işlər gedir. Prezident İlham Əliye­vin qeyd etdiyi kimi, Zəngəzur dəhlizindən həm dəmir yolu, həm də avtomobil yolu keçəcək. 

Ötən il oktyabr ayının 26-da Azərbay­can və Türkiyə prezidentləri İlham Əli­yev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməli qoyulmuş Zəngəzur dəhlizinin, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd av­tomobil yolunun inşası davam etdirilir. Məlumat üçün bildirək ki, uzunluğu 123,6 kilometr olan Horadiz–Cəbrayıl–Zəngi­lan–Ağbənd avtomobil yolu boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 ye­raltı keçidin inşası da nəzərdə tutulub və bu çərçivədə hazırda 14 körpü, 3 yolötü­rücü və 38 yeraltı keçidin tikintisi nəzərəd tutulur. 

Bundan əlavə, Zəngəzur dəhlizinin polad magistralının tikintisində də işlər getdikcə intensivləşir. Belə ki, Horadiz–Ağbənd dəmir yolunun birinci mərhələsi çərçivəsində 30 kilometrlik polad magist­ralın tikintisi uğurla tamamlanıb. “Azər­baycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər ki, indiyədək Horadiz–Ağbənd dəmir yolunun 60 kilo­metrlik hissəsi inşa edilib, 300 mühəndis qurğusu quraşdırılıb. 

Artıq yolun ikinci mərhələsi çərçivə­sində işlər intensiv şəkildə davam etdirilir. Ötən müddətdə yolun 80 faizi layihələn­dirilib, tikinti işləri isə 40 faiz tamamlanıb. Hazırda yolun 62-70 kilometrlik hissəsin­də torpaq işləri görülür. Yeri gəlmişkən, Azərbaycanın ən uzun dəmiryol körpülə­rindən biri məhz Horadiz–Ağbənd dəmir yolunun Həkəri çayının üstündən keçən hissəsində olacaq. Artıq körpünün tikintisi başa çatmaq üzrədir.

Məlumat üçün bildiririk ki, dəmir yolu­nun tikintisinə 2021-ci il martın 13-də baş­lanılıb. Layihəyə əsasən, 110,4 kilometrlik yolun üzərində doqquz stansiyanın (Hora­diz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qum­laq, Həkəri, Mincivan, Bartaz və Ağbənd) inşası nəzərdə tutulub. Yol boyu 469 mühəndis qurğusu, o cümlədən, 41 kör­pü, 22 avtomobil keçidi, üç tunel və digər qurğular inşa olunacaq. Bütövlükdə isə, üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan110,4 kilometr uzunluğunda olan Horadiz–Ağbənd dəmir yolunun tikintisi­nin 2024-cü ilin ortalarınadək tamamlan­ması planlaşdırılır.

Ölkəmiz üçün son dərəcə strateji əhə­miyyət kəsb edən bu dəhliz Naxçıvanın Azərbaycanın ərazisindən keçən yol qo­vşaqlarına çıxışını təmin etməklə yanaşı, beynəlxalq yük və sərnişin daşınmasına da əhəmiyyətli töhfələr verəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yeni nəq­liyyat infrastukturunun əhəmiyyətinə toxu­naraq deyib: “Zəngilan rayonunun əra­zisindən keçən həm dəmir yolu, həm də avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin ra­hatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik”.

 

Rauf AĞAMİRZƏYEV,
nəqliyyat üzrə ekspert

 

Azərbaycanın yerləşdiyi region multimodal yükdaşımaların inkişaf etdirilməsini tələb edir. 2020-ci ildə dünyada yükdaşımanın həcmi 12 mil­yard ton olub. Hesablamalara görə, bu göstərici 2030-cu ildə 25 milyard tona çatacaq. Bu da Azərbaycanın üzv olduğu layihələrdə yükdaşımala­rın artmasına səbəb olacaq. Elə ha­zırda ölkəmizdə həyata keçirilən işlər də məhz buna hədəflənib. Bu baxım­dan, Bakı Limanının köçürülməsi, Şərq-Qərb dəhlizi üzrə Böyük Kəsik istiqamətində dəmir yolunun moder­nləşdirilməsi dəyişən cərəyana keçid xərclərinin optimallaşdırılmasına xid­mət edir. Bütövlükdə isə son beş ildə görülən işlər gələcəkdə ölkəmizin ma­nevr imkanlarını artıracaq. 

Məlum olduğu kimi, dünya ticari yollarının və daşımaların 90 faizi dəniz nəqliyyatına aiddir. Burada quru daşı­maların payı daha azdır. Amma bu vəziyyəti dəyişmək istəyən Çin Xalq Respublikası 10 il bundan öncə “Bir kəmər, bir yol” təşəbbüsü ilə çıxış etdi. Dünya nəhəngi 60 ölkəni cəlb etməklə bu layihəni reallaşdırmaq istəyirdi. 

“Bir kəmər, bir yol” layihəsinin fərq­li marşrutları var. Onlardan biri də Orta Dəhliz dediyimiz, yəni Azərbaycan, Qafqaz üzərindən keçən marşrutdur. Nəzərə alsaq ki, Cənub və Şimal marşrutlarının keçdiyi ölkələr hazırda sanksiyalar altındadır. Xüsusilə, bunu Rusiyaya aid etmək olar. Çünki Rusi­ya bir il bundan öncə başladığı müha­ribə səbəbindən artıq sərt sanksiya­lara məruz qalıb. Belə olan təqdirdə Qafqaz üzərindən keçən marşrutun əhəmiyyəti artır. Bununla belə, Qafqaz üzərindən keçən marşrutun da bu­raxıcılıq qabiliyyəti var. Bu da həmin marşrutun şaxələndirilməsi zərurətini yaradır. Çünki marşrutun bir dəhlizdən asılı olması müəyyən problemlərin meydana gəlməsinə, yüklərin mənzil başına vaxtında çatdırılmasının lən­giməsinə səbəb olur. Bu isə qiymətin artımına, son nəticədə, marşrutun cəl­bediciliyinin aşağı düşməsinə gətirib çıxarır. 

Bütün bunlar Zəngəzur dəhlizinə marağı getdikcə artırır. Zəngəzur dəhlizinin istər siyasi, istərsə də iq­tisadi cəhətdən əhəmiyyəti olduqca yüksəkdir. Azərbaycanın yerləşdiyi əlverişli geosiyasi mövqeyi ölkə üzə­rindən beynəlxalq marşrutların fərqli istiqamətlərdə keçməsinə imkan ya­radır. Bu baxımdan, Zəngəzur dəhli­zi xüsusi qeyd edilməlidir. Bu dəhliz özündə bir çox seqmentləri birləşdirə­cək. Bura avtomobil və dəmir yolla­rı ilə yanaşı, Qarabağ və Şərqi Zən­gəzurdakı hava limanlarını da əlavə etmək olar. Eyni zamanda, gələcəkdə çəkilməsi nəzərdə tutulan elektrik xətti və mümkün neft qaz kəmərləri adıçə­kiln dəhlizin imkanlarını xeyli dərəcə­də artıracaq. 

Göründüyü kimi, Zəngəzur dəhlizi böyük potensialı olan marşrutdur. Ar­tıq Azərbaycan bu dəhlizin real fəaliy­yət sahəsinə çevrilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. Hazırda Zəngəzur dəhlizi istiqamətin­də avtomagistrallar və dəmir yolları çəkilir. Bu baxımdan, 123,9 kilometrlik Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunu, həmçinin 110, 4 kilometrlik Horadiz–Ağbənd dəmir yolunu qeyd etmək olar. Bütün bunlar Azərbaycanın tranzit potensialını ar­tırmaqla yanaşı, beynəlxalq yüklərin də ölkəmizin ərazisindən keçməsini təmin edəcək. Bundan əlavə, ölkədə istehsal olunan məhsulların dünya limanlarına, dünya ölkələrinə çatdırıl­masını asanlaşdıracaq. Eyni zaman­da, Naxçıvanla birbaşa əlaqə yaradı­lacaq.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat