Yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar

post-img

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatını uğurla başa vuran yunan-Roma güləşçilərimiz artıq vətəndədirlər. Belə ki, güləşçilərimiz bu gün səhər saatlarında  Vətənə qayıdıblar.

Qeyd edək ki, idmançıları Heydər Əliyev adına Hava Limanında ölkənin idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, jurnalistlər və onları dəstəkləyən  azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Həsrət Cəfərov (67 kq) və Ülvi Qənizadə (72 kq) Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olublar. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar. Ümumilikdə, 6 medal qazanan yunan-Roma güləşçilərimiz Avropa çempuionatını ikinci pillədə başa vurublar. 

Onu da əlavə edək ki, daha əvvəl Avropa çempionatında ölkəmizi uğurla təmsil edən sərbəst güləşçilərimiz də 6 medal qazanıblar. Millimiz qitə birin¬ciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medalla Avropa çempionu olub. Yığmanın  üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıblar.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman