“Murov” və “Azərreyl” ilk matçda qələbə qazanıblar

post-img

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb. Yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə  UNEC-lə qarşılaşıb. 

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Abşeron” - “Murov” matçı  qonaqların 29:27 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:18 hesabı ilə “Abşeron” qalib gəlsə də, “Murov” komandası növbəti hissələri 25:19 və 25:18 hesabları ilə öz xeyrinə başa vuraraq matçın qalibi olub - 3:1. Beləliklə, “Murov” yarımfinalın ilk oyununda qələbə qazanıb. 

Voleybol Mərkəzində təşkil olunan yarımfinalın digər matçında “Azərreyl”lə UNEC üz-üzə gəlib. Bu oyun əsas mərhələni lider kimi başa vuran “Azərreyl”in üstünlüyü ilə keçib. Setlərdə 25:7, 25:14 və 25:17 hesabları ilə qalib gələn Eldar Yusubovun yetirmələri quru hesablı qələbəni rəsmiləşdiriblər.

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Elçin ABBASOV,

“Xalq qəzeti”









İdman