Afinada tarix yazmış azərbaycanlı hakim

post-img

Olimpiyaqabağı il olan 2023-cü ilin start ayları hiss edilmədən finişə çatmışdır. Paris Olimpiadası – 2024-ə lisenziya xarakterli yarışlarla zəngin olan belə bir mühüm ildə Azərbaycanda boksun inkişafında, təbliğində və uğurlarında böyük xidmətləri olmuş görkəmli mütəxəssis, 2012-ci ildə 64 yaşında qəfil ölümlə üzləşib, məşhurluğunun getdikcə artdığı bir vaxtda həyatla vidalaşmış beynəlxalq dərəcəli hakim Niftalı Quliyev də çox olimpiya həyəcanı və sevinci yaşamışdı.

Azərbaycan boks məktəbinin ən layiqli yetirmələrindən biri kimi tanın­mış Niftalı müəllim əsl idman adamı idi, beynəlxalq idman dairələrində yaxşı nüfuz qazanmışdı. Xüsusən də rinqdə yüksək səviyyəli hakimliyi ilə bu ağır, böyük cəsarət və mərdlik tələb edən idman növünün pərəstiş­karları və mütəxəssislərinin diqqətini özünə cəlb etməyi bacarmışdı. 

İdmanda yoluna Sumqayıtda baş­layan N. Quliyevin hakimliyinin zirvəsi 2004-cü ildə Afinada keçirilmiş XXVlll Yay Olimpiya Oyunları oldu. Həmin il həmvətənimizə hər hansı bir başqa ölkədə, şəhərdə yox, müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhərində Olimpiadanın boks yarış­larında hakimlik etmək kimi yüksək etimad göstərilmişdi. Bununla da o, olimpiya rinqində görüşləri idarə edən ilk təmsilçimiz olub, tarix yazdı. Olim­piya oyunlarının boks yarışlarında ilk azərbaycanlı hakim olmaq böyük xoş­bəxtlik idi! 

Afinadan Bakıya Olimpiadanın ən yaxşı hakimlərindən biri kimi qayı­dan Niftalı müəllim, üstəlik də, uzaq ölkədə ikiqat sevinc hissi keçirmişdi. Onun iki həmyerlisi Ağası Məmmədov və Fuad Aslanov Olimpiadanın bü­rünc mükafatçıları olmuşdular. Buna qədər ölkəmizin dəri əlcək ustaları Olimpiya oyunlarında yalnız bir bü­rünc medal qazana bilmişdilər. Avst­raliyanın Sidney şəhərində keçirilmiş Olimpiada – 2000-də Vüqar Ələk­bərov fərqlənmişdi. İndi isə Azərbay­can birdən-birə iki medala və olimpiya rinqində hakim rolunda ilk nümayən­dəmizin uğuruna sevinmişdi.

Olimpiadadan bir il sonra azərbay­canlı hakimin Çin Xalq Respublikası­nın paytaxtı Pekində keçirilən dünya çempionatı görüşlərini idarə etmiş 64 nəfər arasında ən yaxşı hakim seçil­məsi isə onun yüksək peşəkarlığının Beynəlxalq Boks Federasiyasında yekdilliklə etirafı idi. Sonralar neçə-neçə mötəbər turnirdə, Avropa çempi­onatında da dəqiq hakimliyinə, obyek­tivliyinə heç bir şübhə yeri qoymadı.

Artıq 11 ildir ki, əbədiyyətə qovuş­muş Niftalı Quliyev həyatı Azərbaycan çempionu, SSRİ idman ustası, res­publikamızın Əməkdar bədən tərbiyə­si və idman xadimi, Fəxri bədən tər­biyəsi və idman işçisi, pedaqoji elmlər namizədi kimi tərk etmişdir.

Unudulmaz hakimimiz haqqında yazıya həmkarım Ceyran Fikrətqızı­nın 2008-ci ildə “Şuşa” nəşriyyatında çap olunmuş və N. Quliyevin 60 illiyinə həsr edilmiş “Mənalı ömrün akkord­ları” kitabından bir məqamı da əlavə etmək yerinə düşər. Geniş həcmli ki­tabda dünya boksunda ən hörmətli mütəxəssislərdən biri, uzun illər ərzin­də Azərbaycan Boks Federasiyasına rəhbərlik etmiş, Milli Olimpiya Komitə­sinin baş katibi kimi də çox səmərəli fəaliyyət göstərmiş akademik Ağacan Abiyevin qələmindən çıxmış qeydlər­də belə bir fikir də ifadə olunub: “O, həm alim, həm məşqçi, həm də bey­nəlxalq dərəcəli hakim kimi özünü doğrultmuşdur”. 

P.S. Deyəsən, 2005-ci, bəlkə də 2006-cı il idi. Azərbaycan İdman Jur­nalistləri Assosiasiyası ənənə üzrə respublikamızda ilin ən yaxşı idman­çılarını, mütəxəssislərini, jurnalistlərini “Avropa” hotelinə – qaliblərin mükafat­landırılması mərasiminə dəvət etmiş­di. Tədbirdə assosiasiyanın prezidenti Eldar İsmayılov N. Quliyevin ilin ən yaxşı hakimi seçildiyini elan etdikdə iştirakçılar onun növbəti uğuruna öz uğurları kimi sevinib alqışlarını əsir­gəmədilər. 

Onda hamımız bir daha əmin ol­duq ki, Niftalı Quliyevin idman ictima­iyyətimiz arasında hörməti, həqiqətən, çox böyükdür.

Ruhu şad olsun!

 

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman