"Vest Hem" UEFA Konfrans Liqasının qalibi olub

post-img

UEFA Konfrans Liqasında 2022-2023-cü illər mövsümünün qalibi müəyyənləşib. Belə ki, turnirin finalında İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları qarşılaşıblar. "Anadolu" agentliyinin məlumatına görə, Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən görüşdə İngiltərə təmsilçisi rəqibi 2:1 hesabı ilə məğlub edib. 

Bununla da, London təmsilçisi UEFA Konfrans Liqasının da qalibi olub.

Qeyd edilir ki, ilk qolu 62-ci dəqiqədə "Vest Hem"in futbolçusu Səid Benrahma vurub. Əlcəzairli hücumçu 11 metrlik cərimə zərbəsini (penalti) dəqiq yerinə yetirib. Cəmi 5 dəqiqə sonra "Fiorentina" tarazlığı bərpa edib. Cakomo Bonaventura hesaba tarazlıq gətirib. Lakin matçın taleyini 90-cı dəqiqədə Carrod Bouenin vurduğu qol həll edib.

Qeyd edək ki, UEFA Konfrans Liqası turnirinin ilk qalibi ötən il İtaliyanın "Roma" klubu olub.

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman